Azərbaycanda gender bərabərliyi məsələsində dövrün trendi başa çatıb? – AÇIQLAMA

Uzun illərdir Azərbaycanda gender bərabərliyinin təmin olunması istiqamətində müxtəlif addımlar atılır. Bununla yanaşı, bəzi peşə sahələrində qadın işçilərin sayının kişiləri əhəmiyyətli dərəcədə üstələməsi yeni müzakirələrə səbəb olur.
Avtosfer.az xəbər verir ki, xüsusilə ofis işi, müəllimlik, həkimlik, reklam və sosial media marketinqi kimi sahələrdə fəaliyyət göstərən bəzi müəssisələrdə kişi işçilərin sayı olduqca azdır.
Bəs bu tendensiya əmək bazarında yeni balanssızlıq yarada bilərmi və gender bərabərliyi məqsədinə uyğun inkişaf edirmi?
Mövzu ilə bağlı Milli Məclisin depuatı Vüqar Bayramov Avtosfer.az-a açıqlamasında bildirib ki, spesifik olaraq dünyanın bir çox ölkələrində bəzi sahələrdə qadınların sayı kişilərlə müqayisədə daha çoxdur:

''Eyni zamanda, əksinə vəziyyətin müşahidə olunduğu sahələr də var ki, burada kişilərin sayı qadınlardan çoxdur. Təhsil sektorunda uzun illərdir qadınların sayı kişilərlə müqayisədə üstünlük təşkil edir. Son illərdə bu istiqamətdə müəyyən dəyişikliklər baş versə də, hazırda da qadın müəllimlərin sayı kişilərdən çoxdur. Bu vəziyyətin əsas səbəblərindən biri odur ki, əvvəlki illərdə təhsil sektorunda əməkhaqları digər sahələrlə müqayisədə müəyyən qədər geri qalırdı. Lakin son illərdə təhsil sahəsində əməkhaqlarının artması və digər sahələrlə olan fərqin azalması nəticəsində kişi müəllimlərin də bu sektora marağı yüksəlməyə başlayıb. Bu isə təhsil sektorunda kişi müəllimlərin sayının mərhələli şəkildə artmasına səbəb olur''.
Deputat qeyd edib ki, gender bərabərliyinin əsas istiqamətlərindən biri qadınlarla kişilər arasında əməkhaqqı fərqinin azaldılmasıdır:
''Hazırda Azərbaycanda qadınların orta əməkhaqqı kişilərin orta əməkhaqqının təxminən 70 faizini təşkil edir. Bu fərqin azaldılması dövlət siyasətinin əsas hədəflərindən biridir. İnkişaf etmiş ölkələrdə bu göstərici 80–100 faiz arasında dəyişir. Buna görə də yalnız ayrı-ayrı sahələr üzrə gender balansının təmin edilməsi deyil, eyni zamanda qadınların əməkhaqlarının artırılması və qadınlarla kişilər arasında əməkhaqqı fərqinin minimuma endirilməsi də mühüm əhəmiyyət daşıyır. Ümumilikdə, gender bərabərliyinin təmin olunması, qadınların iqtisadiyyatın müxtəlif sahələrində daha geniş təmsil olunması və onların əmək bazarında imkanlarının artırılması Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən biri olaraq qalır''.
Milli Məclisin deputatı Azər Badamovun fikrincə isə, Azərbaycanda gender bərabərliyinin təmin olunması istiqamətində mühüm addımlar atılır:

