Hansı nazir özünə “NAZ-Lifan” alıb? – FOTO

Avtobazar 29 Yanvar 2016 15:48 Oxunub 5001
Hansı nazir özünə “NAZ-Lifan” alıb? – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Dövlət rəsmiləri zəng edərək “NAZ-Lifan” almaq istədiklərini bildirirlər”

“Dövlət rəsmiləri zəng edərək, “NAZ-Lifan” almaq istədiklərini bildirirlər”. Bunu azvision.az-a müsahibəsində Naxçıvan Avtomobil Zavodunun (NAZ) satış direktoru Əhməd Rəhimov deyib.

-Prezident İlham Əliyevin məlum çıxışından sonra “NAZ-Lifan” avtomobillərinin satışında fərq varmı? Məmular maşın almaq üçün sizə müraciət edirlərmi?
- Ölkə başçısının çıxışından sonra müştərilərimizin sayı həddindən artıq çoxalıb. Əvvəlki günlərlə müqayisədə fərq böyükdür. Vətəndaşlar ofislərimizə gələrək, qiymətlərlə maraqlanırlar. Son iki gün ərzində dövlət qurumları, özəl müəssisə və şirkətlərdə çalışan vəzifəli şəxslər “NAZ-Lifan”la maraqlanırlar. 



- Avtomobil almaq üçün sizə hansı dövlət qurumlarından müraciətlər daxil olub? 

-Nazirliklərdən çoxlu təkliflər almışıq. Daha çox Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlıq edirik. Nazir Səlim Müslümovun rəhbərlik etdiyi nazirliyin işçiləri “NAZ-Lifan” avtomobilləri ilə maraqlanırlar. Bundan öncə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bizdən xeyli sayda avtomobil alınıb.
Məndə olan məlumata görə, nazir Səlim Müslümov şəxsi istifadəsi üçün “NAZ-Lifan” markalı maşın alıb. 

- Nazir Səlim Müslümovun aldığı avtomobilin qiyməti nə qədərdir?

- Səlim müəllimin aldığı avtomobilin qiymətini dəqiq deyə bilməyəcəm. Çünki qiymətlər daha çox modifikasiyalara uyğun olaraq dəyişir. 



- Hazırda “NAZ-Lifan”ın neçə modeli istehsal olunur?

- 11 növ model istehsal olunur. Mart ayında zavod “LİFAN-820” modelini satışa çıxaracaq. Biz dövlət rəsmilərinə, məmurlar “LİFAN-720” modelini təklif edirik. Mart ayında isə satışa çıxarılacaq “LİFAN 820” modeli də məmurlar üçün əlverişli olacaq.Yeni modelinin qiymətini hələlik dəqiqləşdirməmişik. Amma “LİFAN 720” modeli 11 min 500 manata satışa çıxarılıb.

-Avtomobillərin qiymətində dəyişiklik gözlənilirmi?

-Hələ ki, müştərilərə köhnə qiymətləri təqdim edirik. Bizdə kreditlər maşın almaq üçün ilkin ödəniş 2 min manatdır. Ödənişlər 36 ay ərzində 373 manat təşkil edir. 



- Başqa hansı dövlət qurumlarından sizə müraciət daxil olub?

- Fövqəladə Hallar Nazirliyi və Nəqliyyat Nazirliyinin əməkdaşları satış mərkəzinə gələrək, qiymətlərlə maraqlanıblar. Bundan başqa bir neçə millət vəkili, icra başçısının müavinləri “NAZ-Lifan” almaq istədiklərini bildiriblər. Hazırda sifarişlərimiz çoxdur. Dövlət qurumları daha çox kreditlə maşın almağa üstünlük verirlər. Hazırda qeyd edim ki, Naxçıvan Muxtar Respublikasında bir çox dövlət qurumlarında “NAZ-Lifan” avtomobillərindən istifadə edilir. Qeyd edim ki, müştərilərimiz narahat olmasınlar, qiymətlərdə dəyişiklik etməyi düşünmürük. 

Xatırladaq ki, bir neçə gün öncə, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasına həsr olunmuş konfransda Prezident İlham Əliyev yerli istehsalın artırılması üçün maraqlı təkliflə çıxış edib. Ölkə başçısı konfransda məmurlara “Lifan” avtomobilini sürməyi tövsiyə edib. “Naxçıvanda avtomobil zavodu var, dövlət məmurlarının bu avtomobilləri daha çox almalarını tövsiyə edirəm”-deyə prezident bildirib.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh