Xırdalanın nəqliyyat sistemində yenilik; nələr dəyişəcək? – AÇIQLAMA

Xırdalan şəhərinin nəqliyyat infrastrukturu ilə bağlı açıqlanan məlumatlar göstərir ki, şəhərin yol şəbəkəsi ciddi problemlərlə üzləşir. Xüsusilə daxili yolların vəziyyəti, magistral yollara giriş-çıxış nöqtələrində yaranan sıxlıq və nəqliyyat əlaqələrinin zəifliyi sakinlərin gündəlik hərəkətini çətinləşdirir.
Bəs Xırdalanın nəqliyyat problemlərini həll etmək, tıxacları azaltmaq və şəhərin yol infrastrukturunu yaxşılaşdırmaq üçün hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı Avtosfer.az-a açıqlamasında bildirib ki, Xırdalanın nəqliyyat problemlərinin həlli istiqamətində nəzərdə tutulan iki layihə mövcud çətinliklərin aradan qaldırılmasına yönəlib:

“İlk növbədə dəmir yolu xəttinin altından keçidlərin sayının artırılması vacibdir. Hazırda mövcud keçid sürücülərin tələbatını tam ödəmir. Sürücülər həm uzun məsafə qət etməli, həm də keçiddən istifadə etmək üçün növbə gözləməli olurlar. Bu isə sıxlığa və əlavə risklərin yaranmasına səbəb olur.
Problemin aradan qaldırılması üçün əlavə iki tunelin tikintisi nəzərdə tutulur. Eyni zamanda, yol ötürücüsünün inşasına da ehtiyac var. Mövcud yolların yenidən təhlil edilməsi və yol şəbəkəsinin şaxələndirilməsi də olduqca vacibdir.
Əsas hədəflərdən biri Xırdalan şəhərinin M1 və M4 magistral yollarına çıxışını təmin etməkdir. Bu məsələ hazırda xüsusi əhəmiyyət daşıyır. Çünki Xırdalan böyük şəhərdir və burada kifayət qədər insan yaşayır. Təəssüf ki, şəhərdə ev alaraq məskunlaşan insanlar bir neçə aydan sonra buradan köçməyə çalışırlar.
Bunun əsas səbəblərindən biri nəqliyyat əlaqələrinin qənaətbəxş olmamasıdır. İnsanlar çıxış yolunu şəxsi avtomobildə görürlər. Şəxsi avtomobillərin sayının artmasının nəticələri isə hər gün Bakı-Sumqayıt yolunda müşahidə olunan sıxlıq və tıxaclarda özünü göstərir”.
Ekspert əlavə olaraq qeyd edib ki, belə bir şəraitdə ictimai nəqliyyatın gücləndirilməsinə, Xırdalanın daxili yollarının genişləndirilməsinə və inkişaf etdirilməsinə böyük ehtiyac var:
“M1 və M4 magistrallarına giriş-çıxışlar rahat təşkil edilməlidir. Hazırda Xırdalanın Bakı-Sumqayıt yolu istiqamətində iki əsas girişi var: biri Xırdalan dairəsindən, digəri isə Vaz dairəsindən keçir.
Sultantafa dairəsi istiqamətində də giriş mövcuddur. Lakin həmin ərazidə sıxlıq və tıxaclar o qədər çox olur ki, sürücülər bu marşrutdan istifadə etməkdə çətinlik çəkirlər. Buna görə də bütün nəqliyyat axınını eyni istiqamətə yönəltmək əvəzinə, alternativ giriş-çıxış imkanlarının yaradılması vacibdir. Sözügedən layihələr həyata keçirilsə, M4 magistralı ilə Xırdalan şəhər mərkəzinin əlaqələndirilməsi müsbət nəticə verə bilər.
Bununla yanaşı, hərəkətin düzgün tənzimlənməsi, zolaqların ardıcıl və paralel saxlanılması, yollarda maneələrin aradan qaldırılması kimi əlavə tədbirlərə də diqqət yetirilməlidir. Əks halda, layihələr həyata keçirilsə belə, əvvəlki problemlərin yenidən yaranması mümkündür”.
Elməddin Muradlı hesab edir ki, Xırdalanın mövcud yol şəbəkəsi arzuolunan vəziyyətdə deyil:
Hazırda da Abşeron Rayon İcra Hakimiyyəti ərazidə qanunsuz tikintilərə göz yumub və bu proses davam edir. Şəhərdə xaotik tikinti aparılır, layihələndirmə və şəhərsalma prinsipləri lazımi səviyyədə tətbiq olunmur. Nəticədə tikililər plansız şəkildə artır, yollar daralır, nəqliyyatın hərəkəti çətinləşir və mövcud yollara düşən yük çoxalır.
Xırdalanda mənzil və torpaq qiymətləri nisbətən münasib olduğundan, maddi imkanı çatan insanlar burada ev və torpaq alaraq məskunlaşmağa çalışırlar. Lakin bir müddət sonra nəqliyyat sisteminin yaratdığı çətinliklər səbəbindən ərazidən köçmək barədə düşünürlər.
Avtobus zolaqlarının salınması, dəmir yolu nəqliyyatının daha da inkişaf etdirilməsi, yol şəbəkəsinin genişləndirilməsi və mövcud infrastrukturun təkmilləşdirilməsi Xırdalanın ümumi inkişafına müsbət təsir göstərə bilər.
Eltac Züflüqaroğlu
Səudiyyə Ərəbistanını husilərin hücumundan kim müdafiə edəcək? - POLİTOLOQ
Yeni qərardan sonra bağçalardakı yelləncək və sürüşkənlər söküləcək? – RƏSMİ AÇIQLAMA
Bakıda piyadaların təhlükəsizliyi üçün hansı dəyişikliklərə ehtiyac var? – DEPUTAT
Bakıxanovda nəqliyyat qovşağı və yeni iş yerləri yaradıla bilər? - TƏKLİF
Binədə Şəhidlər küçəsinin bərbad vəziyyət: Natəmizlik və yol problemi - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev: “Sülh hələ də kövrəkdir” - VİDEO
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat CƏRİMƏLƏNİR? - RƏSMİ CAVAB
ABŞ-nin İranla bağlı planı; sanksiyalar və hərbi müdaxilə? – POLİTOLOQ
Mərkəzi Asiyada yeni güc savaşı: Çin və Hindistanın planı nədir?
Bakıda piyada gəzmək niyə çətinləşir? – Şəhərin əsas problemi