''Bununla belə, bəzi peşə sahələrində qadın işçilərin sayı kişilərdən əhəmiyyətli dərəcədə çoxdur. Xüsusilə ofis mühiti, müəllimlik, həkimlik, reklam və sosial media marketinqi kimi sahələrdə qadınların üstünlük təşkil etdiyi müşahidə olunur. Bəzi iş yerlərində cəmi bir neçə kişi əməkdaş fəaliyyət göstərir.
Gender bərabərliyi siyasətinin əsas məqsədi qadın və kişilər üçün bərabər hüquq və imkanların təmin edilməsidir. Azərbaycan Konstitusiyası da bu prinsipi özündə əks etdirir və hər bir vətəndaşın cinsindən asılı olmayaraq bərabər hüquqlara malik olduğunu təsbit edir. Bu baxımdan işə qəbul zamanı əsas meyar namizədin peşə bacarığı, bilik səviyyəsi və işə uyğunluğudur. Müxtəlif peşələrdə gender balansının fərqli olması təbii prosesdir. Məsələn, müəllimlik ixtisaslarında qadınlar daha çox təmsil olunurlar və ümumtəhsil məktəblərində kişi müəllimlərin sayı.
Deputat bildirib ki, məktəblərdə kişi müəllimlərin sayının çox olması, xüsusilə oğlan şagirdlər üçün əlavə rol modellərinin formalaşmasına müsbət təsir göstərə bilər:
''Digər tərəfdən, bu, qadın müəllimlərin peşəkarlığını və ya onların tədris prosesindəki rolunu azaltmır. Əsas məsələ təhsilin keyfiyyəti və müəllimin peşə hazırlığıdır. Heç kəsi müəyyən peşəni seçməyə məcbur etmək mümkün deyil. Hər bir insan öz marağına, qabiliyyətinə və seçimlərinə uyğun peşə seçmək hüququna malikdir. Bu baxımdan qadınların ali təhsildə və əmək bazarında fəallığının artması müasir cəmiyyətin inkişafının göstəricilərindən biri kimi qiymətləndirilə bilər.
Gender bərabərliyinin təşviqi özlüyündə cəmiyyəti hər hansı "uçuruma" aparan amil kimi qiymətləndirilə bilməz. Əksinə, bu siyasət insanların hüquq və imkan bərabərliyinin təmin olunmasına xidmət edir. Cəmiyyət daim dəyişən sosial, iqtisadi və texnoloji çağırışlar fonunda inkişaf edir və bu inkişafın əsas prinsiplərindən biri də bərabər imkanların yaradılmasıdır.
Eyni zamanda, ailə dəyərləri, demoqrafik inkişaf, gənclərin mənəvi tərbiyəsi və sosial məsuliyyət kimi məsələlər də cəmiyyət üçün mühüm əhəmiyyət daşıyır. Bu mövzular ətrafında müxtəlif baxışlar mövcuddur və onların müzakirəsi qarşılıqlı hörmət, hüquqi prinsiplər və elmi yanaşma əsasında aparılmalıdır. Gender bərabərliyi ilə bu məsələləri eyniləşdirmək düzgün olmaz. Daha vacib olan cəmiyyətdə hər bir fərdin hüquqlarının qorunması, ailə institutunun möhkəmləndirilməsi, keyfiyyətli təhsilin inkişafı və sağlam sosial mühitin formalaşdırılmasıdır''.
Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” istiqaməti üzrə hazırlanıb.
Müəllif: Fatimə Dadaşova
Sürücüləri canından bezdirən yol - VİDEO
Həyətdə od qalayanların NƏZƏRİNƏ! - Cəriməsi var
“Cəbiş müəllim”in qızından “Rabitəbank”a etiraz - “Bizdən razılıq alınmayıb”
Bu şəxslərin pensiyası artırıldı
Bakı Qızlar Universitetinin fəaliyyəti dayandırıldı
Dostlarla əyləncə faciəyə çevrilir - Dənizdə vəfat riskini artıran vərdiş
Azərbaycanda bu peşələrdə maaş 10 minə çatır
Peşə təhsili alanlara hərbi xidmətdən möhlət veriləcək? - RƏSMİ
Avtobus yük maşınına çırpıldı: Zərəri hansı sığorta ödəyəcək?
Əli Əsədov qaz təchizatı ilə bağlı qərar imzaladı
Hər gedib-gəldikcə böyrək daşım silkələnir - Müğənni üsyan etdi - VİDEO










