Avtomobil bazarında süni tələb yaradırlar – EKSPERTLƏR

Avtobazar 3 Fevral 2017 12:56 Oxunub 2867
Avtomobil bazarında süni tələb yaradırlar – EKSPERTLƏR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Azərbaycanda idxal kəskin şəkildə aşağı düşüb"

Son zamanlar işlənmiş avtomobillərin qiymətinin artması ilə bağlı bəzi məlumatlar yayılmaqdadır. Guya əhalinin dolanışıq səviyyəsinin aşağı düşməsinə baxmayaraq, avtomobil bazarında alıcılıq qabiliyyəti hələ də yüksək olduğundan, qiymətlər azalmaq əvəzinə qalxır. Bəs əslində vəziyyət necədir? Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Ramil Osmanlı Modern.az-a deyib ki, bəzi məlumatlarda təqdim olunduğu kimi, qiymətlərin qalxması son 1-2 ayın prosesləri deyil. “Son dövrlərdə dolların məzənnəsinin möhkəmlənməsi ilə əlaqədar olaraq, Azərbaycan bazarında idxal məhsullarının əksəriyyəti üzrə, o cümlədən avtomobil bazarı üzrə qiymət artımı bahalaşmanın tərkib hissəsidir. Aparılan tədqiqatlar göstərir ki, son 1 il ərzində ikinci əl avtomobillərin qiymətində əvvəlki illərlə müqayisədə artım olub. 2000-ci ilə qədər istehsal olunmuş avtomobillərdə 10-15%, 2000-2009-ci illərdə istehsal olmuş avtomobillərdə 20%-ə qədər, 2009-2015-ci illərdə istehsal olunan avtomobillərdə isə qiymət artımları 20-30% arasında dəyişir. Azərbaycanda idxal kəskin şəkildə aşağı düşüb. Məsələn, 2013-2014-cü illərdəki göstəricilərlə müqayisədə hazırda idxal 10 dəfə azalıb. 2015-ci ildəki göstəricilərlə müqayisədə isə indiki idxal 5-6 dəfə azalıb. Həm idxalın azalması, həm dolların çox sürətlə manata nisbətdə möhkəmlənməsi avtomobil bazarına da öz təsirini göstərib və qiymətlər artıb.

Əvvəlki illərlə müqayisə etsək, avtomobil alanların sayında da xeyli azalma müşahidə olunub. 2013-2014-cü illərdə Azərbaycana təxminən 100 min avtomobil idxal olunub və gətirilən avtomobillərin 80%-ni minik avtomobilləri təşkil edib. İndi isə bu rəqəm 10 min avtomobil ətrafında dəyişir. Bu o deməkdir ki, əvvəlki illərlə müqayisədə tələb 8-10 dəfə aşağı düşüb”. İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyətinin sədri Vüqar Bayramov isə bildirib ki, avtomobil bazarında əsasən köhnə və nisbətən ucuz avtomobillərin qiymətində müəyyən bahalaşma müşahidə edilib.

“Amma bu artımlar mətbuatda, sosial şəbəkələrdə qeyd olunan səviyyədə deyil. Xüsusən də bahalı avtomobillərin qiymətində artım yoxdur. 2016-cı ilin ortalarında müəyyən artımlar müşahidə edildi. Amma bu artımlar 2016-cı ilin sonlarına doğru stabilləşdi.

2017-ci ilin ilk ayında bahalı, xüsusən, ikinci əl bahalı avtomobillərin qiymətində müəyyən azalma müşahidə edilib. Çünki bahalı avtomobillərə tələb azdır və işlənmiş bahalı avtomobillər əsasən dollarla təklif olunur.

60-100 min dollar arasında olan avtomobillərin qiymətində artım yoxdur, əksinə, azalma müşahidə edilir. Amma mətbuatda işlənmiş avtomobillərin bahalaşması ilə bağlı məlumatlar yayılır.

Əgər avtomobil bazarında çox nadir hallarda alıcı tapmaq olursa və avtomobil salonları alıcı azlığından bağlanırsa, o zaman qiymət necə artır? Bu sual kifayət qədər qaranlıq qalır. Çox təəssüf ki, bəzən avtomobil, ev, torpaq sahələrinin qiymətlərinin artması ilə bağlı mətbuata mütəmadi olaraq yalan məlumatlar sızdırılır.

 

Bu potensial alıcıların fikrini daşındırır, bəzən bu məlumatlar ona görə sızdırılır ki, potensial alıcı növbəti qiymət artımından ehtiyatlanaraq avtomobil, ev, torpaq sahəsi alsın”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh