YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB

Türkiyə Respublikası Prezidentinin baş müşaviri Oktay Saralın və hakim Ədalət və İnkişaf Partiyasının (AKP) millət vəkillərinin Azərbaycanla bağlı səsləndirdikləri fikirlərə Yeni Azərbaycan Partiyasının (YAP) Mətbuat Xidməti münasibət bildirib.
Avtosfer.az xəbər verir ki, YAP-ın bəyanatında uzun müddətdir Türkiyənin bir sıra media orqanlarında və sosial şəbəkə platformalarında, o cümlədən AKP iqtidarına yaxınlığı ilə tanınan informasiya resurslarında Azərbaycan haqqında həqiqətə uyğun olmayan, qərəzli, böhtan və iftira xarakterli məlumatların yayıldığı qeyd olunub.
Bildirilib ki, YAP ilə AKP arasında mövcud tərəfdaşlıq münasibətləri, eləcə də Azərbaycan və Türkiyə xalqlarını birləşdirən tarixi qardaşlıq və dostluq bağları nəzərə alınaraq, indiyədək bu cür hallara münasibətdə təmkin nümayiş etdirilib. Məqsəd ayrı-ayrı dairələrin məsuliyyətsiz davranışlarının dövlətlər və xalqlar arasındakı münasibətlərə mənfi təsir göstərməsinin qarşısını almaq olub.
Lakin son dövrlərdə Azərbaycana qarşı yönəlmiş informasiya kampaniyasının daha aqressiv, sistemli və açıq böhtan xarakteri aldığı, xüsusilə Türkiyə Prezidentinin baş müşaviri statusunu daşıyan şəxsin və AKP-dən olan millət vəkillərinin bu kampaniyaya qoşulmasının məsələyə açıq münasibət bildirilməsini zəruri etdiyi vurğulanıb.
Bəyanatda Azərbaycan-İsrail münasibətlərinin məqsədli şəkildə təhrif olunması, bu əlaqələrə guya müstəsna xarakter verilməsi və bundan Azərbaycan əleyhinə siyasi ittihamlar irəli sürülməsi cəhdlərinin qətiyyətlə rədd edildiyi bildirilib. Qeyd olunub ki, Azərbaycan İsraillə beynəlxalq hüquq normalarına və qarşılıqlı maraqlara əsaslanan normal dövlətlərarası münasibətlərə malikdir.
Azərbaycanın Fələstin məsələsində mövqeyinin ardıcıl, aydın və prinsipial olduğu diqqətə çatdırılıb. Ölkəmizin Fələstin xalqının qanuni hüquqlarını daim dəstəklədiyi, Fələstinə maliyyə və humanitar yardımlar göstərdiyi bildirilib. Həmçinin Fələstin Prezidenti Mahmud Abbasın və Baş nazir Məhəmməd Mustafanın müxtəlif vaxtlarda Azərbaycana səfər etdikləri, Fələstin Dövlətinin Azərbaycandakı səfirliyinin fəaliyyətinin də Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə təmin olunduğu qeyd edilib.
Bildirilib ki, Prezident İlham Əliyev dəfələrlə ən yüksək beynəlxalq tribunalardan Azərbaycanın Fələstin məsələsinin beynəlxalq hüquq və BMT-nin müvafiq qətnamələri əsasında, Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olması şərtilə “iki dövlət” prinsipi əsasında həllini dəstəklədiyini bəyan edib. Azərbaycanın Qəzzada baş verən hadisələrlə bağlı mövqeyinin də humanitar dəyərlərə, mülki əhalinin müdafiəsinə və beynəlxalq hüquqa əsaslandığı vurğulanıb.
YAP-ın bəyanatında Azərbaycanın İslam dünyası ilə münasibətlərinin siyasi konyunkturaya deyil, qarşılıqlı hörmət, bərabərlik və həmrəylik prinsiplərinə söykəndiyi bildirilib. Ölkənin İslam həmrəyliyinin gücləndirilməsinə verdiyi töhfələrin müsəlman dövlətləri tərəfindən yüksək qiymətləndirildiyi, 2027-ci ildə Azərbaycanda İslam Əməkdaşlıq Təşkilatının növbəti Zirvə görüşünün keçirilməsinin nəzərdə tutulmasının da ölkəyə göstərilən beynəlxalq etimadın ifadəsi olduğu qeyd edilib.
Bəyanatda vurğulanıb ki, İslamın təməl prinsipləri sırasında ədalət, bərabərlik, qarşılıqlı hörmət və həmrəylik mühüm yer tutur. İslam dünyasında heç bir dövlətin digər müsəlman xalqlarına öz iradəsini diktə etmək, onların daxili işlərinə müdaxilə etmək və ya özünü digərlərindən üstün mövqedə görmək hüququ yoxdur. Müsəlman dünyasının birliyinə xidmət etmək iddiasının hegemonluq meyilləri ilə deyil, bərabərhüquqlu əməkdaşlıq və qarşılıqlı ehtiramla təsdiqlənməli olduğu bildirilib.
