İlham Əliyev Ərdoğana başsağlığı verdi

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub ünvanlayıb.
Avtosfer.az xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Əziz Qardaşım,
İki il əvvəl Türkiyədə baş vermiş dağıdıcı zəlzələ nəticəsində həyatlarını itirmiş bacı-qardaşlarımızın əziz xatirəsini dərin hörmət və ehtiramla anır, onlara uca Allahdan rəhmət, doğmalarına və yaxınlarına səbir diləyirəm.
Azərbaycan bu dəhşətli faciə ilə bağlı qardaş Türkiyənin dərdini bölüşür, kədərini birlikdə yaşayır. Azərbaycan hər zaman olduğu kimi bu ağır günlərdə də Türkiyənin yanında yer aldı, zəlzələ xəbərinin ilk dəqiqələrdən bir yumruq kimi bütün səviyyələrdə qardaş Türkiyənin ətrafında səfərbər oldu, əlindən gələn yardımı və dəstəyi əsirgəmədi. Həmin çətin günlərdə bütün Azərbaycan xalqının ürəyi Türkiyə ilə bir döyünürdü.
Bu gün güclü və qüdrətli Türkiyə dövləti Sizin rəhbərliyiniz altında fəlakətin nəticələrinin aradan qaldırılması, zərərçəkmiş bölgədə həyatın və iqtisadiyyatın dirçəldilməsi, insanların yeni evlər və iş yerləri ilə təmin olunması istiqamətində genişmiqyaslı quruculuq işləri həyata keçirir. Qardaşlıq və vəfa borcumuzun bir parçası olaraq Azərbaycanın da öz növbəsində Kahramanmaraş vilayətində aparılan yenidənqurma və bərpa işlərinə töhfə verərək Türkiyənin yanında çiyin-çiyinə olmağından böyük fəxr və qürur hissi duyuruq.
“Bir millət iki dövlət” prinsipi əsasında həm sevincli, həm də kədərli günlərdə bir-birinə dayaq olan ölkələrimiz və xalqlarımız məhz çətin anlarda qarşılıqlı dəstək göstərərək qardaşlığını və həmrəyliyini sübut edirlər. Bu, həmişə belə olub və bu cür də davam edəcəkdir.
Əminəm ki, bir-birinə qırılmaz tellər ilə bağlı olan xalqlarımızın iradəsi ilə zamanın sınaqlarından çıxmış birliyimiz və strateji müttəfiqliyimiz daim yaşayacaq, ölkələrimizin rifahı və əmin-amanlığı naminə qarşıya qoyduğumuz hədəflərə çatmaq üçün birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.
Bu anım günündə bir daha Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".
Zakir Həsənov Türkiyədə işgüzar səfərdədir - FOTO
Leysan olacaq - XƏBƏRDARLIQ
Ceyranbatanda evlər niyə boş qalıb? - VİDEO
363 min manata ev aldı, mənzilə həbs qoyuldu - VİDEO
Azərbaycanda hava kəskin dəyişəcək: FHN xəbərdarlıq etdi
Bakı-Quba yolunda təhlükəli vəziyyət: İşıq dirəkləri var, işıq yoxdur - VİDEO
Aqşin Əliyevə yeni VƏZİFƏ VERİLDİ
İldırımlı hava səbəbindən bəzi uçuşlar təxirə düşdü - RƏSMİ
Sərnişinlərin NƏZƏRİNƏ! - Bu marşrutun yolu dəyişdirilir
Hesablama Palatası iki dövlət qurumunda NÖQSANLAR AŞKARLADI
Taksidə kondisioner üçün əlavə pul ödəməliyik? - VİDEO










