Azərbaycan və Rusiya rəsmiləri Zəngilanda - YENİLƏNİB

Aprelin 16-da Zəngilan şəhərində Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclası keçirilib.
Avtosfer.az xəbər verir ki, Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfindən sədri, Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və Hökumətlərarası Komissiyanın Rusiya tərəfindən sədri, Rusiya Federasiyası hökumətinin sədr müavini Aleksey Overçukun sədrliyi ilə keçirilən iclasda hər iki ölkənin müvafiq dövlət strukturlarının rəhbərləri və səlahiyyətli nümayəndələri iştirak ediblər.
İclasda Komissiyanın Azərbaycan tərəfdən həmsədri Şahin Mustafayev çıxış edərək azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri barədə ətraflı məlumat verib. Ş.Mustafayev bildirib ki, işğal dövründə tamamilə dağıdılmış infrastruktur hazırda müasir standartlara uyğun şəkildə bərpa olunur, yollar, körpülər, tunellər, inşa edilir, yaşayış və sosial obyektlər yaradılır.
Baş nazirin müavini bildirib ki, Azərbaycan Respublikası Rusiya Federasiyası ilə münasibətdə mehriban qonşuluq, qarşılıqlı anlaşma və bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə sadiqdir.
Qeyd olunub ki, ikitərəfli əməkdaşlığın ardıcıl və dinamik inkişafı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən həyata keçirilən siyasi iradə və strateji kursla müəyyən olunur. Xüsusilə 2022-ci ildə imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin ikitərəfli münasibətlərə mühüm impuls verdiyi vurğulanıb.
***
Bu gün Zəngilan şəhərində Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclası keçirilir.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, iclas çərçivəsində iki ölkə arasında ticarət-iqtisadi əlaqələrin mövcud vəziyyəti və inkişaf perspektivlərinin müzakirəsi nəzərdə tutulur.
Görüşdə ticarət dövriyyəsinin artırılması, sənaye kooperasiyası, nəqliyyat-logistika, energetika, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri əsas müzakirə mövzuları olacaq.
Hökumətlərarası Dövlət Komissiyasının həmsədrləri Azərbaycan və Rusiyanın baş nazirlərinin müavinləri Şahin Mustafayev və Aleksey Overçukdur.
Bununla yanaşı, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə əməkdaşlığın inkişafı, tranzit imkanlarının artırılması və regional layihələrdə qarşılıqlı iştirak məsələlərinin də gündəlikdə yer alacağı gözlənilir.
İclasın yekununda tərəflər arasında iqtisadi əməkdaşlığın müxtəlif istiqamətlərini əhatə edən sənədlərin imzalanması planlaşdırılır.
Komissiyanın 23-cü iclası 2025-ci il avqust 22-də Rusiyanın Həştərxan şəhərində keçirilib.
***14:14
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökümətlərarası Dövlət Komissiyasının 24-cü iclasının iştirakçıları Zəngilan şəhərinə gəliblər.
Avtosfer.az AZƏRTAC-a istinadən xəbər verir ki, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev hər iki tərəfin nümayəndə heyətinə Zəngilan şəhəri barədə ətraflı məlumat verib.
Qeyd olunub ki, artıq Zəngilanda bir çox yenidənqurma işləri görülüb. Zəngilan şəhərində 2-ci, 3-cü, 4-cü yaşayış komplekslərinin, uşaq bağçasının təməli qoyulub. Zəngilan Konqres Mərkəzi Kompleksinin açılışı olub. Oxçuçayın rayon ərazisindən keçən hissəsində tikilmiş "Cahangirbəyli" Su Elektrik Stansiyası istismara verilib. Heydər Əliyev Fondu tərəfindən Zəngilan şəhər məscidi inşa edilib. Kənd meydanında Dövlət Xidmətləri Mərkəzi yaradılıb.
Tədbir iştirakçıları görülmüş işlərlə yaxından tanış olublar.
***
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclasının iştirakçıları aprelin 16-da Zəngilan rayonuna səfər ediblər.
Avtosfer.az AZƏRTAC-a istinadən xəbər verir ki, Zəngilan Beynəlxalq Hava Limanında qonaqları Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları qarşılayıblar.
İclas iştirakçıları əvvəlcə Zəngilan rayonunun Ağalı kəndi ilə tanış olublar.
Məlumat verilib ki, Ağalı kəndində "ağıllı kənd" layihəsi çərçivəsində genişmiqyaslı bərpa və tikinti işləri həyata keçirilib. 2022-ci il mayın 27-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilana "ağıllı kənd" layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində iştirak ediblər. 2022-ci il iyulun 19-da Ağalı kəndinə əhalinin köçürülməsinə başlanılıb. Böyük Qayıdışın başlanğıcı olan bu proses yaddaqalan hadisə kimi tarixə düşüb.
Diqqətə çatdırılıb ki, kəndin bütün evlərinə müasir kommunikasiya xətləri çəkilib, qazlaşdırma tam təmin olunub, hər bir ev kombi sistemi ilə təchiz edilib. Bununla yanaşı, ərazidə yol və səkilərin abadlaşdırılması, ictimai binaların və infrastruktur obyektlərinin istifadəyə hazırlanması istiqamətində də işlər görülüb.
Qeyd edək ki, Hökümətlərarası Dövlət Komissiyasının 24-cü iclasına Azərbaycan tərəfdən baş nazirin müavini Şahin Mustafayev, Rusiya tərəfdən isə baş nazirin müavini Aleksey Overçuk həmsədrlik edəcəklər. İclasa hər iki ölkənin müvafiq nazirlik və qurumlarının nümayəndələri qatılacaqlar.
Prezident İlham Əliyev Cəbrayıla səfər etdi - FOTO - YENİLƏNİB
Bakıda bu marşrutların istiqaməti dəyişdi - SƏBƏB
Bu maşınlar operativ nəqliyyat vasitələri hesab ediləcək - Prezident təsdiqlədi
DTX-nin axtardığı Xətayi KİMDİR? - DOSYE+FOTO
Bu qurumlar "Bakı Metropoliteni"nə birləşdirildi - RƏSMİ
Bir qrup mədəniyyət xadiminə Prezidentin fərdi təqaüdü veriləcək
Bir ixtisas üzrə QƏBUL DAYANDIRILDI - DİQQƏT
Prezident İrəvandakı tədbirdə onlayn çıxış etdi - FOTOLAR - YENİLƏNİB
Hikmət Hacıyev diplomatik korpus üzvlərinin Qarabağa səfərindən görüntülər paylaşıb - VİDEO
İlham Əliyev onu təltif etdi - SƏRƏNCAM
Bayrağa hörmətsizlik etdi, cavabı ağır oldu - VİDEO








