Laçındakı “Simurq” kitabxanası niyə bağlanır? - AÇIQLAMA - YENİLƏNİB

Xəbərlər 12 Avqust 2026 13:03
Laçındakı “Simurq” kitabxanası niyə bağlanır? - AÇIQLAMA   - YENİLƏNİB
WhatsApp kanalımıza abunə olun

"Simurq" Mədəniyyət Nazirliyinin tabeliyində olan kitabxana olmayıb və özəl təşəbbüs kimi fəaliyyətə başlayıb.

Avtosfer.az xəbər verir ki, bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsindən verilib.

Qeyd olunub ki,bununla belə, təşəbbüsə dəstək məqsədilə Azərbaycan Milli Kitabxanası tərəfindən onun fonduna 185 adda kitab ianə edilib.

"İşğaldan azad olunmuş ərazilərdə Böyük Qayıdış Proqramına uyğun olaraq mədəni həyatın bərpası və dayanıqlı mədəni xidmətlərin təşkili istiqamətində ardıcıl iş aparılır. Bu çərçivədə Laçında Şəhər Günləri mütəmadi əsaslarla keçirilir, müxtəlif tamaşa və film nümayişləri, bədii kollektivlərin qastrol səfərləri və konsert proqramları təşkil olunur. Yaxın zamanda I Laçın Beynəlxalq Film Festivalının keçirilməsi nəzərdə tutulur, eyni zamanda müxtəlif beynəlxalq mədəni layihələrin təşkili istiqamətində işlər davam etdirilir", - deyə məlumatda bildirilir.

***11:41

Laçında iki il əvvəl fəaliyyətə başlamış “Simurq” kitabxanası bağlanır. 

Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə kitabxananın sosial şəbəkə hesabında paylaşım olunub. 

İddia olunur ki, artıq 6 aydır fəaliyyəti dayandırılmış kitabxana gəlirli biznes sahəsi olmadığına görə tamamilə bağlanılır.

Tanınmış dövlət xadimi Tağı Şahbazi Simurqun adını daşıyan kitabxana Bakı Abadlıq Xidmətinin nəzdində olub. Kitabxana fondu AMEA, BDU, AYB, M.F. Axundov adına Milli Kitabxananın, eləcə də müxtəlif şəxslərin könüllü ianələri hesabına formalaşdırılmışdı. Qısa müddət ərzində burada 4 000-ə yaxın kitabdan ibarət zəngin fond yaradılmışdı.

Məsələ ilə əlaqədar Bakı Abadlıq Xidməti ilə əlaqə saxladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, Xidmət Laçın şəhərinin abadlaşdırılması zamanı yalnız şəhər infrastrukturunun qurulmasına deyil, yeni köçəcək sakinlər üçün mədəni və sosial mühitin formalaşdırılmasına da dəstək verib: “Bu çərçivədə keçmiş klub binası yenidən qurularaq “La Cinema” kinoteatrı bərpa edilib, Hoçazfilm kinopavilyonunun, “Gilabi Ceramics” yaradıcılıq mərkəzinin yaradılmasına və ilkin mərhələdə fəaliyyətinə dəstək göstərib. Lakin uzunmüddətli mədəni layihələrin saxlanılması və maliyyələşdirilməsi şirkətin əsas fəaliyyət istiqamətinə daxil deyil. Layihələrin gələcək fəaliyyəti də onların real tələbatı və özünü təminetmə imkanları nəzərə alınmaqla formalaşıb. “Simurq” kitabxanası da o cümlədən ayrıca kitabxana müəssisəsi kimi deyil, yenidən qurulmuş “La Cinema” kinoteatrının texniki-inzibati hissəsində yerləşən çox kiçik bir otaqda təşəbbüs kimi yaradılıb. Kitab fondu əsasən müxtəlif şəxslərin və qurumların hədiyyə etdiyi kitablardan formalaşıb. Buna baxmayaraq, Bakı Abadlıq Xidməti 3 ilə qədər müddətdə burada iki əməkdaşın çalışmasını təmin edib.

Hazırda “La Cinema”da keçiriləcək ilk beynəlxalq film festivalına hazırlıq çərçivəsində təmir və yenilənmə işləri aparılır. Kinoteatrın yeni funksional və texniki tələbləri nəzərə alınaraq kitabxana fondunun gələcək istifadəsi məsələsi aidiyyəti qurumların diqqətinə çatdırılıb. Fondun inventarlaşdırılaraq təmənnasız şəkildə şəhər məktəbinin kitabxanasına verilməsi təklif olunub.

Bakı Abadlıq Xidməti kitabxananın yaradılmasına və uzun müddət fəaliyyət göstərməsinə dəstək verməklə bu təşəbbüslə bağlı üzərinə düşəni yerinə yetirib. Bundan sonrakı mərhələdə kitabxananın fəaliyyətinin davam etdirilməsi və ya fondunun harada saxlanılması isə artıq aidiyyəti dövlət qurumlarının səlahiyyətində olan məsələdir”.

Oxunub : 162
ŞƏRH YAZ
Ad

E-mail

Şərh