"50-60 min manat lazım idi" - 7 körpənin öldüyü Perinatal Mərkəzin sabiq direktoru

Xəbərlər 25 Fevral 2026 11:41
"50-60 min manat lazım idi" - 7 körpənin öldüyü Perinatal Mərkəzin sabiq direktoru
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Respublika Perinatal Mərkəzində baş verən yanğınla bağlı məhkəmə prosesi davam etdirilib.

Avtosfer.az unikal-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Mehriban Abasquliyeva ifadə verib. 

Onun sözlərinə görə, Perinatal Mərkəz TƏBİB və İcbari Tibbi Aığorta üzrə Dövlət Agentliyindən maliyyələşdirildiyi üçün büdcə ilə bağlı təklif verə bilməyib. Ona görə də O, mərkəzdə olan yararsız avadanlıqları şəxsi hesabına təmir etdirib:

"Mərkəzin qazanxanası yararsız halda olduğu üçün onu təmir etdirdim. Havalandırma sistemi işləmirdi deyə, karbon qazı artmışdı. Bu da xəstələrin səhhətinə mənfi təsir edirdi. Hamısını yenilədik. Mərkəzə 20 kiloqramlıq paltaryuyan aldıq. Mərkəzin dam örtüyü də bərbad halda idi və onu da təmir etdirdik, generatorları yenilədik. Bütün bunların hamısın öz hesabıma etdirmişəm".

M Abasquliyeva bildirib ki, onun əmək haqqısı 6 min 549 manat olub:

"Mərkəzin yanğın-siqnalizasiya xidməti işləmirdi. Buna görə 50-60 min manat pul lazım idi. Avtomatik yanğın söndürmə işlərinin olmaması barədə TƏBİB-ə məlumat vermişdim. Mən vəzifəyə təyin ediləndən sonra həmin qurğuları təmir etdirmişəm".

Məhkəmənin növbəti iclası martın 4-nə təyin edilib.

Qeyd edək ki, bu il yanvarın 9-da Respublika Perinatal Mərkəzində PHŞ-nin inzibati binasında baş vermiş yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.

Bundan başqa, Mehriban Abasquliyevanın 2022-ci il dekabrın 27-də Mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Eyni zamanda istintaqla Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən Mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları, xüsusən də, mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması və elektrik təsərrüfatında nöqsanların olması Mərkəzin rəhbərliyinə bildirilsə də, direktor və Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapeya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib.

Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.

Oxunub : 102
ŞƏRH YAZ
Ad

E-mail

Şərh