Banner

Qohumunun evindən seyf oğurlayıb özünə maşın aldı - YENİLƏNİB

Xəbərlər 16 Sentyabr 2025 16:06 Oxunub 1210
Qohumunun evindən seyf oğurlayıb özünə maşın aldı   - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Sabirabad rayonunda mənzildən içərisində 60 min manat olan seyfin oğurlanması ilə bağlı bəzi təfərrüat məlum olub.

Avtosfer.az xəbər verir ki, hadisə rayonun Moranlı kəndində baş verib.

Kənd sakini Araz Qarayev həm qonşusu, həm də yaxın qohumu olan Niyaməddin Zeynalovun evində pul olması barədə məlumat alıb. O, hadisədən bir neçə gün öncə Niyaməddin Zeynalovun evində qonaq olarkən həmin seyfi görüb. Məlumata görə, bir dəfə A.Qarayev Niyaməddin Zeynalovun həmin seyfdən pul götürdüyünün şahidi də olub. Elə bundan sonra da o, seyfi oğurlamaq qərarına gəlib və bunun üçün xüsusi plan hazırlayıb.

Belə ki, A.Qarayev hadisəni törətməzdən bir neçə gün əvvəl N.Zeynalova Bakıya köçəcəyini bildirib. O, üç gün kənd ərazisində görünməyib və guya Bakıya köçdüyü görüntüsü yaradıb.

Həmin müddətdə o, Niyaməddin Zeynalovun ailəsinin evdə olmadıqları vaxtı da müəyyən edib. Ev boş olan vaxt o, pəncərədən daxil olmaqla mənzildə olan seyfi və qızıl zinət əşyalarını götürərək hadisə yerindən qaçıb. Oğurladığı seyfi evlərinin həyətində qazıb basdırıb və bundan ailə üzvlərinin də xəbəri olmayıb. Daha sonra o, seyfdəki pul və qızılları götürərək kəndi tərk edib. A.Qarayevin yaşadığı evin həyətində aşkarlanan seyf boş olduğundan pul və qızılların ev sahibi tərəfindən oğurlandığı məlum olub.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində A.Qarayevin yeri müəyyən edilərək saxlanılıb.

Məlumata görə, evindən qızıl-zinət əşyaları və 60 min manat oğurlanan Niyaməddin Zeynalov sahibkardır, rayon ərazisində ticarətlə məşğuldur.

Qeyd edək ki, N.Zeynalovun evindən oğurlanan seyfdə 2 500 manat dəyərində qızıl-zinət əşyaları, içərisində 39 500 manat və 12 000 ABŞ dolları olub.

***09:36

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Moranlı kəndi ərazisində yerləşən fərdi yaşayış evlərinin birindən pul və qızıl-zinət əşyaları oğurlayan Araz Qarayev saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, adı çəkilən şəxs qohumunun evinə qanunsuz daxil olaraq oradan 2500 manat dəyərində qızıl-zinət əşyaları, eləcə də içərisində 39500 manat və 12000 ABŞ dolları olan seyfi oğurlayıb. 

Oğurluq yolu ilə əldə etdiyi pulların əksəriyyətini xərcləyən A.Qarayev pulun bir qismi ilə minik avtomobili alıb. 

Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh