Prezident həmkarlarını təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyana təbrik məktubu ünvanlayıb.
Avtosfer.az xəbər verir ki, məktubda deyilir:
“Əlahəzrət,
Əziz Qardaşım,
Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün qardaş xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Sizin qətiyyətli liderliyiniz altında ölkədə aparılan irimiqyaslı quruculuq işlərini, möhtəşəm və nümunəvi inkişafı görməkdən böyük sevinc duyuruq. Bütün bunlar Sizin çoxşaxəli fəaliyyətinizin, müdrik rəhbərliyinizin, Vətənə və xalqa yorulmadan göstərdiyiniz xidmətin bəhrəsidir.
Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələr xalqlarımız arasında qardaşlığa, dostluğa, qarşılıqlı etimada, anlaşmaya və dəstəyə əsaslanır. Ötən dövr ərzində bu möhkəm təməllər üzərində qurulmuş dövlətlərarası münasibətlərimizin yüksələn xətt üzrə inkişaf edərək keyfiyyətcə yeni səviyyəyə çatması məmnunluq doğurur. Şübhəsiz ki, ali səviyyəli müntəzəm qarşılıqlı səfərlər, görüşlər, sıx əməkdaşlığımız bu münasibətlərin daha sürətlə inkişafına və möhkəmlənməsinə şərait yaradır.
Sentyabr ayında Sizin Azərbaycana rəsmi səfəriniz ikitərəfli əlaqələrimizin inkişafına yeni təkan vermişdir. Səfər çərçivəsində imzalanmış bir sıra sənədlər, xüsusilə də “Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələri haqqında Birgə Bəyannamə” dövlətlərarası əlaqələrimizi daha yüksək pilləyə qaldırmış, əməkdaşlığımızın ənənəvi sahələri ilə yanaşı yeni istiqamətlər üzrə də birgə fəaliyyətimizi genişləndirmişdir. Eyni zamanda səfər zamanı işğaldan azad olunmuş Qarabağ regionunu ziyarət etməyiniz xüsusi rəmzi məna daşıyır və biz bunu qardaşlığımızın və həmrəyliyimizin bariz nümunəsi olaraq dəyərləndiririk.
Hazırda Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında əməkdaşlıq geniş gündəliyə malikdir. İqtisadi-ticari, neft-qaz, bərpaolunan enerji, investisiya, rəqəmsallaşdırma və digər sahələrdə səmərəli birgə fəaliyyətimiz uğurla inkişaf edir.
Əminəm ki, ölkələrimizin və xalqlarımızın rifahına xidmət edəcək əməkdaşlığımızın dərinləşdirilməsi və şaxələndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da ardıcıl olaraq və uğurla davam etdirəcəyik.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər, Birləşmiş Ərəb Əmirliklərinin qardaş xalqına daim firavanlıq və rifah arzulayıram”.
Dövlət başçısı həmçinin Laos Prezidenti Zati-aliləri Thonqlun Sisulitə də təbrik məktubu ünvanlayıb:
“Hörmətli cənab Prezident,
Laos Xalq Demokratik Respublikasının yaranmasının 50-ci ildönümü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından
səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram.
Azərbaycan Laos ilə əlaqələrin genişlənməsinə, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir.
Əminəm ki, ölkələrimiz arasında dostluq münasibətlərini möhkəmləndirmək, qarşılıqlı faydalı əməkdaşlığımızın potensialından tam bəhrələnmək üçün bundan sonra da birgə səylər göstərəcəyik.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza daim əmin-amanlıq və rifah arzulayıram”.
Azərbaycanlıların da olduğu gəmi vuruldu - VİDEO
Bakının 110 küçə və prospektində eyni vaxtda təmir gedir - AAYDA - FOTO
Bakı Avtovağzalı iyul statistikasını açıqladı: 198 mindən çox sərnişin yola salınıb - FOTO
Bakı Qızlar Universitetinin tələbələrinin köçürüləcəyi universitetlər açıqlandı - RƏSMİ
Zakir Həsənov hərbi attaşelərlə GÖRÜŞÜB - FOTO
Hasil Abbasov iki şöbə müdirini işdən çıxardı - YENİ TƏYİNAT
Qatarla Gürcüstana gedənlərə ŞAD XƏBƏR - Sərhəddə keçid müddəti 2 dəfə AZALDILIR - FOTO
Azərbaycanda avtonom nəqliyyata nəzarət mərkəzi yaradılacaq - Prezident TƏSDİQLƏDİ
Xocavənddə mina partlayışı: Yaralanan şəxsin vəziyyəti açıqlandı - YENİLƏNİB
Xocalının Şuşakəndində ilk körpə dünyaya gəlib - FOTO
Tovuzda minik avtomobili yük maşınına çırpılıb, xəsarət alan var - FOTO










