Banner

Gözəgörünməz stop nişanı sürücüləri təhlükəyə salır - ŞİKAYƏT VAR - VİDEO

Qaydalar 15 May 2025 09:30 Oxunub 988
Gözəgörünməz stop nişanı sürücüləri təhlükəyə salır - ŞİKAYƏT VAR - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ölkəmizdəki bir sıra yollarda quraşdırılan yol nişanlarına görə sürücülər cərimələnir. Sürücünün sonradan şikayəti əsasında məsələ araşdırılıb öz hüquqi həllini tapsa da, bu məsələlər sürücüləri istər yol xərcləri, istərsə də digər istiqamətlərdə maddi və mənəvi cəhətdən ziyana uğramasına gətirib çıxarır. Nəqliyyat vasitəsi idarəçilərinin cərimələnməsi bir tərəfə, bir də bu nişanlara gör ağır qəzalar da baş verir. Məsələn, paytaxtın Bakıxanov qəsəbəsi Bəşir Bünyadzadə küçəsində düzgün yerdə quraşdırılmayan yol nişanı, yanlış yerdə çəkilən piyada keçidinə görə 2 ailə qəzada məhv olub. Belə qəza ocaqlarından biri də Yevlax rayonunun ərazisinə düşür. Belə ki, Bakı-Qazax magistralının Yevlax dairəsi adlanan hissəsində düzgün yerləşdirilməmiş yol nişanı sürücülərin həm cərimələnməsinə, həm də təhlükəli vəziyyətlə üzləşməsinə səbəb olur.

Avtosfer.az-ın məlumatına görə, Bərdə istiqamətindən gələn yolun üzərində əvvəllər 2.4 nömrəli “Yol ver” nişanı olub. Lakin sonradan bu nişan 2.5 nömrəli “Stop” nişanı ilə əvəz edilib.

Problem ondadır ki, “Stop” nişanı elə bir mövqedə quraşdırılıb ki, onu yalnız kəsişmə yerinə daxil olduqdan sonra görmək mümkün olur. Sürücülər isə əsasən soldan gələn avtomobilləri izlədikləri üçün nişanı vaxtında görə bilmirlər. Bu da həm qayda pozuntularına, həm də qəza riskinə səbəb olur. Nişanı görməyən sürücülər üstünlüyə malik olduqlarını düşünərək yolayrıcına daxil olurlar və bu zaman baş yolda hərəkət edən avtomobillərlə toqquşma ehtimalı artır. Sağa dönən sürücülər isə nişanı son anda gördükləri üçün qəfil tormoz verir və bu da arxadan gələn avtomobillər üçün təhlükəli vəziyyət yaradır.

Qanunvericiliyə əsasən, yol nişanları elə yerdə quraşdırılmalıdır ki, sürücülər onları əvvəlcədən və aydın şəkildə görə bilsinlər. Bu tələbə riayət olunmaması yol hərəkəti təhlükəsizliyinin pozulmasına səbəb olur. Mütəxəssislərin fikrincə, yol nişanlarının düzgün quraşdırılması ilə yanaşı, edilən dəyişikliklərlə bağlı mətbuat və sosial şəbəkələr vasitəsilə məlumat verilməsi mütləqdir. Çünki sürücülər edilən yenilikdən xəbərsiz olduqları zaman əvvəlki qaydada baş yolda hərəkətini davam etdirən sürücü növbəti dəfə daha ağır qəzalara səbəb ola bilər. Ekspertlər bildirir ki, belə msələlər ortaya çıxdıqca, nəqliyyat vasitəsi idarəçilərinin yenidən təkmilləşdirmə kurslarında iştirakı zəruri məsələyə çevrilir.

Qeyd edilən problemlə bağlı Azərbaycanın istifadə edə biləcəyi çox peşəkarca tərtib edilən xaric nümunələri var. Məsələn, Niderlandda yol nişanlarının düzgün quraşdırılmaması nəticəsində sürücüyə cərimə yazılması qanunla qadağan olunub. Belə ki, burada sürücü düzgün quraşdırılmayan yol nişanının tələbini pozduğuna görə cərimələnməsi ilə bağlı SMS aldıqda həmin ərazidən çəkdiyi foto və ya videonu şikayət üçün mobil tətbiq vasitəsilə aidiyyəti quruma göndərir. Məsələ 14 gün ərzində araşdırılır və əgər sürücünün haqlı olduğu ortaya çıxırsa, bu zaman sürücüyə cərimə yazılmır. Hətta belə bir hal sürücü tərəfindən aşkarlandığı üçün ona ödəniş edilir. Üstəlik, aidiyyəti qurumun ərazi üzrə səlahiyyətli nümayəndələri işdə göstərdikləri məsuliyyətsizliyə və diqqətsizliyə görə töhmət alırlar.

Ölkəmizdə düzgün quraşdırılmayan yol nişanları ilə bağlı sürücülər, demək olar ki, tez-tez saytımızın sosial şəbəkə hesablarına müraciət edirlər. Bu hallarla artıq bölgələrlə yanaşı, Bakıda da tez-tez rastlaşmaq mümkündür. Məsələn, Sabunçu rayonu Zabrat qəsəbəsində yaşayanlar və ərazidən keçənlər qəsəbədəki dairənin təhlükə mənbəyinə çevrildiyini deyirlər. Dairənin ətrafına yol hərəkət nişanları qoyulsa da, əksər sürücülər qaydalara əməl etmirlər. Nəticədə ərazidə tez-tez yol-nəqliyyat hadisələri baş verir. Sakinlər dairənin ətrafına qoyulan nişanların düzgün quraşdırılmadığını söyləyirlər. Yaranan vəziyyətə görə ərazidə dəfələrlə qəzalar baş verib, hətta ölüm faktı da yaşanıb. Belə ki, qəsəbədə son illərdə təşkil olunan dairənin kənarında yalnız sağa işarəsi qoyulub. Lakin sürücülər uzun illərdir, hətta ərazidə dairə olmazdan əvvəl də dairədən istifadə edərək düzünə, Maştağa qəsəbəsi istiqamətində hərəkət ediblər deyə, yenə də eyni istiqamətdə yola davam edirlər. Sürücülər bildirir ki, dairədən sonra yalnız sağa işarəsinin qoyulması qaydalara uyğun deyil.

Sabit Rəhman və Xan Şuşinski küçələrinin kəsişməsindəki  yol nişanları da sürücülər üçün təhlükə mənbəyinə çevrilib. Həmin ərazidə düzünə və sola təşkil edilmiş məcburi hərəkət istiqaməti nişanı ağacın arxasında gizlədildiyi üçün sürücülər onu vaxtından əvvəl qavraya bilmir, bəzən isə heç görə bilmirlər. Həmin yolayrıcından sağa dönməyi qadağan etmək üçün isə giriş qadağandır nişanı quraşdırılıb. Bu nişan isə elə quraşdırılıb ki, dönən zaman onu da görmək mümkünsüz olur. Qarşıda dayanan polis əməkdaşları giriş qadağandır nişanının tələbini pozan sürücüləri cərimələyir. Yaxşı olardı ki, nişanları görünən yerə quraşdırsınlar ki, sürücülər də qayda pozmasınlar.

Sumqayıtda yol nişanlarının düzgün quraşdırılmaması səbəbindən tez-tez yol-nəqliyyat hadisələri baş verir. Sürücülər də qoyulan nişanların düzgün quraşdırılmadığını söyləyirlər. Elə şəhərin Cəlil Məmmədquluzadə küçəsində qoyulan və yalnız düzünə və sağa hərəkətə icazə verən yol nişanı da bu qəbildəndir. Ərazidən istifadə edən sürücülər sola, yəni şəhər istiqamətində hərəkət etmək imkanına sahib olsalar da, uzun müddətdir quraşdırılan yalnız düzünə və sağa yol nişanına görə artıq Səməd Vurğun küçəsi istiqamətində hərəkət edə bilmirlər. Baxmayaraq ki, küçələrin kəsişməsində işıqfor var və Sumqayıt bulvarından gələn nəqliyyat vasitələrinin sağa, yəni Səməd Vurğun küçəsinə dönməsi qadağan edilməyib, Cəlil Məmmədquluzadə küçəsində belə bir nişanın qoyulması sürücüləri narahat edir.

Salyanda da vəziyyət eynidir. Belə ki, yolda dayanma və durmanı qadağan edən 3.27, yəni “dayanma və durma qadağandır” nişanı quraşdırılıb. Həmin nişanın altında isə obyektə qədər 300 metri bildirən 7.1.1 lövhəciyi quraşdırılıb.

Quraşdırılan bu nişan onu bildirir ki, nişan 300 metrdən sonra qüvvəyə minəcək. Lakin, həmin ərazidə xidmət aparan YPX əməkdaşları, 300 metrə kimi dayanan (nişanın qüvvəyə minmədiyi ərazidə dayanan) sürücüləri məsuliyyətə cəlb edir. Sürücülər nişanın tələbinə uyğun hərəkət etsələr də, yəni nişandan sonrakı 300 metrlik hissədə dayanma və durma qadağan olunmasa da cərimələnmələrini qanunsuz hesab edir. Bu baxımdan nişanın dəyişdirilməsi zərurəti yaranır.

Məqalə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və “Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən "Yol-nəqliyyat hadisələrinin təsnifatı: səbəb və nəticələrin təhlili" layihəsi çərçivəsində hazırlanmışdır. Bu məqalədə əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh