Ölkəyə bu qaydada avtomobil gətirilməsi dayandırılacaq – ARAŞDIRMA

Avtobazar 28 Dekabr 2016 12:48 Oxunub 18609
Ölkəyə bu qaydada avtomobil gətirilməsi dayandırılacaq – ARAŞDIRMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Aksiz vergisinin artırılması vəziyyəti bir qədər də çətinləşdirib

Azərbaycanda yaranan iqtisadi durğunluq avtomobil bazarına da təsirsiz ötüşməyib. Dolların bahalaşması şəraitində xaricdən gətirilən avtomobillərin kəskin bahalaşması, bankların avtokreditləri dayandırması, avtomobil bazarını böhran həddinə çatdırıb. Avtomobil ekspertləri isə bildirirlər ki, aksiz vergisinin artırılması vəziyyəti bir qədər də çətinləşdirib. Belə ki, son bir ildə ölkəyə gətirilən avtomobillərin sayı dəfələrlə azalıb. Bu da öz növbəsində yığılan aksiz vergilərinin həcminə xeyli təsir edib. Ekspertlər hesab edirlər ki, aksiz vergisinin artırılması da bununla bağlı idi. Amma bu addım xaricdən gətirilən avtomobillərin baha başa gəlməsinə və son nəticədə adi qaydada ölkəyə avtomobil gətirən fiziki şəxslərin işi dayandırmasına səbəb olacaq.

“Aksiz vergisinin artırılması avtomobil biznesini tam məhvə sürükləyir”

Avtomobil satışları üzrə ekspert Aley Şamilov bildirib ki, son bir ayda avtomobil bazarında satış tamamilə dayanıb. Bu da maliyyə bazarında sabitliyin olmaması ilə bağlıdır. Dolların bahalaşmaqda davam etməsi insanları pul xərcləməkdən çəkindirir və investisiya dollara yatırılır. A.Şamilov bildirib ki, belə bir vəziyyətdə aksiz vergisinin artırılması isə ölkədə avtomobil biznesinin tamamilə məhvi anlamına gəlir. Bununla da ölkəyə fiziki şəxslərin avtomobil gətirməyə marağı kəskin azalacaq. Ölkəyə xaricdən avtomobillərin gətirilməməsi və ya gətirilmə xərclərinin kəskin artması daxili bazarda qiymətləri artıracaq.

“Aksiz vergisi 2-3 dəfə artıb”

Məsələn, əvvəl 3.0 l mühərrikli avtomobilə görə 1900 manat aksiz vergisi hesablanırdı. Mühərrikin 2000 kubsantimetrlik hissəsinə görə 400 manat (1 kubsantimetrə 0,20 manat), qalan 1000 kubsantimetrlik hissəsinə görə 1500 manat (1 kubsantimetrə 1,5 manat) vergi tutulurdu. İndi isə 3.0 l mühərrikli avtomobilə görə bu rəqəm 3400 manata qədər yüksəlib. 2001-3000 kubsantimetrlik hissəyə görə aksiz vergisi 2 dəfə artaraq 3 min manat olub.

Bu da bir avtomobilə görə aksiz vergisinin 45% artması deməkdir. Ekspert hesab edir ki, bahalı avtomobillərdə aksiz vergisi 2 dəfədən də çox artıb. Məsələn, əvvəl 4.7 l mühərrikli “Lexus” avtomobilinə görə aksiz vergisi 11400 manat  idisə, indi 25400 manata qədər bahalaşıb.

“Həm yeni, həm ikinci əl avtomobillər 50%-dək bahalaşacaq”

A.Şamilov bildirib ki, nəticədə təkcə yeni avtomobillər deyil, ikinci əl avtomobil qiymətləri də “əl yandıracaq”. Satış olmamasına baxmayaraq, həm yeni, həm də təkrarsatış bazarında qiymətlər 30-50% civarında bahalaşacaq.

“Vergilərin artırılması 20-50 min manatlıq avtomobilləri “vuracaq”

Ekspert Vaqif Hüseynov isə bildirir ki, aksiz vergisinin artırılması əsasən orta klass avtomobil bazarına mənfi təsir edəcək. Xüsusilə də qiyməti 20-50 min manat olan avtomobillərin satışı böhran yaşaya bilər. Belə ki, dolların bahalaşması ilə hər gün manatla ekvivalentində bahalaşan avtomobillərin üzərinə vergi yükü də artırılırsa, bu qiymətlərdə də öz əksini tapacaq. 

Ekspert hesab edir ki, bu avtomobilləri əsasən əhalinin orta təbəqəsi alır. İqtisadi vəziyyət əsasən bu təbəqənin gəlirlərinin azalmasına təsir edib. Qiymətlərin artması ilə belə müştərilər avtomobil almaqdan imtina edirlər. Daxili bazarda qiyməti 20 min manata qədər olan ikinci əl avtomobillər isə artıq vergisi ödənilmiş avtomobillərdir. Əhalinin böyük hissəsi əsasən bu avtomobilləri almağa üstünlük verir. Qiyməti yüksək olan lüks avtomobillərin qiymətlərində isə hər hansı qiymət artımı onun müştərisi üçün o qədər də əhəmiyyət daşımır.

“Yeni ildən gömrük rüsumu və yanacağın qiyməti də artırıla bilər”

Ekspert hesab edir ki, aksiz vergisinin artırılmasından sonra yanvar ayından etibarən gömrük rüsumunun artırılması gözlənilir. Ümumilikdə, vergilərin artırılması rəsmi dilerlərin işinə mənfi təsir edəcək. V.Hüseynov bildirib ki, avtomobil brendlərinin Azərbaycandakı rəsmi nümayəndəliklərinin bir hissəsinin əsas xərcləri birbaşa xaricdəki şirkət tərəfindən qarşılanır. Ona görə də belə rəsmi dilerlər indəyə qədər fəaliyyətlərini davam etdirə biliblər. Bəzi avtomobil dilerləri isə xәrclәrini birbaşa özləri qarşılayırlar. Ekspert hesab edir ki, dolların bahalaşması və vergilərin artması daha çox bu avtomobil şirkətlərinə təsir edəcək. Artan xərclərin qiymətlərə əlavə edilməsi və alıcı tapılmaması sonda belə rəsmi dilerlәrin regionlardakı satış salonları bağlamağa vadar edəcək.

V.Hüseynov bildirib ki, eyni vaxtda yanacağın da qiymətinin artması gözlənilir. Belə ki, gömrük rüsumu ilə eyni vaxtda yanacağın qiymətinin artırılması qiymətlərin bahalaşmasının qarşısını almağa yönələ bilər: “Yanacaq bahalaşan zaman məlumdur ki, avtomobillərin qiyməti ucuzlaşır. Düşünürəm ki, gömrük rüsumunun artırılması ilə eyni vaxtda yanacaqda qiymət artımı avtomobillərin bahalaşmasının qarşısını nisbətən ala bilər”.

“Artıq bəzi yeni modellərin ölkəyə gətirilməsi dayanıb”

Avtomobil eksperti Əyyub Əliyev bildirib ki, dolların bahalaşması və aksiz vergisinin artırılması ilə artıq bəzi yeni modellərin Azərbaycana gətirilməsi dayanıb. Məsələn, “Hyundai Santa Fe”, “Kia Serato” kimi avtomobillərin, “Chevrolet”in bəzi seqmentinə aid modellərin ölkəyə gətirilməsi çox baha başa gəlir:

“Dolların 1,05 manat olduğu zaman avtomobilin qiyməti 42 min manat idi. Yeni “Hyundai Santa Fe”nin Azərbaycana gətirilməsi 80 min manata başa gəlir. Avtomobilin satış qiymətini də əlavə etsək, bu, 85 min manat edir. Qiyməti 2 dəfəyə yaxın avtomobili isə heç kim almaz”. 

 

Mənbə: Fins.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh