Tibb işçilərinin maaş artımının DETALLARI: Rəsmi şəxslər DANIŞIR - FOTO

Xəbərlər 4 Sentyabr 2026 16:30
Tibb işçilərinin maaş artımının DETALLARI:  Rəsmi şəxslər DANIŞIR  - FOTO
WhatsApp kanalımıza abunə olun

Azərbaycan dövlətinin son illərdə həyata keçirdiyi sosial siyasətin mühüm istiqamətlərindən biri də səhiyyə sisteminin müasirləşdirilməsi, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və bu sahədə çalışan insanların əməyinə layiqli dəyərin verilməsidir. İnsan sağlamlığının dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyənləşdirilməsi nəticəsində ölkənin müxtəlif bölgələrində yeni xəstəxana və tibb müəssisələri inşa olunub, mövcud səhiyyə ocaqları əsaslı şəkildə yenilənib, ən müasir tibbi avadanlıqlarla təchiz edilib. Eyni zamanda, təcili və təxirəsalınmaz tibbi yardım xidmətlərinin imkanlarının genişləndirilməsi üçün yeni ambulans və xüsusi təyinatlı tibbi avtomobillər istifadəyə verilib.

Bu gün Azərbaycanın ən ucqar bölgələrində belə müasir səhiyyə infrastrukturunun yaradılması dövlətin insan sağlamlığına və vətəndaşların həyat keyfiyyətinə verdiyi önəmin bariz nümunəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən layihələr nəticəsində səhiyyə müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, regionlarda müasir xəstəxanaların yaradılması və insanların yaşadıqları əraziyə daha yaxın məsafədə keyfiyyətli tibbi xidmət alması istiqamətində mühüm addımlar atılıb. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın səhiyyə sahəsinə göstərdiyi xüsusi diqqət isə bu siyasətin mühüm istiqamətlərindən biri kimi diqqət çəkir. Mehriban Əliyeva mütəmadi olaraq müxtəlif xəstəxana və tibb müəssisələrinə baş çəkir, burada yaradılan şəraitlə maraqlanır, tibb işçiləri və pasiyentlərlə görüşür. Onun təşəbbüsləri və insan sağlamlığına həssas münasibəti səhiyyə sistemində həm sosial təminatın, həm də insan kapitalının gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Məhz bu diqqət və qayğının davamı olaraq sentyabrın 1-dən TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan tibb işçilərinin əməkhaqlarının artırılması səhiyyə ictimaiyyəti tərəfindən böyük məmnunluqla qarşılanıb. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və Prezident İlham Əliyevin tapşırığı ilə həyata keçirilən əməkhaqqı islahatı 72 mindən çox tibb işçisini əhatə edir.Əslində, müasir xəstəxana binası, ən son tibbi avadanlıq və yeni texnologiyalar səhiyyə sisteminin inkişafı üçün nə qədər vacibdirsə, həmin sistemin əsas qüvvəsi olan insan amili – həkim, tibb bacısı, feldşer və digər səhiyyə işçiləri də bir o qədər əhəmiyyətlidir. Çünki ən müasir cihazı işlədən, ən çətin anda insan həyatını xilas edən və gecə-gündüz pasiyentin sağlamlığı üçün çalışan məhz tibb işçisidir. Bu baxımdan, əməkhaqlarının artırılması yalnız sosial rifahın yaxşılaşdırılması deyil, həm də səhiyyənin gələcəyinə qoyulan mühüm sərmayə kimi dəyərləndirilir. Mütəxəssislərin fikrincə, bu addım tibb işçilərinin motivasiyasının yüksəlməsinə, peşəkar kadrların sistemdə qorunub saxlanılmasına, regionlarda kadr təminatının yaxşılaşmasına və nəticə etibarilə vətəndaşların daha əlçatan, keyfiyyətli tibbi xidmət almasına müsbət təsir göstərəcək. Bəs tibb işçilərinin əməkhaqlarının artırılması səhiyyə sisteminin gələcək inkişafına hansı yenilikləri gətirəcək? Bu qərar regionlarda həkim və digər tibbi kadr çatışmazlığının aradan qaldırılmasına necə təsir edəcək? Və ən əsası, insan kapitalına qoyulan bu sərmayə Azərbaycan vətəndaşının daha keyfiyyətli tibbi xidmət almasına hansı imkanları yaradacaq?

Mövzu ilə bağlı Milli Məclisin deputatları, iqtisadçı və səhiyyə sahəsində çalışan şəxslər fikirlərini bölüşüblər.

Milli Məclisin deputatı, Səhiyyə komitəsinin sədr müavini, Əməkdar həkim Rəşad Mahmudov bildirib ki,Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və Prezident İlham Əliyevin tapşırığı ilə TƏBİB sistemində çalışan 72 mindən çox tibb işçisini əhatə edən əməkhaqqı islahatı səhiyyə ictimaiyyəti tərəfindən böyük məmnunluqla qarşılanıb. Bu, ilk növbədə, həkimlərin, tibb bacılarının və digər səhiyyə işçilərinin əməyinə verilən dəyərin ifadəsidir. Lakin hesab edirəm ki, bu təşəbbüsün əhəmiyyəti yalnız əməkhaqqının artması ilə məhdudlaşmır. Onun səhiyyə sisteminin gələcək inkişafına təsir edə biləcək bir neçə mühüm istiqaməti var.

 

Deputat qeyd edib ki, birincisi, tibb işçisinin sosial təminatının və əməyinin maddi qiymətləndirilməsinin yaxşılaşdırılması onun peşəyə münasibətinə, motivasiyasına və sistemə bağlılığına birbaşa təsir göstərir. Tibb çox böyük məsuliyyət, uzunmüddətli təhsil və davamlı peşəkar inkişaf tələb edən sahədir. İnsan həyatına cavabdeh olan şəxsin öz əməyinin qarşılığını hiss etməsi həm sosial ədalət, həm də səhiyyə sisteminin dayanıqlılığı baxımından vacibdir.İkincisi, bu təşəbbüs peşəkar kadrların dövlət səhiyyə sistemində qorunmasına xidmət edir. Müasir xəstəxananı tikmək, yeni tibbi cihaz və texnologiyanı almaq müəyyən maliyyə imkanları daxilində mümkündür. Ancaq yaxşı həkimin yetişməsi üçün uzun illər lazımdır. Bəzən bir mütəxəssisin müstəqil şəkildə mürəkkəb klinik qərarlar verə biləcək səviyyəyə çatması 10-15 il və daha artıq zaman tələb edir. Buna görə səhiyyədə ən qiymətli və ən çətin əvəz olunan kapital məhz insandır. Dövlətin bu kapitalı qorumağa yönəlmiş addımları uzunmüddətli perspektivdə xüsusi əhəmiyyət daşıyır.Üçüncüsü, yeni yanaşmanın regionlarda kadr təminatına ciddi təsir göstərə biləcəyini düşünürəm. Son illərdə Azərbaycanın regionlarında müasir səhiyyə infrastrukturu yaradılıb, xəstəxanalar yenilənib, yeni tibbi imkanlar formalaşdırılıb. İndi əsas məsələlərdən biri bu infrastrukturu lazımi sayda və səviyyədə peşəkar kadrlarla təmin etməkdir. Xüsusilə ehtiyac yüksək olan ixtisaslar üzrə regionda çalışmağın daha cəlbedici hala gətirilməsi həm mövcud həkimlərin orada qalmasına, həm də gənc mütəxəssislərin bölgələrə yönəlməsinə stimul verə bilər.Dördüncüsü, bütün bunların nəticəsi tibbi xidmətin əlçatanlığı və keyfiyyətində özünü göstərməlidir. Əslində, bu təşəbbüsün son ünvanı tibb işçisi ilə yanaşı, Azərbaycan vətəndaşıdır. Məqsəd odur ki, insan yaşadığı yerdən asılı olmayaraq ehtiyac duyduğu tibbi yardımı mümkün qədər vaxtında və keyfiyyətli şəkildə ala bilsin. Vətəndaşın hər bir tibbi problem üçün Bakıya və ya başqa böyük şəhərə getmək məcburiyyətinin azalması regionlarda səhiyyənin inkişafının ən mühüm göstəricilərindən biri olacaq.Beşincisi, bu addım səhiyyədə keyfiyyətə əsaslanan yeni əmək münasibətlərinin inkişafı üçün də mühüm imkan yaradır. Əməkhaqqının yüksəldilməsi vacibdir, amma növbəti mərhələdə maddi stimulla peşəkarlıq, davamlı tibbi təhsil, iş yükü, məsuliyyət, pasiyent təhlükəsizliyi və göstərilən xidmətin nəticələri arasında əlaqənin daha da gücləndirilməsi məqsədəuyğundur. Çünki səhiyyədə son nəticə yalnız görülən işin sayı deyil, insanın aldığı tibbi xidmətin keyfiyyətidir.

