"Xəzər-Lada"nın aktivləri 22 faiz azalıb
Bu ilin birinci yarısının yekununa görə "Xəzər-Lada" ASC-nin cəmi aktivləri 10,176 mln. manat təşkil edib. Avtosfer.az xəbər verir ki, bu barədə "Report" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2015-ci ilin yekunu ilə müqayisədə 21,8% azdır. Yarım il ərzində "Xəzər-Lada"nın cəmi kapitalı 0,1% azalaraq 8,966 mln. manat, cəmi öhdəlikləri isə 70% azalaraq 1,21 mln. manat olub.
Hesabat dövründə şirkətin gəlirləri 7,088 mln. manat, xərcləri 6,988 mln. manat təşkil edib. Son nəticədə "Xəzər-Lada"nın maliyyə mənfəəti 0,1 mln. manat olub.
Şirkət bunun 20%-ni mənfəət vergisi kimi ödəyib. Bununla da "Xəzər-Lada" 2016-cı ilin yanvar-iyun aylarını 80 000 manat xalis mənfəətlə başa vurub.
Xatırladaq ki, "Xəzər-Lada" şirkəti 2014-cü ildə yaradılıb, Rusiyanın "Avto-VAZ" şirkətinin istehsal etdiyi avtomobillərin Azərbaycanda satışı ilə məşğuldur. Onun nizamnamə kapitalı 445,8 min manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 20 manat olan 22 290 səhm əsasında formalaşıb.
Səhmlərin 30%-i Aleksandr Nikiforova, 29,8%-i Lyudmila Nazarenkoya, 19,4%-i Fəxrəddin Qasımzadəyə ("Xəzər-Lada"nın prezidenti), 12,2%-i Naməddin Qasımzadəyə, 8,6%-i 146 fiziki şəxsə məxsusdur.