Beyləqanda Milli Qəhrəmanın anım günü keçirildi - FOTO

Beyləqanda Azərbaycanın Milli Qəhrəmanı Quliyev Nazim Qabil oğlunun anadan olmasının 60 illik yubileyi qeyd edilib.
Avtosfer.az xəbər verir ki, bu gün Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ Müharibəsi şəhidi Quliyev Nazim Qabil oğlunun doğum günüdür.
Bu münasibətlə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birgə Örənqala qəsəbəsində Milli Qəhrəmanın adını daşıyan məktəbin önündə xatirə abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
İdarə, müəssisə və təşkilatların, ictimaiyyətin nümayəndələri də iştirak etdiyi tədbirdə əvvəlcə Milli Qəhrəmanın və bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Əziz Əzizov bildirib ki, Quliyev Nazim 1988-ci ildə erməni qəsbkarlarının vəhşilikləri ilə barışa bilmiyərək könüllü müdafiə dəstələrindən birinin tərkibində döyüşlərə atılıb, bununla da Azərbaycan oğullarının vətən uğrunda lazım gələrsə canlarından keçə biləcəyini sübut edərək gənc nəsillərə nümunə olub. Rayon rəhbəri digər qəhrəmanlarımız kimi Nazim Quliyevin göstərdiyi şücaətlə Azərbaycan əsgərinin nəyə qadir olduğunu bütün dünyaya sübut etdiyini və 27 il yaşasa da canını vətən yolunda fəda etməsi ilə özündən sonra böyük bir igidlik, mübarizlik məktəbi qoyduğunu diqqətə çatdırıb.
Beyləqan rayon polis şöbəsinin rəisi Ceyhun Qurbanov da çıxış edərək polis əməkdaşı kimi düşmənə qarşı döyüşlərə qatılan və vətən uğrunda şəhid olan Nazim Quliyevin xatirəsinin daim uca tutulduğunu və yaddaşlardan heç vaxt silinməyəcəyini bildirib. Tədbirdə ictimaiyyət nümayəndələri də çıxış edib, məktəblilər tərəfindən Milli Qəhrəmanın xatirəsinə həsr olunmuş şeir kompozisiyası təqdim edilib.
Qeyd edək ki, Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi Nazim Quliyev 7 fevral 1965-ci ildə Beyləqan rayonunun Örənqala kəndində anadan olmuşdur. O, 1982-ci ildə Örənqala qəsəbə tam orta məktəbini bitirdikdən sonra hərbi xidmətə çağırılmışdır. 1988-ci ilda Nazim könüllü müdafiə dəstələrindən birinin tərkibində döyüşlərə qatılıb və 1991-ci ildə Füzuli rayonunda polis nəfəri kimi işə qəbul olunub. 1992-ci ildə Kovşad kəndi uğrunda gedən döyüşlərdə ağır yaralanaraq 27 yaşında şəhid olub. Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Quliyev Nazim Qabil oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür. Ölümündən sonra adının əbədiləşdirilməsi məqsədilə Beyləqan rayonunun Örənqala qəsəbə tam orta məktəbi və Füzuli rayonunun Yağlıvənd kənd tam orta məktəbinə adı verilmişdir.









Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












