Netanyahunu qorxuya salan türk qadın kimdir? - FOTO

Almaniyanın paytaxtı Berlində sabah keçiriləcək əyalət seçkiləri ərəfəsində Türkiyə əsilli siyasətçi Elif Eralp diqqət mərkəzinə düşüb.
Avtosfer.az xəbər verir ki, Sol Partiyanın (Die Linke) Berlin əyalətinin baş nazirliyinə namizədi olan 45 yaşlı Elif Eralp son sorğularda partiyasının ilk sırada göstərilməsi ilə seçki yarışının əsas simalarından birinə çevrilib.

Elif Eralp İsrailin Baş naziri Binyamin Netanyahu ilə bağlı açıqlaması ilə də gündəmə gəlib.
Eralp bildirib ki, Netanyahu Berlinə gələrsə, onun barəsində Beynəlxalq Cinayət Məhkəməsinin qərarı çərçivəsində həbs məsələsinin həyata keçirilməsi üçün hüquqi mübarizə aparacaq.
Eralpın seçki kampaniyasının əsas mövzularından biri Berlində mənzil və kirayə problemidir. O, yüksək kirayə haqlarının aşağı salınmasını və daha əlçatan mənzillərin yaradılmasını müdafiə edir.

Die Linke iri mənzil şirkətlərinə məxsus çoxsaylı mənzillərin ictimai mülkiyyətə keçirilməsini də kampaniyanın əsas vədlərindən biri kimi irəli sürür.
45 yaşlı Elif Eralp Türkiyədən Almaniyaya köçmüş ailənin övladıdır. O, Berlində hüquqşünas kimi fəaliyyət göstərib və 2021-ci ildən Berlin Abgeordnetenhausunun deputatıdır. Hazırda 2026-cı il seçkilərində Die Linke-nin əsas namizədi kimi mübarizə aparır.
Eralpın yüksəlişi xarici mediada da diqqət çəkib. Bəzi xəbərlərdə onun Nyu-York meri Zöhran Məmdani ilə müqayisə edildiyi qeyd olunur.
Berlin sakinləri 20 sentyabrda yeni Abgeordnetenhaus üçün səs verəcəklər. Sorğular seçki öncəsi mənzərəni göstərir və yekun nəticəni müəyyən etmir.

Elif Eralp kimdir?
1981-ci ildə Münhendə anadan olan Eralpın ailəsi 12 sentyabr 1980-ci il hərbi çevrilişindən sonra Türkiyəni tərk edərək Almaniyaya sığınıb. Həmkarlar ittifaqı və sol siyasi hərəkatlarla əlaqəli olan ailə ilk dövrdə sığınacaq müraciətinin nəticəsini gözləyərkən bir otaqda yaşayıb.
Eralpın anası həmin vaxt səkkiz aylıq hamilə olub. Ailə daha sonra atasının həkim kimi çalışdığı Dortmund şəhərinə, Eralp 8 yaşında olarkən isə Hamburqa köçüb.

12 YAŞINDA QƏRAR VERİB
Eralp uşaqlıq illərindən ailəsinin siyasi fəaliyyətlərinin içində böyüdüyünü bildirir. Onun sözlərinə görə, valideynləri onu müxtəlif nümayişlərə aparıb.
Ailəsinin yaşadığı təcrübə və Almaniyada miqrant ailələrə münasibətlə bağlı müşahidələri Eralpın gələcək karyerasına təsir edib.
O, 12 yaşında insan hüquqları üzrə vəkil olmaq qərarına gəldiyini və hüquq təhsilini Hamburqda başa vurduğunu deyir.
.jpg?format=webp&width=1200&height=630)
SİYASİ FƏALİYYƏTƏ UŞAQ YAŞLARINDA BAŞLAYIB
Eralp siyasi fəaliyyətinin ilk addımını 10 yaşında atdığını bildirir. O zaman dostları ilə yaşadıqları binanın qarajında ətraf mühit klubu yaratdıqlarını söyləyir.
Sonrakı illərdə nüvə enerjisinə qarşı aksiyalarda, irqçilik və şəhər çevrilməsi ilə bağlı ictimai kampaniyalarda iştirak edib.
Eralpın Sol Partiyadakı peşəkar fəaliyyəti 2010-cu ildən başlayıb. 2010-2021-ci illərdə Bundestaqda Sol Partiyanın parlament qrupunda hüquq siyasəti üzrə məsləhətçi işləyib.
2017-ci ildə Sol Partiyasına üzv olan Eralp bu qərarını parlamentdə neoliberal siyasətlərə alternativ yaratmaq və sağçı AfD-yə qarşı mübarizə aparmaq istəyi ilə izah edib.
2021-ci ildən Berlin Dövlət Parlamentinin deputatı olan Eralp 2024-cü ildən Sol Partiyasının parlament qrupunda rəhbər vəzifələrdən birini tutur. 2025-ci ildən isə partiyanın Berlin təşkilatının sədr müavinidir.

