Banner

Horadiz–Ağbənd avtomobil yolunun tikintisi başa çatdı

Xəbərlər 20 Oktyabr 2026 23:42
Horadiz–Ağbənd avtomobil yolunun tikintisi başa çatdı
WhatsApp kanalımıza abunə olun

Azərbaycanda Horadiz-Ağbənd avtomobil yolunun tikintisi başa çatıb, Zəngəzur dəhlizinin inkişafı çərçivəsində dəmir yolu xəttinin inşası isə davam edir.

Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin məlumatında qeyd olunub.

Bununla yanaşı, Naxçıvanda dəmir yolu infrastrukturunun modernləşdirilməsi istiqamətində də işlər aparılır.

“Zəngəzur dəhlizinin inkişafı Azərbaycanın tranzit potensialının genişləndirilməsi və beynəlxalq nəqliyyat marşrutlarının şaxələndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Dəhlizin inkişafının ildə 15 milyon tona qədər əlavə yükdaşıma potensialı yaratmağa və regional nəqliyyat əlaqələrini gücləndirməyə imkan verəcəyi gözlənilir”, – deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, 2025-ci il avqustun 8-də ABŞ Prezidenti Donald Trampla Vaşinqtonda keçirilən üçtərəfli görüşün yekununda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Bakı ilə İrəvan arasında sülhün təmin edilməsi, həmçinin Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrinin qurulması haqqında birgə bəyannamə imzalayıblar. Bu layihə “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) adlandırılıb.

Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolu Hacıqabul–Horadiz–Ağbənd magistralının və Zəngəzur dəhlizinin tərkib hissəsidir. Layihənin ümumi uzunluğu 149,9 kilometr, bunun əsas yol hissəsinin uzunluğu isə 123,6 kilometr təşkil edir. Yol 1B texniki kateqoriyası üzrə, dörd-altı hərəkət zolağı ilə inşa edilib.

Layihə çərçivəsində ümumi uzunluğu 12 032 metr olan üç tunelin, 28 körpünün, səkkiz yol qovşağının, həmçinin yeraltı keçidlərin və suötürücü qurğuların tikintisi nəzərdə tutulur.
Zəngəzur dəhlizinin inkişafı Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə nəqliyyat əlaqələrinin genişləndirilməsinə və ölkənin tranzit imkanlarının artırılmasına yönəlib.

Oxunub : 106
ŞƏRH YAZ
Ad

E-mail

Şərh