Gecə də baha, gündüz də! - Bakıda taksi qiymətləri niyə gün boyu YÜKSƏKDİR? - FOTO

Son aylarda Bakı sakinlərinin gündəlik həyatında ən çox qarşılaşdığı, sosial şəbəkələrdə geniş müzakirə olunan və sərnişinlərin ciddi narazılığına səbəb olan məsələlərin başında taksi xidmətlərindəki kəskin qiymət artımı dayanır.
Paytaxt sakinlərin müşahidələrinə görə, tariflər əvvəlki dövrlərlə müqayisədə 20%-dən 50%-ə qədər yüksəlib. Əgər əvvəllər bu artım yalnız səhər və axşam saatlarında, yəni işə və dərsə gediş-gəliş vaxtlarında hiss olunurdusa, hazırda mənzərə tamamilə dəyişib. Artıq günün istənilən saatında – istər günorta, istərsə də gecə yarısı mobil tətbiqləri açarkən standartdan bir neçə dəfə yüksək qiymətlərlə qarşılaşırıq. Yolların tam boş olduğu, xüsusi bir tıxacın və ya yağıntılı hava şəraitinin qeydə alınmadığı anlarda belə taksi tətbiqlərinin “baha tarif” təklif etməsi sərnişinlərdə narazılıq yaradır.
Bəs taksi şirkətlərinin bu kəskin qiymət siyasətinin kökündə nə dayanır? Qiymətləri tənzimləmək ümumiyyətlə mümkündürmü?
Avtosfer.az xəbər verir ki, məsələnin pərdəarxasını, mobil aqreqatorların işləmə prinsipini və bazardakı mövcud vəziyyəti təhlil etmək üçün avtoekspert Elməddin Muradlı Patrul.az-a açıqlama verib.

Müsahibimiz qeyd edib ki, taksi bazarında müşahidə olunan qiymət dalğalanmaları və qəfil artımlar birbaşa xidmət göstərən şirkətlərin daxili tənzimləmələrindən və tətbiq etdikləri alqoritmlərdən asılıdır:
“Bu gün taksi xidmətində qiymət artımları daha çox günün müxtəlif saatları, sərnişin sıxlığı və hava şəraiti ilə əlaqədar olaraq dinamik şəkildə dəyişir. Sistem elə qurulub ki, müəyyən bir ərazidə tələbat artdıqca, taksi şirkətləri tariflərdə dərhal müəyyən artırmalar edirlər. Hazırda bu prosesi dövlət birbaşa tənzimləmədiyindən, bütün idarəetmə və qiymət siyasəti aidiyyatı özəl şirkətlərin ixtiyarına buraxılıb.
Bu platformalar fərdi kommersiya qurumları, yəni şirkətlərin şəxsi biznesi sayıldığından, qiymətləri də tamamilə öz iqtisadi maraqlarına uyğun olaraq sərbəst şəkildə tənzimləyirlər. Mövcud qanunvericilik çərçivəsində azad bazar iqtisadiyyatı prinsipləri əsas götürüldüyü üçün hazırda onların təyin etdiyi qiymət mexanizminə kənardan heç kim müdaxilə edə bilmir.”
Həmsöhbətimiz sərnişinlərin maraqlarının qorunması və qiymətlərin süni şəkildə şişirdilməsinin qarşısının alınması üçün müəyyən nəzarətin tətbiq olunmasının vacibliyini vurğulayıb:
“Baxmayaraq ki, bu, azad rəqabət mühitidir, amma mövcud vəziyyət göstərir ki, sərnişinlərin narazılığını aradan qaldırmaq üçün xidmət səviyyəsinə adekvat qiymətlərin müəyyənləşdirilməsinə ciddi ehtiyac var. Yaxşı olardı ki, hər hansısa bir formada – istər minimal və maksimal tarif hədlərinin müəyyənləşdirilməsi, istərsə də digər hüquqi mexanizmlərlə taksi xidmətlərindəki bu nizamsız qiymət dəyişikliklərinin tənzimlənməsi həyata keçirilsin”.
“İçərişəhər–Həzi Aslanov” xəttində dəyişiklik sıxlığa necə təsir edəcək?
Bakı–Quba yolunda beton baryerlərin yeri qanunsuz dəyişdirilib - VİDEO
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO












