Yeni tunellər Bakını xilas edəcək? - AÇIQLAMA

"Bakıda planlaşdırılan yeni tunellərin əsas məqsədi şəhərin ən kritik “dar boğaz” nöqtələrində nəqliyyat axınını fasiləsiz etməkdir. Şəhərdə sıxlığın əsas səbəblərindən biri odur ki, fərqli istiqamətlərdən gələn avtomobil axınları eyni səviyyədə, yəni işıqforlarda və yol kəsişmələrində bir-birinə qarışır. Tunel isə bu axınları bir-birindən ayıraraq nəqliyyatı yeraltı alternativ marşrutla yönləndirir. Nəticədə həm işıqfor yükü azalır, həm də avtomobillər dayanıb-gözləmədən daha rahat hərəkət edə bilir". Avtosfer.az xəbər verir ki, bu fikirləri redaktor.az-a açıqlamasında nəqliyyat eksperti Adil Nəbiyev səsləndirdi.
Onun sözlərinə görə, Bakıda xüsusilə “20 Yanvar”, “Koroğlu”, “Gənclik”, “Şamaxinka” və “Excelsior” ətrafı kimi ərazilərdə sıxlığın əsas problemi odur ki, çox sayda avtomobil qısa məsafədə eyni nöqtəyə yığılır:
"Tunel tikildikdə həmin axının bir hissəsi yeraltına keçirilir və səthdəki yolun yükü azalır. Bu da nəzəri olaraq tıxac müddətini azalda, orta hərəkət sürətini artıra və ictimai nəqliyyatın daha rahat işləməsinə kömək edə bilər. Tunellərin digər əsas məqsədi şəhərdə fasiləsiz hərəkət koridoru yaratmaqdır. Yəni sürücü bir istiqamətdən digərinə keçərkən hər bir neçə yüz metrdən bir işıqforda dayanmalı olmasın. Bəzi hallarda tunel əsas prospektləri birbaşa birləşdirərək avtomobilləri səthdəki qarışıqlığa salmadan ötürür. Bu isə xüsusilə pik saatlarda ciddi vaxt qənaəti yarada bilər".
Müsahibimiz əlavə etdi ki, tunellər təkcə avtomobillər üçün deyil, ümumi şəhər logistikasına da təsir edir:
"Tıxac azaldıqda avtobusların gecikməsi azalır, təcili yardım və yanğınsöndürən kimi xüsusi xidmət avtomobillərinin hərəkəti sürətlənir. Eyni zamanda yanacaq sərfiyyatı və boş yerə işləyən mühərriklərin yaratdığı hava çirklənməsi müəyyən qədər azalır. Çünki ən böyük yanacaq itkisi avtomobil hərəkətdə olanda deyil, dayanıb yenidən sürət yığanda yaranır. Ancaq vacib məqamlardan biri də budur ki, tunel təkbaşına bütün nəqliyyat problemini həll etmir. Dünyanın bir çox şəhərində müşahidə olunub ki, yeni yol və tunel istifadəyə veriləndə ilk illərdə rahatlıq yaranır, lakin zaman keçdikcə avtomobil sayı daha da artır və həmin tunel yenidən yüklənir. Buna “induced demand”, yəni əlavə yolun əlavə avtomobil axını yaratması effekti deyilir. İnsanlar yolun rahatlaşdığını gördükcə şəxsi avtomobildən istifadəyə daha çox üstünlük verməyə başlayırlar. Məhz buna görə tunellərin effektiv olması üçün paralel şəkildə ictimai nəqliyyat da inkişaf etdirilməlidir".
.jpg)
Ekspertin sözlərinə görə, metro xətlərinin genişlənməsi, avtobus zolaqlarının düzgün təşkili və şəhərətrafı nəqliyyat sisteminin gücləndirilməsi olmadan təkcə tunel tikməklə uzunmüddətli həll əldə etmək çətin olar.
"Dünyada ən uğurlu şəhərlər yol infrastrukturunu ictimai nəqliyyatla birlikdə inkişaf etdirən şəhərlər hesab olunur. Bakıda planlaşdırılan tunellərin müsbət tərəfi odur ki, onlar bəzi kritik nöqtələrdə hərəkəti həqiqətən xeyli rahatlaşdıra bilər. Xüsusilə alternativ keçid olmayan yerlərdə tunel böyük fərq yaradır. Amma mənfi tərəfləri də var. Tikinti dövründə uzun müddət əlavə sıxlıq, səs-küy və hərəkət məhdudiyyəti yarana bilər. Üstəlik, tunellərin tikintisi çox baha başa gəlir və mühəndislik baxımından olduqca mürəkkəb layihələr sayılır. Ümumilikdə isə məqsəd Bakıda avtomobil axınını daha sürətli, fasiləsiz və təhlükəsiz etməkdir. Əgər bu layihələr düzgün planlaşdırılsa və ictimai nəqliyyat islahatları ilə birlikdə həyata keçirilsə, şəhərdə gündəlik tıxacların müəyyən hissəsini azaltmaq mümkün ola bilər", - deyə A.Nəbiyev yekunlaşdırdı.
Türkiyə-İsrail münasibətinin yenidən pisləşməsinin səbəbi nədir? – Politoloq AÇIQLADI
Prezident sənəd imzaladı - Bu şəxslərə ŞAD XƏBƏR
İran-İsrail gərginliyi artır; yanacaq bahalaşa bilər? – Ekspertdən AÇIQLAMA
Sürücülərə vacib xəbər - 16 iyundan etibarən yeni qayda qüvvəyə minir
Velosiped və skuter sürücülərinə xəbərdarlıq edildi: piyadalar üçün təhlükəyə çevrilir
Avtovağzalın “Google Maps”ə inteqrasiyası nəyi dəyişəcək? – EKSPERT
Yasamalda sökülən ərazilərdə bəzi evlərin memarlıq üslubu necə fərqlənir? - FOTO
Bu avtomobillərdə kritik təhlükəsizlik problem; kütləvi yoxlama başladı
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - Sürücülərin diqqətinə!
Azərbaycanda bir qrup şəxsə güzəştli kreditlər veriləcək - FƏRMAN
KFC və “McDonald's”larda müştərilərə niyə çiy və köhnəlmiş qidalar verilir? – EKSPERT RƏYİ










