Şadlıq evlərində hansı yanğın təhlükəsizliyi qaydalarına riayət edilmir? – EKSPERT AÇIQLADI

Şadlıq sarayları və böyük məclis obyektləri insanların bir araya gəldiyi, əyləncə və mərasimlərin keçirildiyi məkanlardır. Lakin bu tip obyektlərdə yanğın riski həmişə mövcuddur və təhlükəsizlik qaydalarına əməl edilməməsi ağır nəticələrə səbəb ola bilər. Yanğınların baş verməsi bir çox amillərlə bağlıdır. Bunların arasında elektrik xətləri, mətbəx avadanlığı, dekorasiya işləri, eləcə də təhlükəsizlik qaydalarına əməl edilməməsi önəmli rol oynayır.
Avtosfer.az xəbər verir ki, ötən gün Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən "Firuzə" şadlıq sarayında baş verən hadisə də buna nümunədir. Toy məclisi zamanı dekorasiya üçün istifadə edilən işıqlandırma sistemi və tüstüvermə dekorunda qığılcım yaranıb. Nəticədə dekorasiya üçün nəzərdə tutulmuş qutular alovlanıb və tüstü zalı bürüyüb. Hadisə zamanı yanğının sürətlə yayıldığı və böyük təhlükə yaratdığı bildirilib.

Məsələ ilə bağlı təhlükəsizlik eksperti Orxan Musayev Avtosfer.az-a belə obyektlərdə yanğınların qarşısını almaq üçün görülən təhlükəsizlik tədbirləri və bu tələblərə praktikada nə dərəcədə əməl olunması barədə açıqlama verib:
“Şadlıq sarayları kimi kütləvi insanların toplaşdığı məkanlarda yanğın riski əsasən bir neçə kritik sahə ilə bağlı olur. Ən çox rast gəlinən problemlər elektrik təsərrüfatı və pirotexniki vasitələrin uyğunsuz istifadəsidir. Köhnəlmiş və ya normativlərə uyğun olmayan elektrik xətləri, həddindən artıq yüklənmə, keyfiyyətsiz elektrik avadanlıqları və qoruyucu sistemlərin olmaması qısaqapanma və alışma riskini artırır. Digər ciddi risk mənbələrindən biri mətbəx zonalarıdır. Qaz avadanlıqları, sobalar və digər qaz cihazları, eləcə də aspirasiya sistemlərində yığılan yağ çöküntüləri alovun sürətlə yayılmasına səbəb ola bilər. Bununla yanaşı, təhlükəsizlik qaydalarına formal yanaşma halları da tez-tez müşahidə olunur. Təlimsiz personal, fövqəladə çıxışların bağlı saxlanılması, yanğınsöndürən vasitələrdən istifadə bacarığının olmaması riski daha da artırır. Praktikada yanğınlar çox vaxt bu amillərin birgə təsiri nəticəsində baş verir”.
Ekspert bildirib ki, şadlıq saraylarında yanğın təhlükəsizliyi sistemləri qanunla məcburi olsa da, onların formal qurulması və nəzarətsizliyi bu məkanları ciddi risk zonasına çevirir:
“Qanunvericiliyin tələblərinə əsasən, şadlıq saraylarında yanğın siqnalizasiya sistemlərinin quraşdırılması məcburidir. Tutumu böyük olan obyektlərdə isə avtomatik yanğınsöndürmə sistemlərinin tətbiqi də nəzərdə tutulur. Bu sistemlərin əsas məqsədi yanğını erkən mərhələdə aşkar etmək, insanları vaxtında xəbərdar etmək və alovun genişlənməsinin qarşısını almaqdır. Təəssüf ki, real vəziyyət hər zaman bu tələblərlə üst-üstə düşmür. Bəzi obyektlərdə sistemlər sadəcə mövcudluq xatirinə quraşdırılır, vaxt aşırı texniki baxışdan keçirilmir və işçilər yanğın təhlükəsizliyi üzrə təlimatlandırılmır. Bu cür məkanlarda fövqəladə çıxışlar daim açıq və maneəsiz saxlanılmalı, təxliyə yolları aydın şəkildə işarələnməli və işıqlandırılmalıdır. Tüstülənmə zamanı isə insanlar dərhal təxliyə olunmalıdır. Şadlıq sarayları insanların sevincini yaşadığı məkanlardır. Lakin təhlükəsizlik qaydalarına biganə yanaşıldıqda bu məkanlar ciddi risk zonasına çevrilir. Yanğın təhlükəsizliyi təkcə avadanlıqlarla məhdudlaşmır, bu sahədə məsuliyyətli nəzarət, mütəmadi yoxlamalar və maarifləndirmə də vacibdir”.
Nurcan Babək
Əhaliyə pul köçürmələri ən çox bu ölkələrdən gəlir
Metroda limitsiz abunə kartları nə vaxt tətbiq olunacaq? - RƏSMİ AÇIQLAMA
Bakıda su bu qrafiklə verilir - Saatlar açıqlandı
Kondisioner, sərinkeş... - Yayda işıqpulunu necə azaldaq?
Çimərliklərə gedənlərə ÇAĞIRIŞ - Bu təhlükədir!
Azərbaycana yay fəsli daxil olub
Külək güclənəcək, şimşək çaxacaq və dolu düşəcək - SABAHIN HAVASI
Bakı Beynəlxalq Avtovağzal Kompleksində musiqi alətlərinin satışı həyata keçirilir - VİDEO
Azərbaycanda İNTENSİV YAĞINTI BAŞLADI - Bu ərazilərə dolu düşdü
Bu rayonda işləmək istəyənlərin DİQQƏTİNƏ! - Əmək yarmarkası keçiriləcək
Çıxarışsız mənzil alanlara XƏBƏRDARLIQ










