Yeni "Ferrari"lər Bakıda - FOTOLAR
Bakıda «Ferrari» markalı minik avtomobillərinin yeni modelinin - «Ferrari 488 Spider»in təqdimat mərasimi keçirilib. Bu modelin əsas diqqətçəkən xüsusiyyəti onun mühərrrikinin gücüdür. Ferrarinin bundan əvvəlki modeli – «458 Spider» 570 at gücündə idisə, «Ferrari 488 Spider»nin 3,9 litr həcmli mühərriki ona fantastik - 661 at gücü yığmağa imkan verir. «488 Spider» bu mühərriklə 100 km/saat sürətini cəmi 3 saniyəyə yığır. Saatda 200 km/saat sürət yığmağa isə 8,7 saniyə kifayət edir. Yeni modelin dizaynı «Ferrari»nin öz mütəxəssislərinin məhsuludur. Nəticədə 488-in aerodinamik göstəriciləri daha da güclənərək az qala yarış avtomobilləri kimi axıcı olub. Yeni model əslində üstü örtülüdür, amma açıla bilir, bunun üçün qısa vaxt – cəmi 14 saniyə tələb olunur. Bu mexanizm elə təkmil qurulub ki, açılıb-yığılma izləri heç görünmür.
Yeni modelin sürəti kimi, qiyməti də başgicəlləndiricidir – 350 min ABŞ dolları. Təqribən bir il əvvəl bu cəmi 280 min manat idi. İndi isə yeni modeli almaq istəyənlər manat ifadəsində 540 min manat ödəməli olacaqlar. «Avtolux Azerbaijan LLC»şirkətində bildirirlər ki, devalvasiyanın olması avtomobilin manatla qiymətini kəskin artırdığına görə, şirkət dollarla qiymətləri minimuma endirib. «Əslində qiymətləri elə həddə endirmişik ki, demək olar ki, mənfəət götürmürük».
Dəbdəbəsinə və adi avtomobillərlə müqayisədə fantastik görünən qiymətlərinə baxmayaraq «Ferrari» almaq çətin deyil. Məsələ bundadır ki, Bakıda «Ferrari»ləri kreditlə də almaq olar, 50% ilkin ödənişlə, 3 illik müddətə. Hər satılan «Ferrari» avtomobilinə 3 illik zəmanət verilir. Mühərrikinin gücünə və sürətinə baxmayaraq isə yanacaq sərfi də böyük deyili. Hər halda texniki göstəricilərdə yazılıb ki, «Ferrari» qarışıq tsikldə 100 kilometrə 11,4 litr yandırır. 98 oktanlı yanacaqla işləyən avtomobilin hər kilometrə görə havaya buraxdığı karbon dioksidin həcmi 260 qramdır. «Ferrari» avtomobillərinin Azərbaycandakı rəsmi dileri «Avtolux Azerbaijan» şirkəti fəaliyyətə başladığı 2 il ərxində ölkədə 6 «Ferrari» avtomobili satıb. Bu barədə «Ferrari»nin yeni modelinin «488 Spider»in təqdimatına həsr edilmiş mətbuat konfransında şirkətin direktoru İbrahim Əhmədov bildirib. Onun sözlərinə görə, maşınların qiyməti 245-350 min ABŞ dolları arasında dəyişir. Ən aşağı qiymət 245 min dollardır. «Ferrari» alıcılarınnı hamısı olmasa da, yəqin ki, yarısını həm də bu sual düşündürür. Bəs necə, qiyməti 350 min dollar, sürəti 325 kilometr/saat olan avtomobili var gücü ilə sürməyin ləzzəti başqadır.