Banner

Azərbaycan niyə xarici ölkələrin plastik tullantılarına milyonlar xərcləyir?- İQTİSADÇI

Sosial 26 Noyabr 2026 16:00
Azərbaycan niyə xarici ölkələrin plastik tullantılarına milyonlar xərcləyir?- İQTİSADÇI
WhatsApp kanalımıza abunə olun

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycana 13 milyon 30 min 970 dollar dəyərində 26 min 391,3 ton plastik tullantısı, qırıntısı və skrap idxal olunub. 

Avtosfer.az xəbər verir ki, məhsulların əsas tədarükçüləri İran və Rusiya olub. Belə ki, doqquz ay ərzində İrandan 16 min 288,57 ton, Rusiyadan isə 9 min 517,89 ton plastik tullantı və qırıntısı gətirilib. Bu iki ölkədən həyata keçirilən idxal ümumi dəyərin 97,7 faizini təşkil edib. Eyni dövrdə Azərbaycanın bu məhsullar üzrə ixracı cəmi 292,05 ton, dəyəri isə 149 min 680 dollar olub. İxrac Türkiyə və Çinə həyata keçirilib. Ölkəyə idxal olunan plastik tullantı və qırıntılarının həcmi ixrac göstəricisini dəfələrlə üstələyib. Bəs ölkədə bu qədər tullantını emal etmək üçün kifayət qədər müəssisə və istehsal gücü varmı?
Mövzu ilə bağlı iqtisadçı Eyyub Kərimli Avtosfer.az-a açıqlamasında bildirib ki, rəqəmlərdən də görsəndiyi kimi ölkəyə plastik tullantıların idxalı ixracından daha çoxdur və dəfələrlə artıqdır:


"Ölkədə plastik məhsullara tələbat yüksəkdir. Bu istiqamətdə fəaliyyət göstərən emal sənayesi mövcuddur və idxal olunan plastik xammal daxili bazarın tələbatının ödənilməsinə yönəlib. Daxili plastik qabların niyə çeşidlənməməsinə gəlincə, hesab edirəm ki, bunun bir neçə səbəbi var. Əsas problemlərdən biri ölkəmizdə plastik tullantıların digər məişət tullantılarından ayrı toplanmamasıdır. Onlar bir yerdə atılır ki, bu da çeşidləmə imkanlarını azaldır. Emal müəssisələrinin hazır, çeşidlənmiş plastik tullantılardan ibarət xammala ehtiyacı var. Xaricdən gətirilən tullantılar keyfiyyət və ya struktur baxımından ölkəmizdəki sənayenin tələbatına daha uyğun ola bilər. Azərbaycanda plastik tullantıların vahid formada toplanması infrastrukturu zəif inkişaf edib. Ölkədə il ərzində 250 min tonluq plastik tullantılar emal olunur və bunun necə, harda emal olunması haqqında ciddi məlumatlar mövcud deyil. İqtisadi baxımdan bu cür müəssisələrin sayının artırılması və həmin plastik tullantıların dəyərə çevrilərək ixrac edilməsi daha müsbət bir vəziyyət yarada bilər. Bu sahə iqtisadi dəyər yarada, qeyri-neft sektorunun inkişafına töhfə verə və ətraf mühitin qorunmasına xidmət edən səmərəli təkrar emal sənayesinin formalaşmasına imkan verə bilər".

İqtisadçı Fuad İbrahimovun fikrincə isə, bu 13 milyon dollarlıq plastik tullantı deyəndə bu birmənalı olaraq tullantı kimi deyil, plastik xammal bazası kimi qəbul olmalıdır:


"Buna da bizim ehtiyacımız var. Çünki ölkəmizdə bu xammalı emal edərək hazır məhsul istehsal edən kifayət qədər müəssisə fəaliyyət göstərir. Bu müəssisələrin istehsal gücü də kifayət qədər yüksəkdir. Plastik xammaldan müxtəlif tikinti materialları, qablaşdırma və meyvə-tərəvəz daşınması üçün plastik qablar, borular hazırlanır. Azərbaycanda bu gün yerli boru istehsalı da kifayət qədər inkişaf edib və həmin məhsulların əsas xammallarından biri plastikdir. Tullantıların bu günləri Azərbaycana gətirilməsi biz müəssisələrə xeyirdir və xammal bazası kimi istifadə olunur. Bu tullantıları ölkəyə ucuz qiymətə idxal edib emal etməklə hazır məhsul istehsal edirik. Bununla da həm Ümumi Daxili Məhsulun, həm qeyri-neft sektorunun payını artırır, həm də ixrac potensialımızı dayanıqlı məhsullarla təmin etmiş oluruq”.

Züleyxa Allahverdiyeva

Oxunub : 70
ŞƏRH YAZ
Ad

E-mail

Şərh