Avropa avtomobil bazarında yeni statistika; elektromobil satışı artdı

Avropa Birliyində yeni avtomobil bazarı aprel ayında müsbət dinamika nümayiş etdirib. Satışların artması ilə yanaşı, elektrikli avtomobillərə marağın əhəmiyyətli dərəcədə yüksəlməsi diqqət çəkib.
Avtosfer.az xəbər verir ki, Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının (ACEA) açıqladığı məlumatlara əsasən, Avropa Birliyi ölkələrində yeni avtomobil satışları 2025-ci ilin eyni dövrü ilə müqayisədə 5,1 faiz artaraq 972 min 314 ədədə çatıb.
Statistikaya görə, aprel ayında satılan yeni avtomobillərin 36,9 faizini hibrid modellər təşkil edib. Benzin mühərrikli avtomobillərin payı 22,5 faiz, tam elektrikli avtomobillərin payı 20,6 faiz, qoşula bilən hibridlərin payı 9,8 faiz, dizel avtomobillərin payı isə 7,6 faiz olub. Digər yanacaq növlərinin bazardakı payı 2,6 faiz səviyyəsində qeydə alınıb.
Hesabata əsasən, elektrikli avtomobillərin satışında xüsusilə ciddi artım müşahidə olunub. Belə ki, tam elektrikli avtomobillərin satışları ötən ilin aprel ayı ilə müqayisədə 37,7 faiz artaraq 200 min 117 ədədə yüksəlib.
Məlumatda qeyd olunur ki, tam elektrikli, hibrid və qoşula bilən hibrid modellər birlikdə ümumi satışların 67,3 faizini təşkil edib. Bu isə alternativ enerji mənbələri ilə çalışan avtomobillərin Avropa bazarında dominant mövqeyini daha da gücləndirdiyini göstərir.
Ayrı-ayrı ölkələr üzrə göstəricilərə nəzər saldıqda, aprel ayında yeni avtomobil satışlarının Almaniyada 2,7 faiz, İspaniyada 8,4 faiz, İtaliyada isə 11,6 faiz artdığı məlum olub. Fransada isə əksinə, satışlar 0,3 faiz azalıb.
Yanvar-aprel aylarını əhatə edən ilk dörd aylıq dövrdə Avropa Birliyi bazarında ümumi avtomobil satışları ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,2 faiz artaraq 3 milyon 794 min 280 ədədə çatıb.
İstehsalçılar arasında isə liderliyi "Volkswagen Group" qoruyub. Şirkət aprel ayında 266 min 139 avtomobil sataraq Avropa Birliyində ən çox satış həyata keçirən istehsalçı olub.
"Peugeot", "Fiat", "Citroen" və "Opel" markalarını özündə birləşdirən "Stellantis Group" 159 min 147 satışla ikinci pillədə qərarlaşıb. Üçüncü sırada isə 98 min 55 avtomobil satışı ilə "Renault Group" yer alıb.
Mütəxəssislərin fikrincə, satış statistikası Avropa avtomobil bazarında elektrikləşmənin sürətlə davam etdiyini və istehlakçıların getdikcə daha çox ekoloji nəqliyyat vasitələrinə üstünlük verdiyini göstərir.
Eltac Zülfüqaroğlu
Qonşusuna "Mercedes" vəd etdi, aldığı pulları şəxsi ehtiyaclarına xərclədi
Ucuz deyib aldanmayın! - Çin avtomobilləri ilə bağlı şok xəbərdarlıq
"Tesla Model 3"dən daha çox məsafə qət edə bilən 5 elektrik avtomobili - SİYAHI
Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçiriləcək
“Pobeda”: çürüməyən avtomobil, yoxsa kolxozsayağı istehsal? - FOTOLAR
“Tesla”nın Hindistanda elektromobil istehsalı başlamadan bitdi - FOTO
“Lada”nın Almaniyada yarım əsrlik fəaliyyəti başa çatdı
Çin avtomobillərində elektronikanın “reanimasiyası”: SÖNDÜR-YANDIR DÜZƏLƏCƏK
2025-ci ildə dünyada elektromobil və hibrid alışına 60 milyard dollar dəstək verilib
ABŞ avtomobil nəhəngindən sensasiyalı qərar: Bu funksiya ləğv edildi - RƏSMİ
Avtomobil “mafiyası”: Kim hansı brendə sahibdir? - FOTO