 

Rəşad Mahmudovun sözlərinə görə, Mehriban Əliyevanın uzun illər ərzində səhiyyə, sosial müdafiə və insan sağlamlığı ilə bağlı məsələlərə göstərdiyi xüsusi diqqət baxımından bu təşəbbüs də ardıcıl siyasətin davamı kimi qiymətləndirilməlidir. Prezident İlham Əliyevin tapşırığı ilə onun genişmiqyaslı şəkildə həyata keçirilməsi isə məsələnin dövlət siyasəti səviyyəsində əhəmiyyətini göstərir. Nəticədə, bu gün tibb işçisinin əməyinə qoyulan sərmayə sabah peşəkar kadrın sistemdə qalmasına, regionlarda səhiyyənin güclənməsinə və ən əsası, Azərbaycan vətəndaşının daha əlçatan və keyfiyyətli tibbi xidmət almasına çevrilməlidir.

 

Milli Məclisin deputatı Günay Əfəndiyeva bildirib ki,səhiyyə elə bir sahədir ki, bilavasitə insan həyati ilə bağlıdır. Xəstəxananın binası, müasir tibbi avadanlıqlar, yeni texnologiyalar vacib olduğu kimi, tibb işçilərinin fəaliyyəti bu sistemin aparıcı qüvvəsidir.Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və cənab Prezident İlham Əliyevin müvafiq tapşırığı əsasında tibb işçilərinin maaşlarının artırılması ilə bağlı yeni qərarın qəbul olunması şübhəsiz ki, çox mühüm və olduqca ciddi bir addımdır.

Deputat əlavə edib ki, Ümumiyyətlə, Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti həm sosial, həm mədəni,həm humanitar sahələr üzrə vaxtında irəli sürülən önəmli təşəbbüslər və həyata keçirilən layihələrlə zəngindir.Təmsil etdiyim Xəzər və Pirallahı rayonlarında Mehriban xanımın millət vəkilliyi dövründə aparılan abadlıq, quruculuq, infrastruktur işləri,  yenilənən yollar, salınan parklar, tikilən müasir məktəblər, bağçalar, mədəniyyət və tibb ocaqları qəsəbələrimizin inkişafına, simasının gözəlləşməsinə, insanlarımızın həyat şəraitinin yaxşılaşdırılmasına güclü təkan verib. Sakinlər Mehriban xanımın xeyirxah fəaliyyətini böyük hörmət və minnətdarlıqla xatırlayırlar. Bu baxımdan tibb işçilərinin sosial rifahının yaxşılaşdırılmasına yönəlmiş təşəbbüs də həmin ardıcıl və insan amilinə əsaslanan siyasətin mühüm nümunələrindən biridir.

 Günay Əfəndiyeva əlavə edib ki, tətbiq olunacaq yeni qərar Azərbaycan səhiyyəsinin insan resurslarının gücləndirilməsinə, vətəndaşlarımızın daha keyfiyyətli tibbi xidmətə çıxışının genişləndirilməsinə töhfə verir.TƏBİB sistemi üzrə illik əməkhaqqı fondunun 189 milyon manat artırılması islahatın geniş miqyasını əks etdirir. Yeni əməkhaqqı qaydaları ilkin səhiyyə, təcili tibbi yardım, anesteziologiya-reanimatologiya xidmətləri, eləcə də regionlarda kadr çatışmazlığı müşahidə edilən dar ixtisaslar üzrə çalışan həkimlər daxil olmaqla 72 mindən artıq tibb işçisini əhatə edir. Yəni, tətbiq olunacaq islahat geniş bir peşəkar heyətin sosial rifahına təsir göstərəcək. 

