Banner

Astanada qatarları maşinistlər deyil, avtomatlaşdırılmış sistem idarə edir - FOTO

Xəbərlər 20 Sentyabr 2026 13:50
Astanada qatarları maşinistlər deyil, avtomatlaşdırılmış sistem idarə edir  - FOTO
WhatsApp kanalımıza abunə olun

Qazaxıstanın paytaxtında beynəlxalq hava limanını, şəhərin əsas rayonlarını və “Nurly Jol” dəmir yolu vağzalını birləşdirən Tarlan Astana yüngül relsli şəhər nəqliyyatı sistemi fəaliyyət göstərir.

Avtosfer.az xəbər verir ki, “Tarlan Astana”nın ilk xəttində sərnişindaşıma 2026-cı il mayın 16-da başlayıb. Həmin vaxtdan fəaliyyət göstərən sistem hazırda paytaxtın ictimai nəqliyyat şəbəkəsinin bir hissəsidir və hər gün on minlərlə sərnişin daşıyır.

Sistemin əsas xüsusiyyətlərindən biri qatarların tam avtomatlaşdırılmış rejimdə hərəkət etməsidir. Qatarlar maşinistsiz hərəkət edir, sistem isə onların hərəkətini, sürətlənməsini, tormozlanmasını və qapıların açılıb-bağlanmasını avtomatik idarə edir.

“Tarlan Astana” nın uzunluğu 22 kilometrdən çox olan birinci xətti 18 stansiyanı əhatə edir. Xətt üzrə 15 qatar hərəkət edir, daha 4 qatar isə ehtiyatda saxlanılır.

“Bir qatarın tutumu 600 nəfərdir, qatarların orta sürəti isə saatda 60 kilometr təşkil edir. Sistem istifadəyə verildiyi 2026-cı il mayın 16-dan indiyədək təxminən 8 milyon sərnişin daşımışıq”, - deyə “Nazirliklər evi” stansiyasının rəisi Bauırjan Medralı bildirib.

Onun sözlərinə görə, yüngül relsli nəqliyyatın əsas üstünlüklərindən biri hərəkətin avtomobil yollarındakı tıxaclardan asılı olmamasıdır.

“Marşrutumuzun əsas xüsusiyyəti dəqiq hərəkət qrafiki və tam avtomatlaşdırılmış sistemdir. Qatarlar maşinistsiz hərəkət edir. Qatarlar arasındakı interval təxminən 4-5 dəqiqədir. Yəni sərnişin qatarı orta hesabla 4-5 dəqiqə gözləyir”, - deyə o qeyd edib.

“Tarlan Astana” GoA4 texnologiyası əsasında fəaliyyət göstərir. Bu, dəmir yolu nəqliyyatında avtomatlaşdırmanın ən yüksək - dördüncü səviyyəsidir. Sistem qatarların hərəkətini, sürətlənməsini, tormozlanmasını və qapıların açılıb-bağlanmasını avtomatik idarə edir. Eyni zamanda, sistemin işinə dispetçer mərkəzindən nəzarət olunur və zərurət yarandıqda əl ilə idarəetmə imkanı da nəzərdə tutulub.

Sərnişinlər gedişhaqqını müxtəlif üsullarla ödəyə bilərlər. Stansiyalarda quraşdırılan bilet satış avtomatlarından birdəfəlik bilet almaq, nəqliyyat kartı əldə etmək və ya onun balansını artırmaq mümkündür.

“Gedişhaqqını nağd şəkildə, bank kartı və ya mobil ödəniş vasitəsilə ödəmək olar. Sərnişinlər, həmçinin növbə gözləmədən QR-kod vasitəsilə bilet alaraq turniketdən keçə bilərlər”, - deyə Bauırjan Medralı bildirib.

Sərnişinlər yeni nəqliyyat növünün əsas üstünlükləri sırasında sürət və rahatlığı qeyd edirlər.

“Mən LRT-dən fəal istifadə edirəm. Bu nəqliyyat şəhərin bir hissəsindən digərinə daha sürətli çatmağa imkan verir. Avtobusla yol təxminən yarım saat çəkdiyi halda, LRT ilə eyni məsafəni 5-10 dəqiqəyə qət etmək mümkündür”, - deyə sərnişin Aynur Kojaxmetova bildirib.

Bütün xətt üzrə səfər təxminən 40 dəqiqə çəkir. “Tarlan Astana”dan hər gün 70 mindən çox sərnişin istifadə edir.

Sistem Astananın iqlim şəraitinə, o cümlədən qış aylarında müşahidə olunan son dərəcə aşağı temperaturlara uyğunlaşdırılıb. Səs-küy və vibrasiyanın azaldılması üçün birləşməsiz relslərdən, vaqonların gücləndirilmiş izolyasiyasından və rezin elementlərlə təchiz olunan xüsusi təkərlərdən istifadə edilir.

“Tarlan Astana” yüngül relsli nəqliyyat sisteminə verilmiş rəsmi addır. Bundan əvvəl LRT ifadəsi nəqliyyat növünün və layihənin texniki adı kimi istifadə olunurdu, sistemin ayrıca rəsmi adı yox idi.

“Тarlan” sözü qazax tarixi-mədəni ənənəsində güc, azadlıq, sürət, dözümlülük və nəciblik kimi anlayışlarla assosiasiya olunur.

Birinci xətt gələcəkdə yüngül relsli nəqliyyat şəbəkəsinin genişləndirilməsi üçün baza hesab olunur. Sistemin ikinci mərhələsinin inkişafı çərçivəsində ümumi uzunluğu təxminən 26,5 kilometr olan və 20 stansiyanı əhatə edəcək yeni istiqamətlərin yaradılması nəzərdən keçirilir. (Azərtac)

Oxunub : 158
ŞƏRH YAZ
Ad

E-mail

Şərh