17 modeldə “NAZ-Lifan” avtomobili istehsal olunacaq - FOTOLAR
Bu ilin sonunadək Naxçıvan Avtomobil Zavodunda əlavə 7 “NAZ-Lifan” modelinin istehsalına başlanması planlaşdırılır. Hazırda zavodda 10 modeldə “NAZ-Lifan” avtomobili istehsal olunur. Respublikada sifarişlərin artması nəzərə alınaraq zavod model sırasını genişləndirməyi nəzərdə tutur. Bu barədə Naxçıvan Avtomobil Zavodunun direktoru Musa Abdullayev məlumat verib. O bildirib ki, indiyədək avtomobillərin qiymətlərində artım olmayıb və 11 min manatdan başlayaraq dəyişir. Direktorun sözlərinə görə, yaxın günlərdə zavodun nümayəndə heyəti Çinə səfər edəcək, orada qiymətlər və yeni modellərlə bağlı danışıqlar aparılacaq. Musa Abdullayev valyuta bazarındakı son vəziyyəti nəzərə alaraq qiymətlərə yenidən baxılacağını deyib. “Naxçıvan Avtomobil Zavodunun istehsal etdiyi modellərin respublikada satılan digər avtomobillərin qiymətləri ilə müqayisədə daha ucuz olmasına çalışacağıq. Ehtimal ki, qiymətlər modeldən asılı olaraq 15-30 min manat arası dəyişəcək”, - deyə zavodun direktoru bildirib.
O qeyd edib ki, yanvarın 27-də “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyevin dövlət qurumlarına Naxçıvanda istehsal olunan avtomobillərin alınması ilə bağlı tövsiyəsindən sonra qısa müddətdə bir il ərzində satılandan da çox avtomobil satılıb: “Hazırda bir sıra dövlət müəssisələri tərəfindən zavoda sifarişlər verilib. Naxçıvan Avtomobil Zavodu qəbul olunan bütün sifarişləri təmin etmək imkanına malikdir”.
Avtomobillərin keyfiyyəti barədə danışan zavodun direktoru vurğulayıb ki, bu gün Naxçıvan Avtomobil Zavodunun istehsalı olan “NAZ-Lifan” markalı 400-dən çox avtomobil respublika ərazisində taksi fəaliyyəti göstərir. Bu avtomobillərin bəzilərinin 1 milyon kilometrdən çox yol qət etməsinə baxmayaraq, onlarda heç bir problem yaranmayıb.
Qeyd edək ki, Naxçıvan Avtomobil Zavodu 2010-cu ildən fəaliyyət göstərir. Zavodda Almaniya, İtaliya və Belçikadan gətirilmiş müasir texnoloji avadanlıqlar quraşdırılıb.