Azərbaycanda bəy toydan sonra həbs edildi - DETALLAR

Xəbərlər 11 Avqust 2026 18:35
Azərbaycanda bəy toydan sonra həbs edildi - DETALLAR
WhatsApp kanalımıza abunə olun

Cəlilabad rayonunda 22 yaşlı oğlan sevgi münasibətində olduğu yetkinlik yaşına çatmayan qızla münasibətdə olmaqda ittiham edilib.

Avtosfer.az Demokrat.az-a istinadla xəbər verir ki, 2004-cü il təvəllüdlü İlkin ötən ilin əvvəllərindən etibarən aralarında sevgi münasibətləri yaranmış yetkinlik yaşına çatmayan Sevda (adlar şərtidir – red.) ilə cinsi əlaqədə olmaq barədə qabaqcadan razılığa gəlib. O, ilk dəfə həmin ilin məlum olmayan günlərinin birində, gecə saat 02:00 radələrində Cəlilabad rayonunun kəndində yerləşən fərdi yaşayış evinin yataq otağında Sevda ilə iki dəfə təbii yolla əlaqədə olub.

Bundan başqa, o, növbəti gün yenə də gecə saat 1 radələrində kənddə yaşadığı fərdi yaşayış evinin onlara məxsus olan yataq otağında eyni əməlini davam etdirib.

İlkinə qarşı Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən İlkin ona qarşı irəli sürülən ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, təxminən bir il əvvəl “Instagram” sosial şəbəkəsində Sevda ilə tanış olub:

“Bir müddət sosial şəbəkədə yazışdıqdan sonra mobil telefon vasitəsilə əlaqə saxlamağa başladıq. Sonradan isə mütəmadi olaraq Bakı şəhərində görüşdük. Sevdanın öz telefonu olmadığı üçün mənimlə anasının telefonu vasitəsilə əlaqə saxlayıb. Mənim Sevdanın yaşının nə qədər olmasından məlumatım olmayıb. O, mənə 17 yaşı olduğunu bildirib”.

Təqsirləndirilən şəxs deyib ki, bir-birilərini sevdikləri üçün münasibətlərini rəsmiləşdirmək istəyiblər:

“Bu məqsədlə ailələrimizin razılığını almağa çalışdıq. Lakin Sevdanın anası bu evliliyə razı olmadı. Hətta qızını qohumlarından biri ilə evləndirmək istədiyini bildirdi. Mən Sevdanın anası ilə də görüşərək evlənmək niyyətimi bildirdim. Lakin razılıq əldə olunmadı”.

İlkinin ifadəsinə görə, daha sonra Sevda ilə qarşılıqlı razılıq əsasında birlikdə qaçaraq onun Cəlilabad rayonunun kəndində yerləşən yaşadığı evə gəlmək qərarına gəlib:

“Valideynlərim də bu qərarı bəyənməsələr də, Sevda mənimlə birlikdə evimə gəldi. Bundan sonra gecə saatlarında Sevda ilə qarşılıqlı razılıq əsasında ilk dəfə təbii yolla cinsi əlaqədə olduq. Daha sonra növbəti gün ailə üzvlərimin və yaxınlarımın iştirakı ilə el adətinə uyğun toy mərasimi keçirildi. Toy gecəsindən sonra yenidən qarşılıqlı razılıq əsasında münasibətdə olduq. Mən Sevdaya qarşı heç bir fiziki zor tətbiq etməmişəm, hədə-qorxu gəlməmişəm və ya onu hər hansı şəkildə məcbur etməmişəm. Münasibətlərimiz qarşılıqlı istək və razılıq əsasında qurulub. Sevdaya qarşı hər hansı əxlaqsız hərəkət etməmişəm və onunla yalnız evlənmək niyyətimlə münasibət qurmuşam”.

Zərərçəkmiş Sevdanın sözlərinə görə, İlkinlə təxminən bir il əvvəl “Instagram” sosial şəbəkəsində tanış olub:

“Bir müddət sosial şəbəkədə yazışdıq. Sonra mobil telefon vasitəsilə əlaqə saxlamağa başladıq. Daha sonra mütəmadi olaraq Bakı şəhərində görüşdük, vaxt keçdikcə bir-birimizi sevdik. Münasibətlərimiz ciddi xarakter aldı. Biz evlənmək qərarına gəldik. Bu barədə anama məlumat verdim. Lakin anam bu evliliyə razılıq vermədi. Buna görə də İlkinlə birlikdə qaçaraq evlənmək qərarına gəldik. Mən öz istəyim ilə İlkinin yaşadığı Cəlilabad rayonunun kəndinə getdim. İlkin məni qaçmağa məcbur etmədi. Mənə qarşı heç bir fiziki zor tətbiq etməyib, həmçinin hədə-qorxu gəlməyib və təzyiq göstərməyib. Aramızda baş vermiş cinsi münasibətlər qarşılıqlı razılıq əsasında olub. Mən həmin münasibətlərə öz istəyim ilə razılıq vermişəm. Sonradan ailə üzvlərimin iştirakı ilə el adətinə uyğun toy mərasimi keçirildi. Toydan sonra birlikdə ailə həyatı yaşamışıq. İlkinin mənə qarşı hər hansı əxlaqsız hərəkəti olmayıb”.

Cəlilabad Rayon Məhkəməsinin hökmü ilə İlkin 1 il 3 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Oxunub : 858
ŞƏRH YAZ
Ad

E-mail

Şərh