Prezidentin səfir təyin etdiyi Rəşad Aslanov kimdir? - DOSYE

Xəbərlər 24 İyul 2026 14:23
Prezidentin səfir təyin etdiyi Rəşad Aslanov kimdir? - DOSYE
WhatsApp kanalımıza abunə olun

Prezident İlham Əliyevin sərəncamı ilə Rəşad Aslanov Azərbaycanın İtaliyada, eyni zamanda Malta, San-Marino və ölkəmizin Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Ümumdünya Ərzaq Proqramı, Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondu yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılaraq Türkiyəyə səfir təyin olunub.

Avtosfer.az Rəşad Aslanovun dosyesini təqdim edir:

Rəşad Aslanov 13 oktyabr 1977-ci ildə anadan olub. Bakı Dövlət Universitetini Beynəlxalq münasibətlər və Beynəlxalq hüquq fakültəsində, həmçinin beynəlxalq hüquq üzrə magistr (fərqlənmə ilə) təhsili alıb. Bundan başqa, Birmingem Universitetinin İnsan Hüquqları, Hüquq və Təcrübə üzrə Peşəkar İnkişaf Kursuna, həmçinin Dövlət İdarəçilik Akademiyasında Beynəlxalq Müqavilələr Hüququ üzrə mühazirəçi təhsilinə yiyələnib.

1999-cu ildə Xarici İşlər Nazirliyinin Beynəlxalq hüquq və müqavilələr idarəsinin referenti, 2004-cü ildə Xarici İşlər Nazirliyinin Beynəlxalq hüquq və müqavilələr idarəsinin attaşesi, üçüncü katibi vəzifəsinə təyin edilib.

Daha sonra, 2004-2008-ci illər aralığında Azərbaycan Respublikasının İtaliya Respublikasındakı səfirliyinin üçüncü və ikinci katibi, Azərbaycan Respublikasının İtaliyanın Roma şəhərində yerləşən BMT Agentlikləri yanında daimi nümayəndənin müavini vəzifəsində işləyib.

2009-cu ildə XİN-in Beynəlxalq hüquq və müqavilələr idarəsinin birinci katibi vəzifəsinə təyin olunub.

2011-16-cı illər aralığında XİN rəhbərinin köməkçisi işləyib.

2016-cı ildə Argentinada müvəqqəti işlər vəkili vəzifəsinə təyin edilib.

2016-22-ci illər aralığında Azərbaycanın Argentina Respublikasında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda, iqamətgahı Buenos-Ayres şəhərində olmaqla, AR-in Çili Respublikasında, Paraqvay Respublikasında, Çoxmillətli Boliviya Dövlətində və Uruqvay Şərq Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifələrində çalışıb.

2022-ci ildən bu günə qədər isə İtaliyada Azərbaycan səfiri vəzifəsində işləyib.

2023-cü ildə isə Azərbaycanın BMT Agentlikləri yanında (FAO, ÜƏP, IFAD) daimi nümayəndəsi, San-Marino Respublikasında fövqəladə və səlahiyyətli səfiri (iqamətgahı Roma şəhərində olmaqla), Malta Respublikasında fövqəladə və səlahiyyətli səfiri (iqamətgahı Roma şəhərində olmaqla) vəzifəsində işləyib.

İngilis, rus, türk, italyan, ispan dillərində sərbəst, ərəb dilində isə orta səviyyədə danışa bilir.
 

Oxunub : 116
ŞƏRH YAZ
Ad

E-mail

Şərh