Maşın almaq üçün uyğun vaxtdır
Ötən həftə Bakının avtomobil bazarında nisbi canlanma müşahidə edilib ki, bazar iştirakçıları bunu qiymətlərin ən aşağı həddi ilə izah ediblər. Avtosfer.az xəbər verir ki, Ramin adlı bazar satıcısı anspress-ə müsahibəsində qiymətlərin 2 dəfəyə qədər düşdüyünü vurğulayıb: “Maşın indi su qiymətinədir. Əvvəl 10 min manata deyilən “Mercedes”i indi 4500-5000 manata almaq mümkündür. Yəni, maşın almaq istəyənlərin əlinə yaxşı fürsət düşüb. Yəqin ki, qiymətlər belə qalmayacaq və qalxacaq”.
Əhalinin gəlirlərini mütəmadi dollara çevirərək gözləmə mövqeyi tutması, alıcılıq qabiliyyətinin düşməsi ilə yanaşı, bazarda qiymətləri salan digər amil bəzi dövlət qurumlarının istifadəsində olan avtomobillərin çox ucuz qiymətə bazara çıxarılmasıdır. Məsələn, Əmlak Məsələləri Dövlət Komitəsinin martın 15-nə nəzərdə tutduğu hərracda 2004-cü il istehsalı olan “Hyundai Sonata” 1907 manata, 2006-ci il istehsalı olan “Nissan Maxima” 2822 manata təklif edilir.
2006-ci il istehsalı olan “UAZ-3741” markalı mikroavtobus isə 2548 manatdan bazara çıxarılır ki, bu, indiki dövr üçün yetərincə aşağı qiymətdir. Bu tipli mikravtobuslar dağ kəndləri ilə rayon mərkəzləri arasında işlətmək üçün xeyli əlverişlidir və qoyulan xərci sürücünün aylıq qazancı da nəzərə alınmaqla bir ilə geri qaytarmaq mümkündür. Qiymətlərin ucuzluğu bazarda Rusiya istehsalı olan avtomobillərə də marağı artırıb. İndi 4-5 ilin “UAZ”larını 2 min manata almaq mümkündür.
Amma Dövlət Gömrük Komitəsinin (DGK) idxalla bağlı təqdim etdiyi göstəricilər bazarda bu vəziyyətin uzun müddət davam etməyəcəyini düşünməyə imkan verir. DGK-nın statistikasına görə, 2016-cı ilin yanvar ayında nəqliyyat vasitələri və onların ehtiyat hissələrinin idxalı 4 dəfəyə qədər azalıb. Əgər 2015-ci ilin yanvar ayında Azərbaycana 53,26 milyon dollarlıq nəqliyyat vasitəsi və onların ehtiyat hissəsi gətirilmişdisə, bu ilin birinci ayında bu göstərici 11,93 milyon dollara düşüb. Əvvəlki illərlə müqayisədə azalma daha çox olub.
Əmlak Ekspert Mərkəzinin araşdırmasına görə, bu proses Azərbaycanda avtomobil parkının yenilənməsi fonunda gedir. Yəni bazarda əvvəllər daha çox Almaniya istehsalı olan ikinci əl avtomobillər satılırdısa, hazırda yeni avtomobillərin satışı üstünlük təşkil edir. Avtomobil salonlarının manatla daxili kreditləri bərpa etməsi də bu meyli gücləndirib.
Azərbaycan ikinci əl maşınlar əsasən Gürüstandan gətirilirdi. Bu ölkənin statistika departamentinin məlumatına görə isə, yanvar ayında bu ölkədən Azərbaycana avtomobil ixracı bir il əvvəlkinə nisbətən 22 dəfə azalıb. Əgər 2015-ci ilin yanvar ayında Gürcüstandan Azərbaycana 13,1 milyon dollarlıq avtomobil gətirilibsə, bu il həmin göstərici 577 min dollara düşüb. Yəni avtomobil bazarında təklif azalıb və bu baxımdan müşahidə olunan nisbi canlanma təbii görünür.
Əmlak Ekspert Mərkəzinin rəhbəri Ramil Osmanlı ans press-ə müsahibəsində bu canlanmanı qeyri-müəyyənlikdən çıxış kimi dəyərləndirib:
“İkinci devalvasiyadan sonra avtomobil satanlar da, avtomobil almaq istəyənlər də çaşqınlıq içində idilər. Ona görə çəkilib bir kənarda gözləyirdilər. İndi isə durğunluqdan çıxıblar və yeni şəraitə uyğunlaşmağa çalışırlar. Avtomobil qiymətlərinin daha da düşəcəyini gözləməyə dəyməz. Bazarda qiymətlərin sabit qalacağına ehtimal etmək olar, amma manatın məzənnəsindən asılı olaraq qiymətlər qalxa da bilər”.