Bakıda yeni “Toyota Camry” satışa çıxarılacaq – FOTO – QİYMƏT
Yeni, 2018-ci il model “Toyota Camry”nin Azərbaycanda satış tarixi məlum olub. Toyotanın Azərbaycanda rəsmi dileri Toyota Bakı Mərkəzi yanvar ayının birinci yarısında bu modeli təqdim edəcək. Toyota Bakı Mərkəzin PR mütəxəssisi Eldəniz Cəfərovun verdiyi məlumata görə, modelin interyeri yenilənib: “Avropa spesifikasiyalı yeni, səkkizinci nəsil “Camry” gözləntiləri doğruldub. İlk baxışda xarizmatik, aqressiv, dinamik və bir qədər də yarış üslubunu özündə cəmləşdirən xarici görünüş-eksteryer nəzərə çarpır. Maşının interyeri tamamilə müasir və fərqlidir”.
O bildirib ki, avtomobilin uzunluğu əvvəlki versiyadan nisbətən bir qədər artıb və arxada əyləşən sərnişinlər üçün daha komfortlu olub. İdarəetmənin ön paneli müasir texnoloji avadanlıqa zəngindir. Eyni zamanda sürücü və sərnişinlərin təhlükəsizliyi maksimum nəzərə alınıb və 10 təhlükəsizlik yastığı ilə təhciz olunub. Yeni ”Camry”də bir-birinə bağlı iki xüsusi yenilik var. Söhbət mühərrik, sürət qutusu və sükan oxundakı dəyişiklikləri özündə birləşdirən TNGA (Toyota New Global Architecture) yəni modul şassi idarəetmə sistemindən gedir.
Əvvəlcə “Toyota”nın digər modelində sınaqdan keçirilən “Yeni Qlobal Arxitektura” artıq yeni “Camry”də də tətbiq edilib. Yeni sistemdə sükanın səviyyəsi bir qədər aşağıdır. Bu isə sürücü üçün komfort yaratmaqla yanaşı, manevr imkanlarını da artırıb.
İkinci yenilik isə mühərriklə bağlıdır. E.Cəfərov bildirib ki, yeni model Dinamic Force Engine 2.5L həcmli mühərriklə təhciz edilib. Sürət qutusu isə əvvəlkindən fərqli olaraq artıq 8 pilləli sürət ötürücüsü Direct Shift-8AT ilə təhciz edilib. Mühərrikdə edilən yenilik onun daha yığcam və əvvəlkindən daha yüngül olmasına səbəb olub. Yeni mühərrik sərf olunan yanacağın faydalı iş əmsalını artıracaq. Bu zaman ümumi yanacaq sərfiyyatı 20% azalmaqla, mühərrik 10% daha güclü çalışacaq. E.Cəfərov hesab edir ki, yeni “Camry” mühərrikin yenilənməsi ilə bağlı 1 litrə qədər yanacağa qənaət edə biləcək.
Avtomobil haqqında dolğun məlumat isə mərkəz tərəfindən aparılan yerli “test-drive”dan sonra veriləcək.
Avtomobilin komplektasiya və qiymətlərinə gəlincə, Bakıda modelin 2,5 və 3,5 l mühərrikli iki versiyası satışa çıxarılacaq. Avropa qiyməti 35 min dollar olan yeni modelin Bakıda başlanğıc qiymətinin 61 min manat olacağı gözlənilir.
Qeyd edək ki, avtomobil haqqında müəyyən məlumatlar olsa da, hələlik görüntüləri məxfi saxlanılır. Bununla belə Fins.az avtomobilin ABŞ versiyasının görüntülərini əldə etməyə müvəffəq olub.