Ermənistanda iki keçmiş prezident dövlət əmlakını mənimsəməkdə ittiham olunur - FOTO - VİDEO - YENİLƏNİB

Ermənistanda iki keçmiş dövlət başçısı - Robert Koçaryan və Serj Sarqsyan dövlət əmlakının mənimsənilməsi faktı ilə bağlı açılmış cinayət işinə cəlb olunublar.
Avtosfer.az xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğu rəsmi açıqlama yayıb.
Bununla yanaşı, Koçaryanın prezidentliyi dövründə hökumətə rəhbərlik etmiş mərhum sabiq baş nazir Andranik Marqaryana qarşı da müvafiq ittihamlar irəli sürülüb.
Baş Prokurorluqdan bildirilib ki, sözügedən cinayət işi avqustun 24-də başladılıb. İstintaq çərçivəsində keçmiş prezidentin böyük oğlu Sedrak Koçaryan, İrəvanın sabiq meri Qagik Beqlaryan və əlavə olaraq daha beş nəfər təqsirləndirilən şəxs qismində tanınıb.
R.Koçaryana qarşı vəzifə səlahiyyətlərini aşma, çirkli pulların yuyulması və xüsusilə külli miqdarda rüşvət alma maddələri üzrə ittiham elan edilib.
Hazırda isə Ermənistanın üçüncü prezidenti Serj Sarqsyanın Antikorrupsiya Komitəsində olduğu qeyd edilir.

***13:00
Ermənistanın Antikorrupsiya Komitəsi tərəfindən araşdırılan cinayət işi çərçivəsində altı nəfər, o cümlədən ölkənin sabiq prezidenti Robert Koçaryan, onun oğlu Sedrak və cinayət sxemlərində əli olduğu ehtimal edilən digər şəxslər saxlanılıblar.
Avtosfer.az xəbər verir ki, bu barədə sözügedən komitənin mətbuat xidməti məlumat yayıb.
İstintaqın məlumatına görə, Ermənistan prezidenti vəzifəsini tutan Koçaryan özünə yaxın şəxslərlə qabaqcadan əlbir olaraq və qulluq mövqeyindən istifadə edərək, müxtəlif saxta əsaslarla ictimai və iqtisadi əhəmiyyətli bir sıra qiymətli obyektləri dövlət mülkiyyətindən çıxarıb və bazar dəyərindən xeyli aşağı qiymətə əldə edib.
Antikorrupsiya Komitəsinin iddiasına əsasən, əmlakın faktiki mənsubiyyətini və cinayət yolu ilə əldə edildiyini gizlətmək məqsədilə onlar bir-biri ilə əlaqəli şirkətlərin adına rəsmiləşdirilib. Əldə edilmiş obyektlər sonradan üzərlərində tikinti aparılması və satılması, üçüncü şəxslərə özgəninkiləşdirilməsi, habelə mülkiyyətçi şirkətlərin paylarının, o cümlədən hədiyyə kimi verilməsi yolu ilə idarə olunub.
56 daşınmaz əmlak şəklində alınan rüşvət ittihamı
Antikorrupsiya Komitəsi həmçinin bildirir ki, Vazgen Sarqsyan küçəsi 20 ünvanındakı tarixi-mədəni abidə olan Zabitlər Evinin və Nalbəndyan küçəsi 16 ünvanındakı yarımçıq binanın bir sıra hüquq normalarının pozulması ilə dövlət mülkiyyətindən çıxarılmasının təşkili və sonradan onların "Piazza Grande" şirkətinə verilməsi müqabilində Koçaryana rüşvət verildiyini təsdiqləyən məlumatlar əldə edilib.
İstintaq materiallarına əsasən, söhbət ümumi dəyəri 2.633934 milyard dram (təxminən 12.2 milyon manat - red.) olan 56 daşınmaz əmlakdan gedir. Onların həqiqi sahibini və mənşəyini gizlətmək üçün daşınmaz əmlaklar saxta alqı-satqı müqavilələri vasitəsilə keçmiş prezidentin ailə üzvlərinin və onlarla əlaqəli təşkilatların adına qeydiyyata alınıb.
"Toyota İrəvan"la bağlı epizod
Digər bir epizod Ermənistan Müdafiə Nazirliyinə məxsus, Admiral İsakov prospekti 22 və 22/4 ünvanlarında yerləşən torpaq sahələrinə, o cümlədən elmi-istehsalat stansiyasının tikintisi üçün nəzərdə tutulmuş əraziyə aiddir.
Məlumata görə, onların ümumi bazar dəyəri 1.393870 milyard dram (təxminən 6.4 milyon manat) təşkil edib, lakin həmin ərazilər sabiq prezidentə yaxın şəxsə məxsus şirkətə dörd dəfə ucuz qiymətə satılıb.
İstintaqın iddiasına görə, ərazilərin əhəmiyyətli dərəcədə aşağı qiymətə satılması və Yaponiyanın "Toyota" şirkətinin Ermənistanda nümayəndəliyinin maneəsiz yaradılmasının təmin edilməsi müqabilində 9 may 2006-cı ildə R.Koçaryana rüşvət olaraq "Toyota İrəvan" şirkətinin 30 faizlik payı verilib. Cinayət mənşəyini gizlətmək üçün bu pay saxta alqı-satqı müqavilələri ilə sabiq prezidentin oğlunun adına rəsmiləşdirilib.
İstintaq daha nələri araşdırır?
Bundan əlavə, istintaq 2001-2019-cu illərdə keçmiş prezidentin oğlu Sedrakın adına pul köçürmələrinin detallarını öyrənir. Söhbət təxminən 144 milyard dram, 309 milyon dollar, 77 milyon avro və 18 milyon Rusiya rublundan gedir.
Həmçinin, işlə əlaqəli olan şəxslərə və onların ailə üzvlərinə məxsus Ermənistanda və xaricdə otuzdan çox daşınmaz əmlak obyektinin əldə edilməsi şəraiti yoxlanılır.
Antikorrupsiya Komitəsindən bildirilib ki, əmlakın mümkün ötürülməsi və ya özgəninkiləşdirilməsinin qarşısını almaq üçün onun üzərinə həbs qoyulması istiqamətində tədbirlər görülür.
***
“24news.am” portalının məlumatına görə, R.Koçaryan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşlarının müşayiəti ilə təcili yardım avtomobilində xəstəxanaya aparılıb.
***11:14
Ermənistanın sabiq prezidenti Robert Koçaryanın saxlanılmasından sonra onun gəlini - tanınmış müğənni Siruşoya məxsus "Pregomesh" zərgərlik brendinin ofis və mağazalarında axtarış tədbirləri həyata keçirilir.
Avtosfer.az xəbər verir ki, bu barədə məlumatı Ermənistan kütləvi informasiya vasitələri yayıb.
Hazırda vəkil Aleksandr Koçubayev müğənni Siruşonun ofisinə yollanır. Onun həmkarı Erik Aleksanyan isə Robert Koçaryanın kiçik oğlu Levon Koçaryanın mənzilindədir, orada yoxlanışlar hələ də davam edir.
***10:44
Robert və Levon Köçəryanlardan əlavə, Robertin digər oğlu Sedrak Köçəryan da Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə aparılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı yazıb.
Səhmdarları arasında Sedrak Köçəryanın da olduğu "Yerevan Toyota" şirkətinin bu gün bağlandığı bildirilir.
Qeyd edək ki, bu səhər Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) əməkdaşları Robert Köçəryan və oğlu Levon Köçəryanın evinə basqın edərək onları saxlayıb.
***10:00
Ermənistanın siyasi səhnəsində gərginlik son həddə çatıb və ölkə daxilində gözlənilməz, həm də olduq̆a sərt güc nümayişləri start götürüb. Yerli hüquq-mühafizə və xüsusi xidmət orqanları tərəfindən ölkənin müxtəlif bölgələrində yerləşən bir neçə onlarla ünvanda eyni vaxtda irimiqyaslı və təcili əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Avtosfer.az xəbər verir ki, Antikorrupsiya Komitəsinin verdiyi cavabda məsələnin ciddiliyi bir daha təsdiqini tapıb. Belə ki, təhlükəsizlik qüvvələri müxalifət deputatı, ölkənin sabiq prezidentinin oğlu Levon Köçəryanın evinə basqın edərək orada uzunmüddətli yoxlamalar və əməliyyat tədbirləri aparırlar.
"Yerevan.Today" nəşrinin yaydığı məlumata görə, proses bununla bitməyib və əməliyyatın miqyası daha da genişlənib. Belə ki, "Ermənistan" blokunun lideri, ölkənin ikinci prezidenti Robert Köçəryanın özü də Antikorrupsiya Komitəsinə gətirilib.
Ermənistan mətbuatının və siyasi ekspertlərin şərhinə görə, ölkədə baş verən bu qəfil və sərt basqınlar yerli siyasi elita içərisində bomba effekti yaradıb. Hakimiyyətin sabiq prezidentə və onun ailə üzvlərinə qarşı bu cür kəskin addımlar atması gərginliyi maksimum həddə çatdırıb. Hələlik hüquq-mühafizə orqanları tərəfindən axtarışların və aparılan dindirmələrin dəqiq səbəbləri barədə rəsmi və ətraflı açıqlama verilməsə də, prosesin getdikcə daha geniş xarakter alacağı və yeni həbslərin ola biləcəyi istisna edilmir./nocomment.az
Bakıda bu ərazilərdə evlər KƏSKİN UCUZLAŞDI
Ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtı MƏLUM OLDU
Ali məktəblərə qəbulun nəticələri AÇIQLANDI
Bakıda bu küçədən 2 ildir niyə avtobus keçmir? - Sakinlər şikayət edir - VİDEO
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - VİDEO - YENİLƏNİB
Xalq artisti Tofiq Bakıxanov VƏFAT EDİB
Briliant Dadaşova qaydaları pozdu: Kəməri taxmır, gözü də telefonda qalıb - VİDEO
Sahibkarlara vaxt verildi: Məhsulların etiketləri yeni tələblərə uyğunlaşdırılacaq - VİDEO
Kamçatkada köməksiz qalan azərbaycanlı aparıcıdan XƏBƏR VAR - FOTO
Aİ-də yanacaq qiymətləri kəskin artdı: 27 ölkədən 25-də bahalaşma
Bakı Metropolitenindən bloqerin şikayətinə cavab - “Xətdən qatar çıxarılmayıb” - VİDEO










