Viza ilə bağlı YENİLİK: Azərbaycanlılar daha rahat alacaq?

Xəbərlər 9 Sentyabr 2026 13:00
Viza ilə bağlı YENİLİK:  Azərbaycanlılar daha rahat alacaq?
WhatsApp kanalımıza abunə olun

Şengen vizasında gözlənilən dəyişikliklərin Azərbaycan vətəndaşlarına da təsiri maraq doğurur.

Avtosfer.az-ın məlumatına görə, Milli Məclisin deputatı Tural Gəncəliyev Ajans.az-a açıqlamasında bildirib ki, Avropa İttifaqı Şengen vizası ilə bağlı qeyri-Şengen ölkələrinə, xüsusilə də Şərq Tərəfdaşlığı ölkələrinə münasibətdə müxtəlif yanaşmalar tətbiq edir.

Onun sözlərinə görə, Avropa İttifaqı tərəfindən bəzi ölkələr üçün Şengen vizasının verilməsinin asanlaşdırılması fonunda müəyyən siyasi tələblərin və şərtlərin irəli sürüldüyü hallar olub: “Xüsusilə Gürcüstan və Ermənistanla bağlı bunu görmüşük. Avropa İttifaqı zaman-zaman bu ölkələrə münasibətdə viza prosedurlarının sadələşdirilməsini müəyyən siyasi yanaşmalar və tələblərlə əlaqələndirib. Gürcüstanın son dövrlərdə daha müstəqil siyasət yürütməsi fonunda da onunla bağlı əvvəllər mövcud olan sadələşdirilmiş viza prosesinə yenidən baxılması kimi məsələlər gündəmə gətirilib. Ermənistanla bağlı isə Avropa İttifaqının Rusiyaya qarşı daha sərt mövqe nümayiş etdirməsi müqabilində onun Avropa İttifaqına inteqrasiyasını yaxınlaşdırmaq və müxtəlif prosedurları asanlaşdırmaq istiqamətində addımlar atdığını görürük”.

Deputat qeyd edib ki, Azərbaycanla Avropa İttifaqı arasında müvafiq razılaşmalar mövcuddur və Azərbaycanın xarici siyasətinin əsas xətti Avropa İttifaqı ilə bərabərhüquqlu və bərabərsəviyyəli tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsidir.

“Azərbaycan heç vaxt Avropa İttifaqının üzvü olmaq istədiyini bildirməyib. Azərbaycan Avropa İttifaqı ilə bərabərstatuslu, bərabərsəviyyəli tərəfdaş kimi münasibətlərin inkişaf etdirilməsini istəyir. Biz Azərbaycan–Avropa İttifaqı münasibətlərində diktə və hegemonluq dili ilə danışılmasının əleyhinə olmuşuq”, – deyə Tural Gəncəliyev vurğulayıb.

O bildirib ki, Azərbaycanın enerji təhlükəsizliyi, Orta Dəhliz və nəqliyyat-kommunikasiya imkanları baxımından Avropa İttifaqı üçün əhəmiyyəti son dövrlərdə daha da artıb: “Avropa İttifaqının Azərbaycana ehtiyacı var. Azərbaycan enerji təhlükəsizliyi baxımından, həmçinin Orta Dəhlizin mühüm ölkəsi kimi, nəqliyyat-kommunikasiya xətlərinin üzərində yerləşən açar dövlət olaraq Avropa üçün xüsusi əhəmiyyət daşıyır. Buna görə də Avropa İttifaqının Azərbaycana münasibətdə siyasəti necə müəyyənləşirsə, Azərbaycanın da Avropa İttifaqına münasibəti buna uyğun formalaşır”.

Deputat hesab edir ki, Şengen viza sisteminin rəqəmsallaşdırılması fonunda Azərbaycan vətəndaşları üçün xüsusi dəyişiklik gözləmək çətindir: “Azərbaycanla bağlı məsələlərdə xüsusi bir yenilik, xüsusi bir yenilənmə gözləmirəm. Avropa İttifaqının sırf bu baxımdan Azərbaycana münasibəti necədirsə, hesab edirəm ki, elə də qalacaq. Çünki Azərbaycan öz müstəqil siyasətini yürüdür”.

Tural Gəncəliyev Avropa İttifaqında miqrasiya məsələsinin də viza siyasətinə təsir göstərdiyini düşünür. Onun sözlərinə görə, son illər Avropada sağ və ifrat sağ siyasi qüvvələrin güclənməsi fonunda anti-immiqrant ritorika da geniş yayılıb: “Avropa İttifaqında miqrant axını məsələsi, insanların qorxu içində saxlanılması bəzən siyasi alət kimi istifadə olunur. Son zamanlar Avropa ölkələrində sağ və ifrat sağ təmayüllü partiyaların və siyasi ideyaların güclənməsi bunu daha da artırıb. Anti-immiqrant diskurs, islamofobiya və ksenofobiya kimi yanaşmalar bəzi siyasi qüvvələr tərəfindən istifadə olunur. Bu da Avropa İttifaqında miqrasiya və viza məsələləri ilə bağlı daha sərt yanaşmaların formalaşmasına təsir göstərir”.

Deputatın fikrincə, Azərbaycanın regionda artan geosiyasi və iqtisadi əhəmiyyəti gələcəkdə Avropa İttifaqı ilə münasibətlərdə mühüm rol oynaya bilər: “Azərbaycan özü bir güc mərkəzidir və müstəqil xarici siyasət yürüdür. Böyük Avrasiya regionunda Azərbaycanın nüfuzu və gücü gündən-günə artır. Avropa İttifaqının Şərqə, Çinə, böyük resurslara malik Mərkəzi Asiyaya doğru əməkdaşlıq və iqtisadi planları təbii olaraq gündəmdədir. Buna görə də Avropa İttifaqının nəqliyyat-kommunikasiya, iqtisadi-ticarət və digər sahələrlə yanaşı, viza məsələlərində də Azərbaycanla daha yaxından münasibət qurmaq ehtiyacı var”.

“Bütün bu məsələlərdə, hesab edirəm ki, Avropa İttifaqının öz qərarından və öz məramından daha çox şey asılıdır. Yəni Şengen vizası ilə bağlı gələcək addımların müəyyənləşdirilməsində əsas söz sahibi məhz Avropa İttifaqının özüdür”, – deyə Tural Gəncəliyev əlavə edib.
 

Oxunub : 96
ŞƏRH YAZ
Ad

E-mail

Şərh