Banner

Hansı daha təhlükəsizdir; şüşə, yoxsa daş fasadlı bina? – EKSPERT RƏYİ

Xəbərlər 22 Sentyabr 2026 23:45
Hansı daha təhlükəsizdir; şüşə, yoxsa daş fasadlı bina? – EKSPERT RƏYİ
WhatsApp kanalımıza abunə olun

Son illərdə Azərbaycanda və ümumilikdə dünyada ofis və plaza binalarında şüşə fasadlardan daha geniş istifadə olunur. Kənardan tamamilə şüşədən ibarət təsir bağışlayan bu konstruksiyalar müasir memarlığın əsas elementlərindən birinə çevrilib. Yaşayış binalarında isə daş, beton və digər möhkəm materiallardan istifadə daha geniş yayılıb.

Avtosfer.az xəbər verir ki, müxtəlif konstruksiyaların təhlükəsizlik və davamlılıq baxımından xüsusiyyətləri də fərqlənir. Bəs şüşə fasadlı və daş konstruksiyalı binalar arasında təhlükəsizlik baxımından hansı əsas fərqlər var və bu binalardan hansının xarici təsirlərə davamlılığı daha yüksəkdir?

Mövzu ilə bağlı memar Cahid Həsənov Avtosfer.az-a açıqlamasında bildirib ki, istər şüşə, istərsə də daş bina olsun, texniki baxımdan tikinti qaydalarına əməl olunursa, heç birində təhlükə yoxdur:

"Məsələ ondadır ki, daş binalarda pəncərələrdən istifadə olunur, amma müasir insanlar, xüsusilə ofislərdə, hətta restoranlarda belə şüşəli tikililərə üstünlük verirlər. Söhbət inzibati binalardan gedir. Bunun əsas səbəbi içəridən çöl mənzərəsinin, panoramanın görünməsi və insanın özünü daha rahat hiss etməsidir. Bu, Amerikada və Avropa ölkələrində də geniş yayılıb. Özəl sektorda bina tikənlər adətən şüşə konstruksiyalara üstünlük verirlər ki, içəridə təbii işıqlanma və təbii havalandırma daha yaxşı təmin olunsun. Eyni zamanda, işçilərin ətraf mənzərəni görməsi və vizual baxımdan daha açıq mühitdə çalışması mümkün olsun. Bu baxımdan, bir çoxları şüşə fasadlara üstünlük verir. Lakin istər şüşə, istərsə də daş konstruksiya olsun, burada memarlıq məsələsini də yaddan çıxarmaq olmaz. Müasir memarlıq klassik Azərbaycan memarlığı və ərazinin ümumi memarlıq üslubu ilə uyğunlaşdırılmalıdır. Bir çox hallarda yalnız daş binaların tikilməsi, ənənəvi formada iki-üç pəncərə və kiçik eyvanlardan istifadə artıq müasir dövrün tələblərinə tam cavab vermir. Bu gün alıcıların, istehlakçıların da tələbləri dəyişib və onlar daha geniş, şüşəli vitrinlərə və açıq məkanlara üstünlük verirlər. Amma yenə də qeyd edirəm ki, burada istər daş, istərsə də şüşə bina olsun, əgər konstruksiya müəyyən edilmiş və tətbiq olunan qaydalara uyğun şəkildə layihələndirilib tikilirsə, təhlükəsizlik baxımından problem olmamalıdır. Burada əsas məsələ tələbatın nəyə yönəlməsidir".

Əmlak eksperti Elnur Azadovun fikrincə, hazırda Azərbaycanda tam şüşəli fasada malik yaşayış komplekslərindən biri Badamdarda yerləşən, “PMD Holdinq”ə məxsus “Botanika Residence” layihəsidir:

"Lakin belə binaların gələcəkdə istismarı kifayət qədər yüksək xərclər tələb edə bilər. Çünki şüşə fasadlı binalarda həm enerji sərfiyyatı, həm də istismar xərcləri ciddi olur. İnzibati və ofis binalarında isə şüşə fasadlar mütəmadi olaraq təmizlənməlidir. Ümumiyyətlə, son 10 il ərzində Azərbaycanda şüşə fasadlı binaların tikintisinə daha çox üstünlük verilməyə başlanıb. Xüsusilə Heydər Əliyev prospektində inzibati binalarda, ofislərdə və hotellərdə panoram şüşələrdən istifadə geniş yayılıb. Yaşayış binalarında isə bu cür fasadlara nisbətən az rast gəlinir və əsasən A klass, premium və delüks kateqoriyalı layihələrdə tətbiq olunur. Adətən panoram pəncərələr binanın bütün fasadında deyil, müəyyən hissələrində fasad elementi kimi istifadə edilir. Bunun əsas səbəblərindən biri enerji səmərəliliyi ilə bağlı tələblərdir. Azərbaycan Respublikasının tikinti və şəhərsalma qanunvericiliyində, eləcə də müvafiq normativlərdə binaların istidən və soyuqdan qorunması, enerji resurslarından səmərəli istifadə olunması ilə bağlı tələblər mövcuddur. Son illərdə tətbiq olunan yeni normativlər də tam şüşəli fasadların geniş istifadəsini məhdudlaşdırır. Tam şüşəli fasadlar qış aylarında, xüsusilə binanın şimal istiqamətində yerləşən mənzillərdə istilik itkisini artıra və isitməyə daha çox enerji sərf olunmasına səbəb ola bilər. Yay aylarında isə cənub istiqamətindən daxil olan günəş şüaları, o cümlədən ultrabənövşəyi şüalar mənzillərin daha çox isinməsinə gətirib çıxara bilər. Bu halda həmin məkanların soyudulması üçün də daha çox enerji tələb olunur".

Ekspert qeyd edib ki, Azərbaycanda enerji resurslarından səmərəli istifadə ilə bağlı yeni tələblər tətbiq edilir, bundan sonra layihələndirilən binalarda enerji sərfiyyatının göstəriciləri daha ciddi nəzərə alınacaq:

"Binaların enerji səmərəliliyinə görə A, B, C və digər kateqoriyalar üzrə pasportlaşdırılması da bu istiqamətdə mühüm amillərdən biridir. Ən yüksək enerji səmərəliliyinə malik binalar A kateqoriyasına aid ediləcək və müasir tələblər binaların müəyyən enerji səmərəliliyi səviyyəsindən aşağı olmamasını nəzərdə tutur. Bu baxımdan gələcəkdə yaşayış binalarında tam şüşəli fasadlardan istifadənin geniş yayılması gözlənilmir. Burada əsas məsələ təhlükəsizlikdən daha çox binanın enerji səmərəliliyi, istismar xərcləri və sakinlərin rahatlığıdır. Şüşə elementlərdən istifadə daha çox tikinti şirkətlərinin vizual və marketinq yanaşması, eləcə də son illərin memarlıq tendensiyası ilə bağlıdır. Lakin qanunvericilik və normativ tələblərlə yanaşı, vətəndaşların rahatlığının təmin edilməsi də nəzərə alındığından, tam şüşəli fasadların tətbiqi gələcəkdə daha məhdud xarakter daşıya bilər".

Fatimə

Oxunub : 88
ŞƏRH YAZ
Ad

E-mail

Şərh