Banner

DTX-dən ƏMƏLİYYAT: Azərbaycanda qətllər planlaşdıran 10 terrorçu həbs olundu - VİDEO

Xəbərlər 18 Sentyabr 2026 10:23
DTX-dən ƏMƏLİYYAT:  Azərbaycanda qətllər planlaşdıran 10 terrorçu həbs olundu - VİDEO
WhatsApp kanalımıza abunə olun

Azərbaycan Respublikası (AR) Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həyata keçirilən antiterror və əməliyyat-axtarış tədbirləri zamanı AR və xarici ölkə vətəndaşlarının gizli təşkilatlanma, terrorçuluğa hazırlıq və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı cinayət əməlləri aşkar edilib.

Avtosfer.az xəbər verir ki, bu barədə DTX məlumat yayıb.

Bildirilib ki, həmin tədbirlər çərçivəsində əvvəllər "Sumqayıt camaatı" adlı terror qruplaşmasının tərkibində cinayət əməllərinin törədilməsinə görə məhkum olunmuş Vüqar Abdullayevin AR vətəndaşları Cəlal Hacıyev, Cavid Əliyev, Nicat Əhmədov, Nazim Əliyev, İlkin Həsənzadə və qeyriləri ilə AR-də ictimai və dini xadimlərin həyatına sui-qəsd etmək məqsədilə cinayət əlaqəsinə girməsi təsbit edilib, onların bu məqsədlə keçirdikləri gizli görüşlər, telefon danışıqları qeydə alınaraq müvafiq qaydada sənədləşdirilib.

Başlanılmış cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri ilə müəyyən edilib ki, cinayətkar birliyin üzvləri əvvəlcədən hədəf kimi seçdikləri AR vətəndaşlarının həyatına sui-qəsd etmək məqsədilə onların daimi hərəkət marşrutlarını və şəxsi qorunma vəziyyətlərini araşdıraraq məlumat toplayıb, planlaşdırılan cinayət əməllərini törətdikdən sonra xaricdəki münaqişə bölgələrinə qaçmaq barədə sövdələşiblər.

Həmçinin araşdırmalarla cinayətkar birliyin üzvü Cəlal Hacıyevin birbaşa, eləcə də ölkə xaricində olan AR vətəndaşları Ayxan Hüseynov, Elşən Əsgərov, Fəxrəddin İmanov, Nail Rəsulov, Elgün İsmayılov və qeyriləri vasitəsilə AR hüdudlarından kənarda dini radikalizm zəminində aparılan silahlı münaqişələrdə iştirak edən şəxslərin, o cümlədən beynəlxalq səviyyədə tanınmış terror təşkilatlarının kriptovalyuta sistemləri vasitəsilə maliyyələşdirilməsi işini təşkil etdiyi müəyyən olunub.

Qeyd olunan şəxslər tərəfindən terrorçuluğun maliyyələşdirilməsi cinayətlərinin törədilməsi ilə əlaqədar sosial şəbəkələrdə yayımlanmış saxta elanlar vasitəsilə müxtəlif dini ayinlərin icrası adı altında toplanmış pul vəsaitlərinin mənbəyi, habelə pulköçürmə mexanizmlərinə dair çoxsaylı mötəbər dəlillər əldə edilib.

Digər dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları ilə birgə tədbirlər nəticəsində beynəlxalq terrorçuluğun maliyyələşdirilməsində iştirak edən, müxtəlif ölkələrdə məskunlaşmış şəxslərdən ibarət cinayətkar birliyin geniş dairəsi ifşa edilib, beş ölkə ərazisində paralel antiterror tədbirləri nəticəsində qruplaşmanın ümumilikdə 10 üzvü saxlanılıb. Xaricdə saxlanılan şəxslərdən Elşən Əsgərov Azərbaycan Respublikasına ekstradisiya edilib.

Cinayətkar dəstənin üzvləri Vüqar Abdullayev, Cəlal Hacıyev, Cavid Əliyev, Nicat Əhmədov, Nazim Əliyev, İlkin Həsənzadə, Ayxan Hüseynov, Elşən Əsgərov, Fəxrəddin İmanov, Nail Rəsulov və Elgün İsmayılov AR Cinayət Məcəlləsinin 214-1, 218.1, 28, 277-ci (terrorçuluğun maliyyələşdirilməsi, cinayətkar birlik (təşkilat) yaratma, dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etməyə hazırlıq) və digər maddələri ilə istintaqı aparılan cinayət işi üzrə təqsirləndirilən şəxslər qismində məsuliyyətə cəlb edilərək, məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

YouTubehttps://www.youtube.com/watch?v=4CIRBt7y5Rc

 

 

Oxunub : 244
ŞƏRH YAZ
Ad

E-mail

Şərh