Prezidentdən qurultay iştirakçılarına - Müraciət

Azərbaycan Prezidenti İlham Əliyev Ağsaqqallar Şurasının IX Qurultayının iştirakçılarına müraciət ünvanlayıb.
Avtosfer.az xəbər verir ki, müraciətdə deyilir:
“Hörmətli qurultay iştirakçıları!
Sizi Azərbaycan Ağsaqqallar Şurasının IX Qurultayının işə başlaması münasibətilə ürəkdən təbrik edirəm.
Azərbaycan xalqının qədim mənəvi-əxlaqi dəyərlərinə söykənən ağsaqqallıq ənənəsi milli irsimizin ən mühüm dayaqlarından biridir. Ağsaqqallara hörmət həm Azərbaycan şifahi xalq ədəbiyyatında, həm də yazılı ədəbiyyatında fundamental bir dəyər kimi daim ön planda yer alır. Təsadüfi deyil ki, xalqımızın tarixi keçmişini, adət-ənənələrini əks etdirən “Kitabi-Dədə Qorqud” dastanında ağsaqqal nəsihətinə və sözünə ehtiram ən yüksək əxlaqi keyfiyyət kimi təsvir olunub.
Xalqımızın tarixi ənənələrini rəhbər tutaraq üzərilərinə düşən vacib missiyanı daim uğurla həyata keçirən ağsaqqallarımız cəmiyyətdə əxlaqi-mənəvi dəyərlərin qorunub saxlanmasının və nəsillərarası varisliyin təminatçısı olaraq çıxış edirlər. Eyni zamanda milli dövlətçilik ənənələrinin davam etdirilməsi və vətəndaş həmrəyliyinin möhkəmləndirilməsində ağsaqqallarımızın müstəsna xidmətləri vardır.
Məhz ağsaqqallarımızdan vətənpərvərlik və fədakarlıq tərbiyəsi alan gənclərimiz Vətən müharibəsində şanlı Zəfərimizin əldə olunmasında mühüm rol oynayıblar. 30 ildən çox torpaq həsrəti ilə yaşamış, müharibənin ağrı-acısını görmüş böyüklərimizin gənc nəslə aşıladığı milli qürur və Vətən sevgisi sayəsində xalqımızın müasir hərb tarixinə yeni bir səhifə yazıldı.
Sevindirici haldır ki, bu gün ağsaqqallarımız ölkə həyatının bütün sahələrində fəal iştirak edirlər. Dünyada artan təhdidlər, xüsusilə də qloballaşma və sosial şəbəkə platformalarının zərərli təsirləri nəticəsində bir çox ölkələrdə milli-mənəvi və ailə dəyərlərinin deformasiyaya uğraması Azərbaycanda mövcud olan ağsaqqallıq institutunun əhəmiyyətini və rolunu daha qabarıq şəkildə vurğulayır. Gənclərimizi milli vətənpərvərlik və öz köklərinə bağlı ruhda yetişdirmək, onları düzgün yola istiqamətləndirmək ağsaqqallarımız qarşısında duran əsas vəzifələrdən biridir.
Keçən əsrin sonlarında yaranan və sıralarında həyatını cəmiyyətə xidmətə həsr etmiş tanınmış xadimləri birləşdirən Azərbaycan Ağsaqqallar Şurası böyük yol keçərək bu gün də ölkəmizin inkişafına töhfə verir. Şura ölkənin ictimai-siyasi və humanitar inkişafında, cəmiyyət həyatının aktual məsələlərinin həllində və gənc nəslin tərbiyəsində iştirak edir.
İnanıram ki, IX Qurultayda aparılacaq müzakirələr və qəbul olunacaq qərarlar Ağsaqqallar Şurasının fəaliyyətinin təkmilləşdirilməsinə, ölkənin ictimai-siyasi həyatında təşkilatın rolunun daha da güclənməsinə xidmət edəcəkdir.
Qurultayın işinə uğurlar, hər birinizə isə möhkəm cansağlığı, uzun ömür, dəyərli ictimai fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram”.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












