İlham Əliyev Ərəb Parlamentinin prezidentini qəbul etdi - FOTOLAR

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 11-də Ərəb Parlamentinin prezidenti Məhəmməd Əhməd Əl-Yammahinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Avtosfer.az xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycanın ərəb dünyasını təmsil edən ölkələrlə siyasi, iqtisadi və digər sahələri əhatə edən sıx əlaqələrinin olduğunu deyərək, münasibətlərin genişləndirilməsində özünün ərəb ölkələrinə, ərəb dövlətlərinin liderlərinin isə Azərbaycana səfərlərinin rolunu qeyd etdi.
Dövlətimizin başçısı ölkəmizin islam həmrəyliyinin gücləndirilməsinə verdiyi töhfələrə toxundu, bu xüsusda Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarının əhəmiyyətini vurğuladı.
Prezident İlham Əliyev Azərbaycanla Ərəb Dövlətləri Liqası arasında yüksək səviyyədə əlaqələrin qurulduğunu dedi, Məhəmməd Əhməd Əl-Yammahinin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin səmərəli olacağına əminliyini bildirdi.
Qonaq ilk növbədə dövlətimizin başçısına qəbula görə minnətdarlığını ifadə etdi.
Ərəb Parlamentinin prezidenti Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması istiqamətində əldə edilmiş nailiyyətlər münasibətilə təbriklərini çatdıraraq, regionda və dünyada sülhün bərqərar edilməsində Prezident İlham Əliyevin xüsusi rolunu qeyd etdi və dünyanın dövlətimizin başçısı kimi liderlərə ehtiyacı olduğunu bildirdi.
Prezident İlham Əliyev xoş sözlərə və təbriklərə görə minnətdarlığını ifadə etdi, sülhün əldə olunmasının bütövlükdə regionun inkişafı üçün mühüm əhəmiyyət daşıdığını dedi, sülh gündəliyinin irəli aparılmasında ABŞ Prezidentinin xüsusi roluna toxundu.
Qonaq ərəb dünyasının gündəliyində duran məsələlərdə, o cümlədən Fələstin məsələsində göstərdiyi qətiyyətli dəstəyə görə dövlətimizin başçısına ərəb xalqı adından dərin təşəkkürünü bildirdi.
Azərbaycanın həmişə Ərəb Dövlətləri Liqasının yekdil mövqeyinə uyğun olaraq Fələstin məsələsinin "iki dövlət" prinsipi əsasında həllini dəstəklədiyini vurğulayan Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampın və Misir Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Şarm-əl-Şeyxdə keçirilmiş Yaxın Şərq Sülh Sammitində iştirakını, həmçinin Azərbaycanın Sülh Şurasına dəvət edildiyini məmnunluqla xatırladı, ölkəmizin sülh prosesinə töhfə vermək əzmində olduğunu qeyd etdi.
Dövlətimizin başçısı Azərbaycanın xarici siyasətində müsəlman, o cümlədən ərəb ölkələri ilə əlaqələrin inkişafının prioritet istiqamətlərdən biri olduğunu dedi.
Söhbət əsnasında Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa və quruculuq işlərinə toxunuldu. Prezident İlham Əliyev 30 ilə yaxın davam edən işğal dövründə Ermənistan tərəfindən maddi mədəniyyət abidələrimizin, o cümlədən İslam dininə aid abidələrin, məscidlərin dağıldığını bildirdi, hazırda onların bərpa olunduğunu qeyd etdi.
Görüşdə Azərbaycanla Ərəb Dövlətləri Liqasının qanunverici orqanı olan Ərəb Parlamenti arasında əməkdaşlığın perspektivlərinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparıldı.







Prezident minatəmizləmədə fərqlənənləri təltif etdi - Siyahı
Azərbaycanla bu ölkə sürücülük vəsiqələrini qarşılıqlı tanıyacaq
Dövlət qurumunun 17 yüksəkvəzifəli şəxsi cəzalandırılıb - RƏSMİ
Bir milyardlıq maliyyə pozuntusu iddiası: Saleh Məmmədovla bağlı ciddi ittihamlar
Sahil Babayevin yeni hədəfləri: Antiinhisar Maliyyə Nazirliyinin tabeliyinə verilə bilər
Bir icra başçısı işdən çıxardı, digəri vəzifə verdi - FOTO
Bu obyektlərə hüquqi mühafizə verilməyəcək - Prezident təsdiqlədi
Azərbaycanda yeni təqaüd təsis olundu - FƏRMAN
Müdafiə nazirinin yanındakı general kimdir? - DOSYE - FOTO
Bu yolda sürət həddi bərpa edildi
Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti qismən bərpa olundu - YENİLƏNİB










