Azərbaycan BTİ-də ardıcıl dördüncü dəfə təmsil olunacaq - FOTO

16 noyabr tarixində Doha şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Səlahiyyətli Konfransı çərçivəsində keçirilmiş seçkilərdə Azərbaycan Respublikası BTİ-nin Şurasının 2027–2030-cu illər üzrə üzvlüyünə, həmçinin AZCON Holding-in strukturuna daxil olan Azərbaycan Kosmik Agentliyinin (Azərkosmos) əməkdaşı Sitarə Mehdiyeva təşkilatın Radio Tənzimləmə Komitəsinin (RTK) 2027–2030-cu illər üzrə üzvlüyünə seçilib.
Avtosfer.az xəbər verir ki, seçkilər ciddi beynəlxalq rəqabət şəraitində keçirilib. BTİ-yə üzv olan 194 ölkədən 48-i təşkilatın Şurasına üzv seçilir. Azərbaycan təmsil olunduğu Şərqi Avropa və Şimali Asiya regionu üzrə ən yüksək səs toplayaraq 129 səslə BTİ Şurasına üzv seçilib.
BTİ-nin Radio Tənzimləmə Komitəsinə (RTK) keçirilən seçkilərdə isə 194 ölkə arasından yalnız 12 ölkənin nümayəndəsi təmsilçilik hüququ qazanıb. Azərbaycan bu seçkilərdə də öz qrupunda ən yüksək səs toplayaraq 111 səslə RTK-ya üzv seçilib.
Beləliklə, Azərbaycan hər iki seçkidə təmsil olunduğu region üzrə ən yüksək səs toplayaraq BTİ-nin hər iki idarəetmə orqanında təmsil olunmaq hüququ qazanıb.
BTİ qlobal radiotezliklərin bölüşdürülməsini, peyk orbitlərini və informasiya-kommunikasiya texnologiyaları üzrə beynəlxalq texniki standartları idarə edən ixtisaslaşmış beynəlxalq təşkilatdır.
1992-ci ildən BTİ-nin üzvü olan ölkəmiz 2014, 2018 və 2022-ci illərdə ard-arda Şuraya, 2018 və 2022-ci illərdə isə RTK-ya üzv seçilib və bu illər ərzində təşkilatın fəaliyyətində fəal iştirak edir.
Azərbaycanın BTİ Şurasına ardıcıl dördüncü dəfə üzv seçilməsi və təqdim etdiyi namizədin Radio Tənzimləmə Komitəsində təmsil olunmaq hüququ qazanması beynəlxalq telekommunikasiya ictimaiyyətinin ölkəmizə göstərdiyi etimadın göstəricisidir.
BTİ Şurasında təmsilçilik ölkəmizə təşkilatın strateji prioritetlərinin və fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsində, mühüm qərarların qəbulunda, eləcə də qlobal rəqəmsal gündəliyin formalaşdırılmasında birbaşa iştirak etmək imkanı yaradır. Radio Tənzimləmə Komitəsində təmsilçilik isə radiotezlik və peyk orbitlərinin tənzimlənməsi, radio spektrindən səmərəli istifadə və müvafiq beynəlxalq normativ çərçivənin təkmilləşdirilməsi proseslərində Azərbaycanın mövqeyinin və maraqlarının daha effektiv şəkildə təmsil olunmasına xidmət edəcək.
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev



















