Gömrük Komitəsinin sabiq əməkdaşına hökm oxundu

Xəbərlər 14 Aprel 2026 11:23
Gömrük Komitəsinin sabiq əməkdaşına hökm oxundu
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Nəsimi Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən Nəcəf Yusifovun (adı və soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Avtosfer.az Pravda.az-a istinadən xəbər verir ki, hakim Elməddin Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə "Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında" Milli Məclisin 19 dekabr 2025-ci il tarixli Qərarı tətbiq edilməklə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə cinayət məsuliyyətindən azad olunub və iş üzrə icraata xitam verilib. Nəcəf Yusifov barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilib, mülki iddiaçının mülki iddiasına xitam verilib.

İttihama görə, Nəcəf Yusifov Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsində Hədəfləmə və koordinasiya şöbəsinin inspektoru vəzifəsində, gömrük xidməti mayoru rütbəsində işləyərkən qulluq mövqeyindən sui-istifadə edib, aldatma və etibardan sui-istifadə yolu ilə özgə əmlakını ələ keçirib.

Belə ki, 2025-ci ilin mart ayında o, tanışı olan zərərçəkmiş S.S.-yi aldadaraq Cənubi Koreya Respublikasından sifariş etdiyi 2016-cı il buraxılışlı "KIA Sorento" avtomobilinin gömrük rəsmiləşdirilməsində köməklik göstərə biləcəyini və bu prosesi rəsmi rüsumdan daha ucuz qiymətə həyata keçirəcəyini bildirib. Təqsirləndirilən şəxs guya gömrük orqanlarında olan əlaqələrindən istifadə etməklə avtomobili 10 850 manat müqabilində rəsmiləşdirəcəyini deyərək zərərçəkmiş şəxsin etibarını qazanıb.

Bu yalan vədlərə inanan S.S. Nəcəfin göstərdiyi kart hesabına müxtəlif tarixlərdə olmaqla ümumilikdə 10 850 manat pul vəsaiti köçürüb. Təqsirləndirilən şəxs isə həmin vəsaiti ələ keçirərək şəxsi ehtiyaclarına sərf edib və üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyib.

Məhkəmə baxışı zamanı dindirilən Nəcəf Yusifov ifadəsində deyib ki, o, uzun illər gömrük orqanlarında çalışsa da, nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı səlahiyyəti və praktiki təcrübəsi olmayıb. O, zərərçəkmiş S.S. ilə təsadüfi tanışlıq zamanı sonuncunun müraciətindən sonra pul ehtiyacı olduğu üçün yalandan köməklik göstərə biləcəyini bildirib.

Nəcəfin sözlərinə görə, ilkin olaraq zərərçəkmiş şəxs tərəfindən 9 000 manat, daha sonra isə əlavə 500 manat və 1 350 manat olmaqla ümumilikdə 10 850 manat vəsait köçürülüb. Təqsirləndirilən şəxs bu vəsaiti şəxsi ehtiyaclarına, o cümlədən anasının müalicəsinə sərf etdiyini vurğulayıb.

O, həmçinin vurğulayıb ki, müəyyən müddət sonra S.S. ödənilmiş məbləğin geri qaytarılmasını tələb edib, lakin maddi imkanı olmadığı üçün bunu dərhal edə bilməyib. Daha sonra o, hissə-hissə ödəniş etməyə başlayaraq ilkin olaraq 1 000 manat, ardınca isə əlavə 850 manat geri qaytarıb.

İş materiallarından məlum olub ki, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam şəkildə ödəyib.

İttiham tərəfi hesab edir ki, Nəcəf Yusifov qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə yolu ilə özgə əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq cinayətini törədib.

Oxunub : 122
ŞƏRH YAZ
Ad

E-mail

Şərh