Elektrikli avtomobil bazarında liderlər dəyişir? – STATİSTİKA

Qlobal elektrikli avtomobil bazarında iyul ayında satışlar ötən ilin eyni dövrü ilə müqayisədə artıb. Lakin regionlar üzrə göstəricilər arasında ciddi fərq müşahidə olunub. Avropada satışlar sürətlə yüksəldiyi halda, Çin və Şimali Amerika bazarlarında azalma qeydə alınıb.
Avtosfer.az xəbər verir ki, Londonda yerləşən “Benchmark Mineral Intelligence” şirkətinin məlumatına əsasən, iyul ayında dünyada 1,85 milyon elektrikli avtomobil satılıb. Bu, illik müqayisədə 9 faiz artım, aylıq müqayisədə isə 10 faiz azalma deməkdir.
Beləliklə, 2026-cı ilin yanvar-iyul aylarında qlobal elektrikli avtomobil satışları ötən ilin eyni dövrü ilə müqayisədə 4 faiz artaraq 11,5 milyon ədədə çatıb.
Avropada iyul ayında elektrikli avtomobil satışları illik müqayisədə 33 faiz artaraq 450 min ədəd olub. Bununla belə, aylıq satışlarda 17 faizlik azalma qeydə alınıb. Yanvar-iyul aylarında isə regionda 3 milyon elektrikli avtomobil satılıb ki, bu da illik müqayisədə 28 faiz artım deməkdir. İyuldakı aylıq geriləmənin əsas səbəblərindən biri tətil mövsümü ilə əlaqədar bazarda yaranan durğunluq olub.
Çində isə vəziyyət fərqli olub. İyul ayında ölkədə 980 min elektrikli avtomobil satılıb. Bu, ötən ilin eyni ayı ilə müqayisədə 5 faiz azdır. Yanvar-iyul aylarında Çində elektrikli avtomobil satışları 12 faiz azalaraq 5,9 milyon ədədə düşüb. Bununla belə, ilin əvvəlində zəif nəticələr göstərən Çin bazarında son dövrlərdə müəyyən canlanma əlamətləri müşahidə olunur.
Şimali Amerikada elektrikli avtomobil bazarında geriləmə iyul ayında da davam edib. Regionda satışlar illik müqayisədə 27 faiz azalaraq 140 min ədəd təşkil edib. Yanvar-iyul aylarında isə satışlar 18 faiz azalaraq 900 min ədədə düşüb.
Dünyanın digər regionlarında isə əksinə, ciddi artım qeydə alınıb. Bu ərazilərdə iyul ayında elektrikli avtomobil satışları illik müqayisədə 97 faiz artaraq 280 minə, yanvar-iyul aylarında isə 96 faiz artaraq 1,7 milyona çatıb.
“Benchmark Mineral Intelligence” şirkətinin elektrikli avtomobillər üzrə baş analitiki Corc Uitkomb bildirib ki, qlobal bazarda regionlar arasındakı fərqlər hələ də özünü açıq şəkildə göstərir.
Onun sözlərinə görə, Avropada tətbiq olunan qanunvericilik və subsidiyalar elektrikli avtomobil satışlarının artımını dəstəkləməyə davam edir. Çin bazarında ilin əvvəlindəki zəif nəticələrdən sonra bərpa əlamətləri görünür, Şimali Amerika bazarında isə iyul ayında yenidən daha ciddi azalma müşahidə olunub.
Ekspert qeyd edib ki, Şimali Amerikadakı göstəricilərin müqayisəsində əvvəlki dövrdə ABŞ-də elektrikli avtomobillərin alışı üçün tətbiq olunan federal vergi güzəştlərinin yaratdığı yüksək satış bazası da nəzərə alınmalıdır.
Eltac Zülfüqaroğlu
“Rolls-Royce” satışı Almaniyada azalır, Rusiyada artır: SANKSİYALAR İŞLƏMİR?
Çin avtomobillərində 3 il sonra ortaya çıxan problemlər – TƏDQİQAT
"Tesla"nın avtonom sistemi sürət rejimini pozdu
Elektrikli avtomobillərə kilometr əsaslı ödəniş gəlir? – RƏSMİ
“Volkswagen” və “Audi” yüz minlərlə avtomobili geri çağırır
Ərəblərin yeni elektromobili belə olacaq - FOTOLAR
ABŞ-də Çin avtomobilləri ilə bağlı narahatlıq: Trampa məktub göndərildi
Yanacaqdaşıyan sisternin üzərindəki rəqəmlər nəyi ifadə edir?
“Bugatti”nin yeni sahibi məlum oldu - FOTOLAR
Avropa mətbuatı: “Çin avtomobili – tez elə, pis elə”
Dubay polisinin istifadəsinə yeni lüks avtomobillər verildi - FOTOLAR