Azərbaycan xalqının tarixən imperializmə, müstəmləkəçiliyə və neokolonial yanaşmalara qarşı çıxdığı, bu prinsipial mövqenin bu gün də dəyişməz qaldığı diqqətə çatdırılıb.
YAP Türkiyə Prezidentinin baş müşaviri Oktay Saralın və AKP-dən olan millət vəkillərinin Azərbaycanın konstitusion quruluşunu və ölkədə dini etiqad azadlığının hüquqi əsaslarını nəzərə almadan populist və məsuliyyətsiz açıqlamalar verməsindən təəssüf ifadə edib. Belə açıqlamaların Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin ruhuna zidd olduğu və ictimai müstəvidə süni gərginlik yaratmağa xidmət edə biləcəyi bildirilib.
Qeyd olunub ki, Azərbaycan xalqı milli-mənəvi və dini dəyərlərinə tarix boyu böyük hörmətlə yanaşıb. Ölkədə dini etiqad azadlığı Konstitusiya ilə təmin olunur, dövlət bütün dinlərin nümayəndələrinə bərabər münasibət göstərir və dini müxtəlifliyi cəmiyyətin zənginliyi hesab edir.
Təhsil sahəsində tətbiq olunan qaydaların isə bərabərlik, dünyəvilik, qanunun aliliyi və bütün vətəndaşlar üçün bərabər imkanların təmin edilməsi prinsiplərinə əsaslandığı vurğulanıb. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, ölkəmiz dünyəvi dövlətdir və bu prinsip Türkiyə Respublikasının Konstitusiyasında da təsbit olunub. Bu səbəbdən Azərbaycanın dünyəvi dövlət quruluşunun və təhsil siyasətinin siyasi manipulyasiya predmetinə çevrilməsinin qəbuledilməz olduğu bildirilib.
Bəyanatda Türkiyədə dini və dünyəvi dəyərlər ətrafında aparılan siyasi müzakirələrin cəmiyyətdə qütbləşməni dərinləşdirdiyi qeyd olunub. Baş örtüyü kimi həssas məsələlərdən siyasi manipulyasiya və bölücülük vasitəsi kimi istifadənin nə Türkiyə xalqının birliyinə, nə də bütövlükdə müsəlman dünyasının həmrəyliyinə xidmət etdiyi vurğulanıb. Bu məsələlərdən Azərbaycana qarşı siyasi təzyiq vasitəsi kimi istifadə olunması yolverilməz hesab edilib və AKP iqtidarı bu siyasətdən çəkinməyə çağırılıb.
YAP, həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəxsiyyətinə qarşı ayrı-ayrı informasiya resurslarında səsləndirilən təhqir, böhtan və iftira xarakterli fikirlərin Azərbaycan ictimaiyyətində haqlı hiddət doğurduğunu bildirib.
Bəyanatda vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi “Bir millət, iki dövlət” prinsipi Azərbaycan-Türkiyə münasibətlərinin mənəvi və siyasi təməlini təşkil edir. Bununla belə, tarixi ifadənin mahiyyətinin təhrif edilməsinə yol verilməməlidir. Burada söhbət bir millətdən və iki müstəqil dövlətdən gedir. Bu prinsip heç bir halda bir dövlətin digərinin daxili işlərinə müdaxilə etməsinə, öz siyasi və ideoloji yanaşmalarını ona qəbul etdirməsinə əsas vermir.
Azərbaycan xalqının əsrlər boyu müstəqillik arzusu ilə yaşadığı, öz dövlətçiliyini bərpa etdiyi və hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil daxili və xarici siyasət həyata keçirən suveren dövlətdə yaşadığı qeyd olunub.
Sonda Yeni Azərbaycan Partiyası AKP təmsilçilərini, xüsusilə yüksək dövlət vəzifələri tutan şəxsləri açıqlamalarında siyasi məsuliyyət nümayiş etdirməyə, Azərbaycan Respublikasının suverenliyinə, konstitusion quruluşuna və daxili işlərinə hörmətlə yanaşmağa çağırıb.
YAP Türkiyənin müvafiq siyasi dairələrinin bu cür məsuliyyətsiz açıqlamalardan düzgün nəticə çıxaracağına və Azərbaycan-Türkiyə münasibətlərinə zərər verə biləcək addımlardan çəkinəcəyinə ümidvar olduğunu bildirib.
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?