BERLİNİN KİRAYƏ BÖHRANINI HƏLL ETMƏYİ VƏD EDİR
Eralpın 2026-cı il seçki kampaniyasının əsas mövzularından biri Berlində mənzil və yüksək kirayə problemidir.
O, kirayə artımının məhdudlaşdırılması üçün "kirayə limiti" tətbiq etməyi, əlverişli mənzillərin sayını artırmağı və yüksək kirayələrlə mübarizə aparmaq üçün xüsusi mexanizm yaratmağı təklif edir.
Sol Partiyanın proqramında iri daşınmaz əmlak şirkətlərinin nəzarətində olan mənzillərin ictimai mülkiyyətə keçirilməsi də yer alır.
Eralp bu problemlərin bir gecədə həll edilə bilməyəcəyini etiraf edir. Bununla belə, seçiləcəyi təqdirdə prosesə ilk gündən başlayacağını bildirir.

MİQRANTLARIN SİYASİ TƏMSİLİNİ İSTƏYİR
Eralp uzun illərdir miqrasiya və ayrı-seçkilik məsələləri ilə bağlı fəaliyyət göstərir.
O, Berlin əhalisinin böyük hissəsinin miqrasiya keçmişinə malik olduğunu vurğulayaraq, bu insanların şəhərin siyasi və sosial həyatında daha çox təmsil olunmasının vacibliyini müdafiə edir.
Eralpın sözlərinə görə, Almaniyanın inkişafında mühüm rol oynayan "qonaq işçi" nəsilləri uzun müddət cəmiyyət tərəfindən lazımi səviyyədə tanınmayıb.

AİLƏLİDİR, İKİ ÖVLADI VAR
2010-cu ildə Berlinə köçən Elif Eralp evlidir və iki uşaq anasıdır. Özünün bildirdiyinə görə, Berlində kirayə mənzildə yaşayır.
Türk və alman dilləri ilə yanaşı, ispan və ingilis dillərini də bilir.
Hazırda Eralpın adı Berlin əyalət seçkiləri ərəfəsində ən çox müzakirə olunan siyasətçilərdən biri kimi gündəmə gəlib. Onun seçki kampaniyasının əsas istiqamətlərini mənzil problemi, sosial ədalət və miqrantların siyasi təmsilçiliyi təşkil edir./nocomment.az
Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
Sürücülərin nəzərinə: Yollar bağlı olacaq - bu saatlara DİQQƏT EDİN!
Bu qurumda yoxlamalar aparıldı
“28 May”da avtobuslar neçə dəqiqədən bir hərəkət edir? - VİDEO
Azərbaycan XİN-dən Fransanın "səyahət xəbərdarlığı"na sərt reaksiya
Bakının daha iki küçəsində avtobus zolağı təşkil edilir - FOTO
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO
İlham Əliyev sosial şəbəkə hesablarında Şamaxı səfəri ilə bağlı paylaşım edib - VİDEO
Məktəblərdə yeni təhsil modelinin tətbiqi şagirdlərə nə qazandıracaq? - AÇIQLAMA












