Birinci Türkoloji Qurultayın 100 illik yubileyi keçiriləcək - SƏRƏNCAM

Birinci Türkoloji Qurultayın 100 illik yubileyi keçiriləcək.
Avtosfer.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
Sərəncam Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycanın və bütövlükdə türk dünyasının XX əsr elmi-mədəni həyatının parlaq səhifəsini təşkil etdiyini nəzərə alınaraq imzalanıb.
Sərəncama görə, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə birlikdə Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirməli, Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Sərəncamda qeyd olunub ki, 2026-cı ilin fevral ayında Bakı şəhərində Birinci Türkoloji Qurultayın təşkilinin 100 ili tamam olur:
Birinci Türkoloji Qurultay ortaq zəngin keçmişə və qədim irsə malik türk xalqlarının mədəni inteqrasiyasında mərhələ yaratmış müstəsna əhəmiyyətli hadisələrdəndir. Beynəlxalq miqyaslı bu unikal elmi forumda türkologiyanın ən aktual məsələləri geniş və sistemli müzakirə obyektinə çevrilmiş, türk dünyasının dili, tarixi, etnoqrafiyası, ədəbiyyatı və mədəniyyətinin gələcəyi ilə bağlı vacib qərarlar qəbul edilmiş, latın qrafikası əsasında vahid ümumtürk əlifbasına keçilməsi xüsusi diqqət mərkəzində saxlanılmışdır.
Bakı şəhəri XX əsrin əvvəllərindən intellektual həyatın yüksək səviyyəsi ilə seçildiyi və dünya türkologiyasının nüfuzlu mərkəzlərindən biri kimi tanındığı üçün Birinci Türkoloji Qurultaya ev sahibliyi etmişdir. Türk respublikaları arasında yeni əlifbanın ilk kütləvi tətbiqinə məhz Azərbaycanda başlanılması isə hələ XIX əsrdən etibarən burada mütərəqqi düşüncəli ziyalıların əlifba islahatı uğrunda apardıqları ardıcıl mübarizənin nəticəsi idi.
Birinci Türkoloji Qurultayda səslənən başlıca fikir və müddəaların həyata keçməsinin qarşısı az sonra bolşevik rejiminin və sovet totalitar idarə üsulunun yaratdığı maneələrlə sərt formada alınmış, qurultay nümayəndələrinin böyük əksəriyyəti 1930-cu illər repressiyasına məruz qalmış, bununla da türkologiyanın inkişafına olduqca ağır zərbə vurulmuşdur. Yalnız ötən əsrin sonlarında əldə etdikləri milli müstəqillik türk xalqlarının mənəvi dirçəliş yollarını işıqlandırmış, mühüm problemlər sırasında latın qrafikalı ümumtürk əlifbasının tətbiqini bir daha aktuallaşdırmışdır.
Birinci Türkoloji Qurultayın vaxtilə irəli sürdüyü bir çox ideyalar müasir şəraitdə uğurla gerçəkləşdirilir. Türk dünyasının yenidən vahid ailə şəklində formalaşması istiqamətində diqqətəlayiq nailiyyətlər qazanılmışdır. Türk ölkələri arasında qardaşlıq ruhu ilə müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi və qarşılıqlı mədəni əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsinə doğru qətiyyətlə atılan addımlar artıq davamlı xarakter daşımaqdadır. 2025-ci il oktyabrın 6–7-də Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 12-ci Zirvə Görüşünün Bəyannaməsində Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin qeyd edilməsi çağırışının öz əksini tapması bunun daha bir təzahürüdür".
Azərbaycanlıların da olduğu gəmi vuruldu - VİDEO
Bakının 110 küçə və prospektində eyni vaxtda təmir gedir - AAYDA - FOTO
Bakı Avtovağzalı iyul statistikasını açıqladı: 198 mindən çox sərnişin yola salınıb - FOTO
Bakı Qızlar Universitetinin tələbələrinin köçürüləcəyi universitetlər açıqlandı - RƏSMİ
Zakir Həsənov hərbi attaşelərlə GÖRÜŞÜB - FOTO
Hasil Abbasov iki şöbə müdirini işdən çıxardı - YENİ TƏYİNAT
Qatarla Gürcüstana gedənlərə ŞAD XƏBƏR - Sərhəddə keçid müddəti 2 dəfə AZALDILIR - FOTO
Azərbaycanda avtonom nəqliyyata nəzarət mərkəzi yaradılacaq - Prezident TƏSDİQLƏDİ
Xocavənddə mina partlayışı: Yaralanan şəxsin vəziyyəti açıqlandı - YENİLƏNİB
Xocalının Şuşakəndində ilk körpə dünyaya gəlib - FOTO
Tovuzda minik avtomobili yük maşınına çırpılıb, xəsarət alan var - FOTO