Günay Əfəndiyeva qeyd edib ki, baxın, müalicə işi ilə yanaşı, tibb bacısının vaxtında və düzgün müdaxiləsi həyati önəm daşıyır. Ürək tutması keçirən, ağır qəza nəticəsində xəsarət alan, nəfəs almaqda çətinlik çəkən vətəndaş üçün hər dəqiqənin öz qiyməti var. O anda xəstənin yanında olan tibb işçisinin bilik və təcrübəsi qədər onun işə hazırlığı və motivasiyası da önəmlidir.Yəni, səhiyyə sisteminə komanda işi kimi baxmaq lazımdır. Həkim, tibb bacısı, feldşer, təcili yardım əməkdaşı və digər mütəxəssislər bir-birini tamamlayır.Digər tərəfdən, spesifik tibb sahələri üzrə ixtisaslaşmış mütəxəssislərimizin bölgələrimizdəsaxlanılması, həmin ərazilərə cəlb edilməsi səhiyyəmiz üçün ciddi önəm daşıyır. Bu, yüzlərlə insanın tibbi xidmətə çıxış məsələsidir.

Millət vəkili sonda vurğulayıb ki, buna görə də regionlarda kadr çatışmazlığı olan ixtisaslar üzrə xüsusi stimullaşdırıcı əlavələrin tətbiqi mühüm addımdır. Tibb peşəsini seçən gənc bilməlidir ki, dövlət onun əməyini qiymətləndirir. O bilməlidir ki, öz ölkəsində, öz səhiyyə sistemində peşəkar kimi inkişaf etmək, yaxşı işləmək və layiqli gəlir əldə etmək mümkündür. Bu, gələcək üçün çox vacibdir. Çünki səhiyyə sisteminin ən böyük sərvəti onun yetişdirdiyi və qoruyub saxladığı mütəxəssislərdir. Ona görə də tibb işçisinin əməyinin layiqli qiymətləndirilməsi əslində səhiyyəmizin gələcəyinə sərmayədir.

 

Milli Məclisin deputatı Pərvanə Vəliyevanın sözlərinə görə, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə TƏBİB sistemində çalışan 72 212 nəfər tibb işçisinin əməkhaqqı fondunun illik 189 milyon manat artırılması onların maddi rifahının yaxşılaşdırılmasına xidmət edən mühüm sosial addımdır. Prezident İlham Əliyev tərəfindən bu gün verilən müvafiq tapşırıq dövlətin səhiyyə sisteminin inkişafına, tibb işçilərinə və onların ailələrinə göstərilən diqqət və qayğının gücləndirilməsinə, eləcə də əhalinin rifahının daha da yüksəldilməsinə verdiyi əhəmiyyətin növbəti göstəricisidir.Bu artımı yalnız əməkhaqqının yüksəldilməsi kimi deyil, səhiyyə sisteminin uzunmüddətli və dayanıqlı inkişafına yönəlmiş insan kapitalına investisiya kimi qiymətləndirmək lazımdır. Həkim və digər tibb işçisi öz peşə fəaliyyətini həyata keçirərkən sosial təminatı ilə bağlı narahatlıqların təsiri altında olmamalıdır. Tibb işçisinin maddi və sosial baxımdan daha təminatlı olması onun peşəsinə motivasiyasını daha da artıracaq, bu isə nəticə etibarilə göstərilən tibbi xidmətlərin keyfiyyətinə müsbət təsir göstərəcək.

 

Millət vəkilinin fikrincə, əməkhaqlarının artırılması eyni zamanda səhiyyə sektorunda mövcud kadr çatışmazlığının aradan qaldırılması və iş yükünün daha ədalətli bölüşdürülməsi baxımından da əhəmiyyətlidir. Xüsusilə regionlarda səhiyyə xidmətlərinin əlçatanlığının təmin olunması üçün kadr potensialının gücləndirilməsi əsas məsələlərdən biridir. İlkin səhiyyə xidməti üzrə aparılmış araşdırmalar əlavə olaraq təxminən 1 500 tibb işçisinə ehtiyac olduğunu göstərir. Bu baxımdan əməkhaqqının artırılması regionlarda çalışmaq üçün tibb işçiləri üçün daha əlverişli və rəqabətqabiliyyətli şərait yarada bilər.Digər mühüm məqam isə səhiyyə sahəsində beyin axınının qarşısının alınmasıdır. Dövlət sektorunda əməkhaqlarının və sosial təminat imkanlarının yaxşılaşdırılması özəl sektorla rəqabətdə dövlət səhiyyəsinin kadrlar üçün cəlbediciliyini artıracaq. Bu, xüsusilə gənc mütəxəssislərin ölkədə qalması və öz peşə fəaliyyətlərini Azərbaycan səhiyyəsinin inkişafına yönəltməsi baxımından vacibdir. Əməkhaqlarının yüksəldilməsi tibb təhsilinə olan marağın artmasına da müsbət təsir göstərə bilər. Belə bir siyasət gənclər üçün həkimlik və digər tibb ixtisaslarının həm sosial, həm də peşəkar baxımdan daha cəlbedici olmasına şərait yaradacaq. Bununla yanaşı, cəmiyyətdə tibb işçisinin nüfuzunun və əməyinə verilən dəyərin daha da yüksəlməsinə xidmət edəcək.

Pərvanə Vəliyeva bildirib ki, bu addım dövlətimizin insan kapitalına verdiyi yüksək dəyərin göstəricisidir. Səhiyyə sisteminin gücü yalnız müasir xəstəxanalar və tibbi avadanlıqlarla deyil, həm də peşəkar, motivasiyalı və sosial baxımdan təminatlı tibb işçiləri ilə ölçülür.

Deputat Hesab edir ki, bu islahatın davamlı xarakter daşıması və növbəti mərhələlərdə əməkhaqlarının digər tibb işçisi kateqoriyalarını da əhatə etməsi səhiyyə sistemində kadr potensialının daha da gücləndirilməsinə mühüm töhfə verə bilər. Bu baxımdan bugünkü qərarı həm tibb işçilərinə dövlət qayğısının, həm də Azərbaycanda səhiyyə islahatlarının ardıcıl şəkildə davam etdirilməsinin mühüm göstəricisi hesab etmək olar.

İqtisadçı Xalid Kərimli bildirib ki, təbii ki, arzu edək ki, digər peşə sahiblərinin də əməkhaqları yüksəlsin, dövlət büdcəsindən maliyyələşən sahələrdə dövlətin imkanları o qədər olsun ki, öz işçilərinə daha yüksək əməkhaqqı verə bilsin. Bu, həm də özəl sektor üçün vacibdir. Çünki həmin şəxslər qazandıqları pulu məhsul və xidmətlərin alınmasına sərf edirlər və özəl sektorda məhsul və xidmət satanlar da bundan faydalanırlar.

Ekspertin sözlərinə görə,təqribən 189 milyon əlavə pul bu istiqamətdə sərf olunacaq. Bu, heç də yalnız həmin şəxslərin sosial vəziyyətinin yaxşılaşdırılması deyil, həm də iqtisadiyyat üçün əlavə tələbin ortaya çıxması, əlavə alıcılıq gücünün yaranması deməkdir. Bu, iqtisadi aktivliyə də müsbət təsir göstərir. Digər tərəfdən, səhiyyə insan kapitalının qorunması üçün vacibdir və ciddi pozitiv, yəni müsbət kənar təsirlərə malikdir. Bu aspektdən də, yəni bu sahədə xidmət göstərən şəxslərin və həmin ailələrin sosial vəziyyəti yaxşılaşmış olacaq. Yəni, həm birbaşa pozitiv, müsbət təsirləri var, səhiyyənin də pozitiv, müsbət təsirləri var. Ona görə də dövlət burada maliyyələşməni həyata keçirir.

Xalid Kərimli vurğulayıb ki, həmçinin, biz icbari tibbi sığorta sistemi ilə dövlətin daha çox insan üçün səhiyyə xidmətlərinə əlçatanlığı artırdığını görürük. Bu sahədə çalışan kadrların sosial təminatının və maddi vəziyyətinin yaxşılaşdırılması da təqdirəlayiqdir. Yəni, digər sahələrdə də əməkhaqlarının artması yaxşı olardı ki, insanların maddi vəziyyəti yaxşılaşsın, xüsusən də indiki inflyasiya mühitində

Tibb eksperti Aydın Əliyev bildirib ki, istənilən sahədə, o cümlədən səhiyyə sistemində çalışan işçilərin və həkimlərin əməkhaqlarının artırılması olduqca müsbət haldır.

“Amma hazırkı artım hələ bütün səhiyyə sahələrini əhatə etmir. Əməkhaqları artırılanlar əsasən TƏBİB sistemində çalışan müəyyən ixtisaslar üzrə həkimlərdir. Buna baxmayaraq, bu, çox müsbət addımdır və ona başqa cür qiymət vermək olmaz.Bu qərarın digər mühüm müsbət tərəfi xüsusilə rayon və kənd yerlərində çalışan, eləcə də Bakıdan kənarda fəaliyyət göstərən müəyyən ixtisaslar üzrə həkimlərin əməkhaqlarının artırılmasıdır. Bildiyimiz kimi, hazırda rayon və kənd yerlərində həkimlərin işləməyə getməsi və həmin ərazilərdə fəaliyyətini davam etdirməsi ilə bağlı müəyyən problemlər mövcuddur. Bunun müxtəlif səbəbləri var və əməkhaqqı məsələsi də həmin səbəblərdən biridir. Bu baxımdan əməkhaqqının artırılması, təbii ki, çox müsbət təsir göstərəcək.

