Vüqar Əliyevin işində qərar dəyişdi: 4 milyonluq prosesdə Pərviz Hacıyev də dindiriləcək - FOTO

3 milyon 700 min manat mənimsəmədə ittiham olunan "Azenco" şirkətinin keçmiş rəhbəri Vüqar Əliyevin məhkəməsinin qapalı keçirilməsi qərarı dəyişdirilib.
Avtosfer.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsi müdafiə tərəfinin vəsatəti əsasında belə qərar çıxarıb.
Üç ay əvvəl keçirilən ilk iclasda prokuror işdə kommersiya sirri təşkil edən məlumatların olduğunu əsas gətirərək məhkəmə istintaqının qapalı aparılmasını istəmişdi. Hakim də bunu təsdiqləmişdi.
Müdafiə tərəfi ilk gündən bu qərardan narazı idi. Əvvəlki iclasda Vüqar Əliyevin vəkili Nurlan Məmmədov məhkəmənin davamının açıq keçirilməsi ilə bağlı vəsatət qaldırıb. Müdafiəçi vəsatətini belə əsaslandırıb ki, "Azenco" Açıq Səhmdar Cəmiyyətidir, mütəmadi olaraq fəaliyyətləri və xərcləri ilə bağlı ictimaiyyətə məlumat verir. Bundan əlavə, ibtidai istintaq vaxtı da hər şey açıq formada aparılıb, iş materiallarında istintaq sirri yoxdur.
Vəkil yekun olaraq məhkəmənin qapalı davam etməsi qərarının ləğv edilməsini xahiş edib. Müttəhim özü də bu vəsatəti dəstəkləyib, təmin edilməsini istəyib.
Fotoda: Hakim Neymət Məmmədov

Məhkəmə heyətinə sədrlik edən hakim Neymət Məmmədov müzakirədən sonra əvvəlki qərarını dəyişib, məhkəmə istintaqının davamının açıq keçirilməsini təsdiqləyib.
Daha sonra iclasda Vüqar Əliyev ittihamlarla bağlı hakim, prokuror və vəkillərin suallarını cavablandırıb.
O, özünü təqsirli bilmədiyini, şirkətin əsl sahibi kimi tanınan Etibar Pirverdiyevin qəzəbinə tuş gəldiyini qeyd edib. Dediyinə görə, məhz Pirverdiyevin qərəzli münasibəti nəticəsində başına bu işlər gəlib. O, cəmi 2 il işlədikdən sonra şirkətin başına gətirildiyini, vəziyyətin niyə qəfil dəyişdiyini isə bilmədiyini söyləyib.
Bu iş üzrə növbəti prosesdə Vüqar Əliyevin sələfi - "Azenco"nun İdarə Heyətinin hazırki sədri Pərviz Hacıyev və maliyyə direktoru Azər Məmmədəliyev şahid qismində dindiriləcəklər. Onlar təqsirləndirilən şəxsin işlədiyi dövrdə baş vermiş qanun pozuntuları ilə bağlı sorğu-sual ediləcəklər.
Fotoda: Pərviz Hacıyev

Əldə etdiyimiz digər məlumata görə, cinayət işi ilə bağlı Vüqar Əliyevin fərqli ünvanlarda yerləşən bir neçə evinin üzərinə həbs qoyulub. Əmlakların ümumi qiyməti 3 milyon manatdan çoxdur.
Qeyd edək ki, "Azenco" şirkətinin "Azərenerji"nin keçmiş rəhbəri Etibar Pirverdiyevə bağlı olduğu bilinir. Pirverdiyev vəzifədə olduğu dövrdə "Azenco" Azərbaycanda nəhəng enerji infrastrukturu layihələrinin həyata keçirilməsində, həmçinin dövlət büdcəsindən maliyyələşən digər işlərdə iştirak edib.
V.Əliyev 2022-2023-cü illərdə şirkətin İdarə Heyətinin sədri, sonradan isə bir müddət Müşahidə Şurasının sədri işləyib. O, 1 il əvvəl daxil olmuş şikayət əsasında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib.
“İçərişəhər–Həzi Aslanov” xəttində dəyişiklik sıxlığa necə təsir edəcək?
Bakı–Quba yolunda beton baryerlərin yeri qanunsuz dəyişdirilib - VİDEO
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO












