Prezidentdən Roma Papasına məktub

Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu göndərib.
Avtosfer.az xəbər verir ki, məktubda deyilir:
“Zati-müqəddəsləri,
Müqəddəs Milad bayramı münasibətilə Sizə və Sizin simanızda bütün həmməzhəblərinizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Mərhəmət, xeyirxahlıq kimi ülvi hissləri özündə təcəssüm etdirən, yeni ruh gətirən bu nurlu bayram özünün bütün məramı ilə insanlar arasında qarşılıqlı anlaşmanı, dəstəyi və birliyi tərənnüm edir. Azərbaycan cəmiyyətinin ayrılmaz hissəsi olan xristian icması tərəfindən bu bayramın daim xüsusi coşqu və yüksək əhval-ruhiyyə ilə qeyd edilməsi ölkəmizdə hökm sürən etnik-mədəni müxtəliflik, zəngin multikulturalizm ənənələrinin bariz təzahürüdür.
Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu, əsrlər boyu milli-mədəni rəngarənglik və tolerantlıq mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı etimad və hörmət şəraitində birgə yaşadığı nadir diyarlardan biridir. Biz bütün bunlarla fəxr edir və bu dəyərləri milli sərvət kimi qoruyuruq. Təsadüfi deyil ki, xalqlararası dostluğun və dinlərarası harmoniyanın, multikulturalizm və tolerantlıq ənənələrinin qorunması Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən olmaqla yanaşı ilk növbədə xalqımızın təbii yaşam tərzidir.
Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır. Yüz illər boyu Azərbaycanda məskunlaşıb vahid ailə kimi yaşayan xristian vətəndaşlarımız Vətənlərinin ictimai-siyasi və sosial-mədəni həyatının bütün sahələrində yaxından iştirak edərək doğma ölkəmizin rifahına böyük töhfələr verirlər. Ərazimizdə mövcud olan qədim xristian irsi, məbədlər, kilsələr və digər ibadət yerləri, məscidlər və sinaqoqlar kimi eyni səviyyədə Azərbaycan dövləti tərəfindən mühafizə olunur. Ölkəmiz eyni zamanda dünya mədəni irsinin incilərindən sayılan xristian abidələrinin qorunmasında fəal rol oynayaraq mədəniyyətlərarası dialoqu təşviq edir.
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında formalaşmış münasibətlər bizi sevindirir. İkitərəfli əlaqələrimizin tarixi çoxsaylı qarşılıqlı səfərlər, daimi təmaslar və əlamətdar hadisələrlə zəngindir. Məmnunluqla qeyd etmək istərdim ki, ölkəmizdə sayca ikinci olacaq və Papa II İohann Pavelin şərəfinə ucaldılacaq yeni katolik kilsəsi ölkəmizdə katolik dini icmasına göstərilən böyük diqqət və qayğının təzahürü, Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında yüksək səviyyəli əlaqələrin yeni rəmzidir.
Zati-müqəddəsləri,
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlərin möhkəmlənməsinə verdiyiniz töhfəyə görə Sizə təşəkkürümü bildirir, ölkəmizin multikulturalizm və tolerantlıq ənənələrini daim yüksək dəyərləndirdiyiniz üçün minnətdarlığımı ifadə edirəm.
Əminəm ki, Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasındakı səmərəli əməkdaşlıq bundan sonra da dünyada dinlərarası və mədəniyyətlərarası anlaşmanın təşviqi, ümumbəşəri dəyərlərin qorunub saxlanması, insanlar arasında həmrəyliyin bərqərar olmasına xidmət edəcəkdir.
Bu xoş fürsətdən istifadə edərək Sizə doğum gününüz və qarşıdan gələn Yeni, 2025-ci il münasibətilə də ən səmimi təbriklərimi yetirir, möhkəm cansağlığı, xoşbəxtlik, xeyirxah və müqəddəs missiyanızda uğurlar diləyirəm”.
Xocavənddə mina partlayışı: Yaralanan şəxsin vəziyyəti açıqlandı - YENİLƏNİB
Xocalının Şuşakəndində ilk körpə dünyaya gəlib - FOTO
Tovuzda minik avtomobili yük maşınına çırpılıb, xəsarət alan var - FOTO
Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı NEKROLOQ
Baş nazir azad edilmiş ərazilərlə bağlı qərar imzaladı
Yeni fond yaradılacaq - Prezident təsdiqlədi
Prezident bu QANUNU TƏSDİQLƏDİ
Baş nazirdən Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı QƏRAR
İranın Hörmüz boğazı ilə bağlı yeni qərarı daha çox ABŞ-yə sərf edir - POLİTOLOQ - FOTO
Tovuz döyüşləri Ermənistanın əsl niyyətini ortaya qoydu - POLİTOLOQ - FOTO
İlham Əliyev Fərman İmzaladı










