Prezident onlara SƏRT xəbərdarlıq etdi: Nələr olacaq?

Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təhlükəsizlik qurumlarının rəhbərlərini qəbul edərkən səsləndirdiyi fikirlər Cənubi Qafqazda və bütövlükdə Türk coğrafiyasında yeni təhlükəsizlik arxitekturasının konturlarını bir daha açıq şəkildə ortaya qoydu. Dövlət başçısının Azərbaycandakı daxili sabitliyi hədəf alan xain, antimilli və satqın ünsürlərin cəmiyyət tərəfindən tamamilə rədd edildiyini vurğulaması, eyni zamanda sərhədlərimizdən kənarda vüsət alan qlobal müharibələrə diqqət çəkməsi son dərəcə mühüm strateji siqnaldır. Ölkə başçısı haqlı olaraq qeyd edib ki, Azərbaycanın həm şimalında, həm də cənubunda qonşuların müharibə şəraitində olması, həmçinin bəzi beynəlxalq mərkəzlərdən dövlət maraqlarımıza qarşı yönələn şablon və primitiv təxribat metodları heç vaxt səngimir. Xüsusilə də bədxahların əsas səylərini hələ formalaşma mərhələsində olan gənc nəslə yönəltməsi, onları manipulyasiya etməyə çalışması dövlət qurumlarının, o cümlədən Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) sayıqlığını ikiqat artırmağı tələb edir. Elə bu xəbərdarlıqdan dərhal sonra DTX-nin ölkədə qanlı terror aktları törətməyi, nüfuzlu ictimai və din xadimlərini hədəf seçməyi planlaşdıran xarici xüsusi xidmət orqanları ilə əlaqəli radikal terror dəstəsini zərərsizləşdirməsi bir daha sübut etdi ki, təhdidlər realdır. Bəs Prezidentin "sabitliyi pozmaq istəyən qüvvələr" dedikdə məhz kimlər nəzərdə tutulur, ölkəmizə qarşı duran əsas təhlükələr nədən ibarətdir və illərdir xalqın iradəsindən kənarda qalan bu antimilli strukturlar kimlərə xidmət edir?
Məsələ ilə bağlı açıqlama verən tanınmış politoloq, professor Qabil Hüseynli bildirib ki, Prezident İlham Əliyevin bu sərt və birmənalı xəbərdarlığı təsadüfi deyil, əksinə, qlobal güc mərkəzlərinin Cənubi Qafqazda yenidən xaos yaratmaq cəhdlərinə qarşı verilən qətiyyəti əks etdirir:
"Cənab Prezident çox dəqiq vurğuladı ki, ölkəmizin daxilindəki radikal ünsürlər və ya xaricdən idarə olunan antimilli dairələr cəmiyyət tərəfindən tamamilə təcrid olunub və heç bir sosial bazaya malik deyillər. Lakin problem ondadır ki, bu marginal qruplar özləri müstəqil oyunçu deyil; onlar Qərbin bəzi anti-Azərbaycan mərkəzlərinin, erməni lobbisinin və regionda sülhü həzm edə bilməyən kənar kəşfiyyat şəbəkələrinin əlində ucuz alətə çevriliblər. Azərbaycanın əldə etdiyi tarixi Qələbəni, regionda yaratdığı yeni reallıqları və Zəngəzur dəhlizi kimi qlobal layihələri həzm edə bilməyən həmin dairələr daxildəki xain strukturlar vasitəsilə gənclərimizi zəhərləməyə, cəmiyyətdə süni qarşıdurma yaratmağa çalışırlar".
Ekspertin sözlərinə görə, Azərbaycanın perimetri boyu – həm şimalda, həm də cənubda gedən qanlı münaqişələr fonunda ölkəmizin sabitlik adası kimi qalması bəzi qüvvələri ciddi şəkildə qıcıqlandırır və məhz buna görə də terror, təxribat və informasiya müharibəsi vasitələri aktivləşdirilib:
"DTX-nin son əməliyyatları göstərdi ki, xarici havadarlarının sifarişi ilə ölkəmizdə terror törətmək, din xadimlərini hədəfə almaq və ictimai-siyasi sabitliyi silkələmək istəyən qüvvələr hələ də mövcuddur. Lakin Azərbaycan dövlətinin xüsusi xidmət orqanları və güc strukturları istənilən təhlükəni qabaqlayıcı tədbirlərlə neytrallaşdırmaq gücündədir. Prezidentin qətiyyətli siyasi iradəsi və xalq-iqtidar həmrəyliyi bütün bu xarici və daxili təxribat cəhdlərini əvvəlcədən məhvə məhkum edir"./nocomment.az
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO












