"Bakının gündəlik əhali yükü burada yaşayanların sayından yüksəkdir" - İqtisadçı

"Bakının real əhalisini hesablamaq üçün kommunal xidmətlər, səhiyyə və mənzil fondu kimi göstəricilərdən istifadə etmək olar. Amma burada xəta payı yüksək olur. Nisbətən daha real mənzərəni mobil operatorların məlumatları və ya şagird sayı verə bilər".
Avtosfer.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib. O bildirib ki, mobil operatorların məlumatları açıq deyil, şagird sayı isə rəsmi mənbələrdə var:
"Buna görə hesablamanı şagird sayı üzərindən apardım və maraqlı nəticə alındı. Hazırda Bakıda 354 dövlət ümumtəhsil məktəbində 543 mindən çox şagird təhsil alır. Özəl məktəbləri də nəzərə aldıqda bu say 560 min nəfəri keçir. Bu məsələdə Abşeron rayonunu Bakıdan ayırmaq olmaz. O, faktiki olaraq Bakı aqlomerasiyasının tərkibidir. Burada isə 62,5 mindən çox şagird təhsil alır. Beləliklə, Bakı və Abşeronda məktəblilərin sayı təxminən 623 min nəfərə çatır. Müqayisə üçün hazırda ölkədə təxminən 1,6 milyon şagird təhsil alır. Yəni, ölkədə şagirdlərin 39%-i Bakı və Abşeronun payına düşür. Hazırda ölkədə əhalin sayı təxminən 10,2 milyon nəfərdir və 39%-lik nisbəti əhaliyə tətbiq etdikdə Bakı və Abşeronda faktiki yaşayan əhalinin sayı təxminən 4 milyon nəfər alınır. Bir daha qeyd edim ki, bu siyahıyaalma deyil, şagirdlərin sayı əsasında aparılan proporsional hesablamadır.
Son 10 ilin dinamikası daha ciddidir. 2015-2016-cı ildə Bakı və Abşeronda təxminən 410 min şagird var idisə, hazırda bu rəqəm 623 minə çatıb. Artım 52%-dir. Eyni dövrdə ölkə üzrə şagird sayı cəmi 18% artıb. Yəni, Bakı və Abşeronda artım ölkə üzrə göstəricidən təxminən 3 dəfə yüksəkdir. Bu da əhalinin Bakı aqlomerasiyasında sürətlə cəmləşdiyini göstərir. Məsələ bununla bitmir. Son 10 ildə ölkədə tələbə sayı 161,2 mindən 261,6 minə, yəni, 62,3% və ya 100 min artıb. Ali məktəblərin əsas hissəsinin Bakıda yerləşdiyini nəzərə alsaq, bu artımın təxminən 80 min nəfəri Bakının payına düşür. Bununla yanaşı, regionlardan təbii miqrasiya, remiqrasiya, təhsil üçün gəlib, tələbəlikdən sonra Bakıda qalanlar və son illərdə tələbələrin ardınca ailələrin də Bakıya köçməsi halının artması əhalinin paytaxtda cəmləşməsini artırıb. Bu proseslər üzrə dəqiq statistika olmasa da, şagird sayı əsasında aparılan proporsional hesablama Bakı və Abşeronda faktiki əhalinin 4 milyona yaxın ola biləcəyini göstərir".
İqtisadçı bildirib ki, Sumqayıtdan hər gün işləmək və təhsil üçün Bakıya gələnlər də şəhərin nəqliyyat və infrastrukturundan istifadə edir: "Yəni, Bakının gündəlik əhali yükü burada faktiki yaşayanların sayından da yüksəkdir. Digər problem əhalinin məhdud ərazidə cəmləşməsidir. Bakının inzibati ərazisi 2,2 min kv. km olsa da, sıx məskunlaşma daha kiçik ərazidə və əsas nəqliyyat dəhlizləri boyunca formalaşıb. Bu isə yüksək əhali yükünün nəqliyyat sisteminə təsirini daha da artırır".
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












