Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı

Azərbaycan Prezidenti İlham Əliyev Xalq artisti Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb.
Avtosfer.az-ın məlumatına görə, mətndə deyilir:
Azərbaycan mədəni ictimaiyyətinə ağır itki üz vermişdir. Milli kino sənətinin görkəmli nümayəndəsi, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Dövlət mükafatı laureatı, Xalq artisti Rasim Əhməd oğlu Balayev 2026-cı il martın 29-da ömrünün 78-ci ilində vəfat etmişdir.
Rasim Balayev 1948-ci il avqustun 8-də Ağsu şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1965–1969-cu illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsində təhsil almış, 1969–1972-ci illərdə həmin institutun Tədris Teatrında aktyor kimi fəaliyyət göstərmişdir.
Rasim Balayev 1972-ci ildən etibarən “Azərbaycanfilm” kinostudiyasının aktyoru olmuş, eyni zamanda 1990-cı ildən Azərbaycan Kinematoqrafçılar İttifaqı idarə heyətinin birinci katibi vəzifəsini tutmuş, 2022-ci ildə isə İttifaqın sədri seçilmişdir.
“Azərbaycanfilm” kinostudiyasına gəldiyi ilk vaxtlardan istedadlı aktyor kimi tanınan Rasim Balayev özünəməxsus ifa tərzi və yüksək səhnə mədəniyyəti sayəsində qısa müddət ərzində kino həvəskarlarının qəlbinə yol tapmışdır. Onun ekran həyatı verdiyi, böyük təsir gücünə malik yaddaqalan obrazlar geniş tamaşaçı kütləsi tərəfindən hər zaman rəğbətlə qarşılanmışdır.
Azərbaycan kino sənətinin parlaq ənənələrindən ustalıqla faydalanan sənətkar olaraq Rasim Balayevin keçdiyi yaradıcılıq yolu milli kino mədəniyyəti tarixində xüsusi bir mərhələ təşkil edir. Onun baş rollarda çəkildiyi filmlər Azərbaycan kinosunun qızıl fonduna daxildir. Sənətkarın obrazın mənəvi aləminə dərindən nüfuz etməklə canlandırdığı rəngarəng surətlər kino salnaməmizin unudulmaz səhifələrindəndir. Fitri istedadla yaradılan bu bənzərsiz xarakterlər daim özünəməxsusluğu ilə seçilmiş və diqqət mərkəzində dayanmışdır.
Ustad sənətkar qəhrəmanlıq dolu tarixi keçmişimizin və eləcə də müasirlərimizin obrazlarına ekran həyatı verərkən dövrün mənzərəsini yaratmağa müvəffəq olmuşdur. Xalqımızın milli-mənəvi sərvətlərinin təbliğində və yetişməkdə olan gənc nəslin vətənə sədaqət ruhunda tərbiyə olunmasında Rasim Balayevin oynadığı bütün bu rollar mühüm əhəmiyyət kəsb edir. Sənətkarın ifasında əfsanəvi Babək və Nəsimi obrazları Azərbaycan kinematoqrafiyasının xüsusilə böyük uğurlarından hesab edilir.
Rasim Balayev Azərbaycanın hüdudlarından kənarda da ekranlaşdırılmış filmlərdə yaddaqalan obrazlar yaradaraq bir daha özünün sənətkarlıq məharətini nümayiş etdirmişdir.
Cəmiyyət həyatında baş verən proseslərə dərin vətəndaşlıq duyğusu ilə yanaşan Rasim Balayev həmçinin ictimai xadim kimi tanınırdı. O, milli-mənəvi dəyərlərimizin qorunub yaşadılması üçün qüvvə və bacarığını əsirgəmirdi.
Rasim Balayevin milli kino mədəniyyətinin inkişafı sahəsindəki xidmətləri layiqincə qiymətləndirilmişdir. O, müxtəlif illərdə yüksək dövlət mükafatlarına və fəxri adlara layiq görülmüş, müstəqil Azərbaycanın ali mükafatlarından olan “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenləri ilə təltif edilmişdir.
Görkəmli sənətkar, qayğıkeş və təvazökar insan Rasim Balayevin işıqlı xatirəsi xalqımızın qəlbində həmişə yaşayacaqdır.
Allah rəhmət eləsin!
İlham Əliyev
Mehriban Əliyeva
Əli Əsədov
Sahibə Qafarova
Samir Nuriyev
Eldar Əzizov
Fərəh Əliyeva
Adil Kərimli
Polad Bülbüloğlu
Anar Rzayev
Hacı İsmayılov
Şəfiqə Məmmədova
Oqtay Mirqasımov
Fəxrəddin Manafov
Azərbaycanda avtonom nəqliyyata nəzarət mərkəzi yaradılacaq - Prezident TƏSDİQLƏDİ
Xocavənddə mina partlayışı: Yaralanan şəxsin vəziyyəti açıqlandı - YENİLƏNİB
Xocalının Şuşakəndində ilk körpə dünyaya gəlib - FOTO
Tovuzda minik avtomobili yük maşınına çırpılıb, xəsarət alan var - FOTO
Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı NEKROLOQ
Baş nazir azad edilmiş ərazilərlə bağlı qərar imzaladı
Yeni fond yaradılacaq - Prezident təsdiqlədi
Prezident bu QANUNU TƏSDİQLƏDİ
Baş nazirdən Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı QƏRAR
İranın Hörmüz boğazı ilə bağlı yeni qərarı daha çox ABŞ-yə sərf edir - POLİTOLOQ - FOTO
Tovuz döyüşləri Ermənistanın əsl niyyətini ortaya qoydu - POLİTOLOQ - FOTO