Ekspert bildirib ki, xüsusilə Bakıdan kənarda, regionlarda müəyyən ixtisaslar üzrə çalışan həkimlərin əməkhaqlarının artırılmasını yalnız müsbət qiymətləndirmək olar.Həkimlərimizin işi, bildiyiniz kimi, çox ağırdır. Xüsusilə əhalinin böyük hissəsinin Bakıda cəmləşməsi səbəbindən paytaxtdakı tibb müəssisələrində həkimlərin üzərinə böyük iş yükü düşür. Səhərdən axşama qədər insanlar növbələrdə gözləyir, həkimlərə müraciət edir, onlardan kömək və şəfa gözləyirlər. Amma həkimlərin sayı da məhduddur, onların imkanları və vaxtı da müəyyən qədərdir.Həkimlər də insandır. Onlar da yorulurlar, xəstələnirlər və ağır iş yükü altında çalışırlar. Ona görə də maddi baxımdan həkimlərin əməkhaqlarının artırılması onlara çox müsbət təsir göstərə və işlərinə daha böyük motivasiya ilə yanaşmalarına şərait yarada bilər.

Aydın Əliyev vurğulayıb ki, mən bu qərara yalnız müsbət yanaşıram. Təbii ki, istərdim ki, gələcəkdə bu artımlar bütün sahələr üzrə çalışan həkimləri əhatə etsin. O cümlədən, həkimlərimizi yetişdirən müəllimlərin də əməkhaqlarının daha da artırılması arzuolunandır.Ümid edirəm ki, imkan olduqca digər sahələrdə çalışan insanların da əməkhaqları artırılar, onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində yeni addımlar atılar. Mən hökumətimizə bu istiqamətdə uğurlar arzulayıram və gələcəkdə bütün sahələrdə çalışan insanların sosial rifahının daha da yaxşılaşdırılmasını istəyirəm”.

Sabunçu Tibb Mərkəzinin baş tibb bacısı Zeynəb Bəkirova baş tibb bacılarına göstərilən diqqət və verilən dəyərin onlar üçün böyük əhəmiyyət daşıdığını bildirib.O, bu münasibətin bir daha göstərdiyini qeyd edib ki, baş tibb bacılığı sadəcə vəzifə adı deyil, böyük məsuliyyət, ağır iş yükü və ciddi öhdəliklər tələb edən bir peşədir.

“Öz adımdan demək istəyirəm ki, açığı, baş tibb bacılarına göstərilən bu diqqət və verilən önəm bizim üçün həqiqətən də çox dəyərlidir. Mehriban Əliyeva sayəsində bir daha hiss etdik ki, baş tibb bacılığı sadəcə bir vəzifə adı deyil. Bu, böyük məsuliyyət tələb edən, iş yükü və üzərindəki öhdəlikləri kifayət qədər ağır olan bir vəzifədir. Bizə göstərilən diqqət, verilən dəyər və etimad, düşünürəm ki, hər birimiz üçün həm xoş, həm də motivasiyaedici hadisə oldu. İnsan öz əməyinin və daşıdığı məsuliyyətin görüldüyünü və qiymətləndirildiyini hiss etdikdə, təbii ki, işinə daha böyük həvəslə və məsuliyyətlə yanaşır.”

Zeynəb Bəkirova əlavə edib ki, bu münasibətə görə  Mehriban Əliyevaya təşəkkür edirəm. Bizim əməyimizin, gördüyümüz işin və daşıdığımız məsuliyyətin qiymətləndirilməsi bizi çox məmnun etdi. Ümid edirəm ki, bundan sonra da bizə göstərilən bu etimadı doğrultmaq və üzərimizə düşən məsuliyyəti layiqincə yerinə yetirmək üçün əlimizdən gələni edəcəyik.”/oxu24.com

 

Oxunub : 122
ŞƏRH YAZ
Ad

E-mail

Şərh