Banner

Hava nəqliyyatı ilə qlobal yük daşımaları 4 %-dən çox artıb

Xəbərlər 1 Oktyabr 2026 19:08
Hava nəqliyyatı ilə qlobal yük daşımaları 4 %-dən çox artıb
WhatsApp kanalımıza abunə olun

Bu ilin avqustunda hava nəqliyyatı ilə sərnişin daşımalarına qlobal tələbat illik ifadədə 0,8 % azalıb, yük daşımaları seqmenti isə 4,4 % artım nümayiş etdirib.

Avtosfer.az Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasına (IATA) istinadən xəbər verir ki, sərnişin oturacaqlarının doluluq göstəricisi (PLF) 85,1 % təşkil edib ki, bu da 2025-ci ilin müvafiq dövrünün göstəricisindən 0,1 faiz bəndi aşağı olub.

IATA-nın məlumatına görə, beynəlxalq sərnişin daşımalarının həcmi 2025-ci ilin avqust ayı ilə müqayisədə 0,9 % azalıb. Eyni zamanda, daşıma tutumları əvvəlki səviyyədə qalıb, doluluq əmsalı isə 85 % (-0,8 faiz bəndi) səviyyəsində qeydə alınıb. Daxili sərnişin axını illik ifadədə 0,5 % azalıb, daşıma tutumu 0,7% artıb, doluluq isə 85,3 %-ə (-1,1 faiz bəndi) çatıb.

"Yaxın Şərq aviaşirkətlərinin göstəricilərinin bərpası prosesi dayandırıldığı üçün, aviadaşımalara olan qlobal tələbat 2025-ci ilin avqust ayına nisbətən 0,8 % azalıb. Bu regionun daşıyıcılarının reyslərinə olan tələbat ötən ilki göstəricidən 14,6 % aşağı olub. Bu da yaranmaqda olan müsbət dinamikanı dayandırıb. Yaxın Şərq aviaşirkətlərini istisna etsək, avqust ayında aviadaşımalara olan tələbat ötən illə müqayisədə 0,6 % artıb - bu, iyul ayındakı göstəricidən iki dəfə azdır. Çinin daxili aviabazarı kimi bəzi mühüm istisnalar nəzərə alınmaqla, avqust ayında bütün dünyada uçuş imkanları bütövlükdə azalıb. Enerjidaşıyıcılarının qiymətlərinin artması nəticəsində sərnişinlərin alıcılıq qabiliyyəti zəifləyib.

Qarşıdan gələn aylar, davam edən geosiyasi qeyri-sabitlik fonunda onların səyahət büdcələrinə yenidən baxmağa və səyahətlərdən imtina etməyə başlayıb-başlamadıqlarını nümayiş etdirəcək. Bununla belə, aviaşirkətlərin oktyabr ayı üçün planları ehtiyatlı nikbinlik yaradır: təklif olunan oturacaqların sayı 2 % artmalıdır", - IATA-nın davamlı inkişaf üzrə baş vitse-prezidenti və təşkilatın baş iqtisadçısı Mari Ouens Tomsen vurğulayıb.

Hesabat dövründə hava nəqliyyatı ilə qlobal sərnişin daşımaları bazarının regional bölgüsü aşağıdakı kimi olub: Afrikanın payına 2,2 %, Asiya-Sakit okean regionunun - 34,4 %, Avropanın - 26,7 %, Latın Amerikası və Karib hövzəsinin - 5,4 %, Yaxın Şərqin - 9,5 %, Şimali Amerikanın - 21,8 % düşüb.

"Avqust ayında hava nəqliyyatı ilə yük daşımalarına tələbat ötən illə müqayisədə 4,4 % artıb. Daşıma imkanlarının 0,1 % azalmasına baxmayaraq, bütün regionlarda artım qeydə alınıb. Yüksək tələbat və doluluq əmsalının artması aviaşirkətlərə yanacaq üçün yüksək xərcləri qismən kompensasiya etməyə imkan verib. Daşımaların gəlirliliyi aprel ayından bəri ilk dəfə əvvəlki ayla müqayisədə artım nümayiş etdirib, dünya əmtəə ticarəti isə genişlənməyə davam edir. Hər iki göstərici ilin sonundakı pik mövsüm ərəfəsində nikbinlik aşılayır", - M.Ouens Tomsen qeyd edib.

2026-cı ilin iyul ayında yük aviadaşımalarının regionlar üzrə bölgüsü aşağıdakı kimi formalaşıb: Afrika - 2,1 %, Asiya-Sakit okean regionu - 35,8 %, Avropa - 21,4 %, Latın Amerikası və Karib hövzəsi - 2,9 %, Yaxın Şərq - 13,2 %, Şimali Amerika - 24,6 %.

"Asiya-Şimali Amerika marşrutunda illik artım 13,2 % (bazar payı - 23,5 %) təşkil edib, Avropa-Asiya istiqamətində 3,1 % (21,5 %) artım, Yaxın Şərq-Avropa istiqamətində isə 16,1 % (5,2 %) azalma; Yaxın Şərq-Asiya – 11 % (7,4 %) azalma, Asiya daxilində daşımalar - 6,1 % (7,3 %) artım, Şimali Amerika-Avropa - 4,3% (13,5 %) artım, Afrika-Asiya - 11,9 % (1,3 %) azalma təşkil edib", - hesabatda bildirilib.

Oxunub : 98
ŞƏRH YAZ
Ad

E-mail

Şərh