Banner

“Prezidentin tapşırığından 7 il keçsə də, hələ də bir sıra yollarımız zülmət içindədir” - Elməddin Muradlı

Yazarlar 19 Noyabr 2026 14:06
“Prezidentin tapşırığından 7 il keçsə də, hələ də bir sıra yollarımız zülmət içindədir” - Elməddin Muradlı
WhatsApp kanalımıza abunə olun

Son illər Azərbaycanda yol-nəqliyyat hadisələrinin sayında ciddi artım müşahidə olunur. Demək olar ki, hər gün media gündəmində ölümlə və ağır xəsarətlərlə nəticələnən qəza xəbərlərinə rast gəlirik. Dövlət Statistika Komitəsinin açıqladığı 9 aylıq hesabata əsasən, bu müddət ərzində ölkə ərazisində baş verən qəzalarda 500 nəfər həyatını itirib, 640 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hesabatda diqqətçəkən ən mühüm məqamlar hadisələrin böyük əksəriyyətinin yaşayış məntəqələrində, 41,8 faizinin gecə saatlarında, 34 faizinin isə həftəsonları (şənbə və bazar günləri) qeydə alınmasıdır.

Mövzu ilə bağlı müsahibəsində avtoekspert Elməddin Muradlı suallarımızı cavablandırıb.

– Gününüz uğurlu olsun, Elməddin bəy. Açıqlanan son statistik rəqəmlər narahatedici mənzərə yaradır. Sizcə, yollarda ölüm və xəsarət hallarını azaltmaq üçün ilk növbədə hansı təxirəsalınmaz addımlar atılmalıdır?

– Çox sağ olun, sizin də gününüz uğurlu olsun, Gülbəniz xanım. İlk növbədə onu qeyd edim ki, bu statistik göstəricilər təbii olaraq cəmiyyətin hər bir üzvünü narahat edir. Bu narahatlığın kökündə insanların həyatını itirməsi, ağır xəsarətlər alması və ömürlük əlil qalması kimi acı reallıqlar dayanır.

Belə faciələrin qarşısını almaq üçün kompleks və ciddi tədbirlər görülməlidir. Bunun üçün ilk növbədə sürücülərin peşəkarlıq və hazırlıq səviyyəsi artırılmalıdır. İkincisi, yol təsərrüfatı müasir və mükəmməl səviyyəyə gətirilməlidir. Üçüncüsü isə ölkənin avtomobil parkı yenilənməlidir. Çünki istismar müddətini başa vurmuş, köhnə avtomobillərin iştirakı ilə baş verən qəzalarda ölüm və ağır xəsarət riski dəfələrlə yüksək olur.

– Hesabatda qəzaların 41,8 faizinin məhz gecə saatlarında və əsasən yaşayış məntəqələrində baş verdiyi göstərilir. Sutkanın qaranlıq vaxtında qəza riskini artıran başlıca amillər nələrdir?

– Statistik göstəricilərə nəzər saldıqda görürük ki, qaranlıq və toranlıq vaxtlarda baş verən hadisələr üstünlük təşkil edir. Bunun əsas səbəbi bir çox yolların işıqlandırma sistemləri ilə təmin olunmamasıdır ki, bu da birbaşa qəzalara yol açan ciddi nöqsandır. “İşıqlandırma baha başa gəlir” deməklə məsuliyyətdən yayınmaq olmaz. Dövlət başçısı tərəfindən də bu məsələ ilə bağlı ciddi tapşırıqlar verilib. Lakin həmin tapşırıqdan təxminən 7 il keçməsinə baxmayaraq, hələ də bir sıra yollarımız zülmət içindədir.

Bu baxımdan problemin həlli qətiyyən ləngiməməlidir. İşlək vəziyyətdə olmayan dirəklər bərpa edilməli, işıqlandırma sistemi olmayan yollara isə yeni dirəklər quraşdırılmalıdır. Bir sözlə, yolların işıqlandırılması hərəkət təhlükəsizliyi üçün həyati əhəmiyyət daşıyır. Qaranlıq yollarda görmə məhdudiyyəti səbəbindən həm nəqliyyat vasitələrinin toqquşması və ötmə qaydalarının pozulması halları artır, həm də piyadaların həyatı ciddi təhlükə altına düşür. Piyadalar qaranlıq ərazilərdə, hətta piyada keçidlərindən keçdikləri zaman belə avtomobillər tərəfindən vurulurlar. Çünki qaranlıqda sürücülərin əksəriyyəti onları vaxtında görə bilmir.

– Statistikada diqqət çəkən digər məqam qəzaların 34 faizinin həftəsonlarına təsadüf etməsidir. Şənbə və bazar günləri yollarda qəza sayının kəskin artması nə ilə əlaqədardır?

– Həftəsonları xüsusilə magistral yollarda nəqliyyatın intensivliyi kəskin artır. Bunun səbəbi vətəndaşların istirahət məqsədilə rayonlara və ya şəhərkənarı ərazilərə səfərə çıxmasıdır. Hərəkət sıxlığının artması fonunda sürücülərin yüksək sürət həddini aşması və təhlükəli ötmə manevrləri etməsi ağır qəzalara gətirib çıxarır.

Ümumiyyətlə, 27 dekabr 2018-ci ildə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nda da yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi ilə bağlı vacib məsələlər öz əksini tapıb. Hesab edirəm ki, qeyd etdiyim əsas istiqamətlərə – sürücü hazırlığına, avtomobil parkının yenilənməsinə və yol infrastrukturundakı problemlərin aradan qaldırılmasına daha ciddi və sistemli yanaşılmalıdır.

Xatırladaq ki, Prezident İlham Əliyev 31 iyul 2019-cu il tarixində keçirilən sosial-iqtisadi sahə ilə bağlı müşavirədə Bakı küçələrinin və yolların işıqlandırılmasının lazımi səviyyədə olmadığını açıq şəkildə tənqid edərək aidiyyəti qurumlara ciddi tapşırıqlar vermişdi. Dövlət başçısı həmin vaxt bildirmişdi ki, küçələrin işıqlandırılması qənaətbəxş deyil və bir çox yerlərdə işıqlar ya yanmır, ya da ümumiyyətlə yoxdur. Prezident müasir işıqlandırma sistemlərinin qurulmasının həm şəhərin görünüşü, həm də gecə saatlarında sürücü və piyadaların təhlükəsizliyi üçün mühüm əhəmiyyət daşıdığını xüsusi vurğulamışdı./patrul.az

Oxunub : 72
ŞƏRH YAZ
Ad

E-mail

Şərh