Əslində, avtomobilin nömrəsi belə olmalıdır - Standarta uyğun FOTOLAR
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi vətəndaşların çoxsaylı müraciətləri nəzərə alaraq AZS 599-2015 "Nəqliyyat vasitələri və onların qoşqularının dövlət qeydiyyat nişanları. Tipləri və əsas ölçüləri. Texniki tələblər” standartının tələbləri haqqında məlumat açıqlayıb. Komitədən Avtosfer.az-a verilən məlumatda bildirilir ki, qeyd olunan dövlət standartı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Kollegiyasının 27 oktyabr 2015-ci il tarixli Qərarı ilə təsdiq edilib və 11 noyabr 2015-ci il tarixindən qüvvəyə minib. Bu standart avtomobil, avtobus, motosikl, motoroller, motoaraba, traktor və avtomobil traktor qoşqularının, eləcə də onlara bərabər tutulan nəqliyyat vasitələrinin tanınması üçün istifadə olunan dövlət qeydiyyat nişanlarına şamil olunur.
Standarta əsasən dövlət qeydiyyat nişanları bir və iki sıralı olmaqla 4 tipə bölünür. Bir sıralı I tip – avtonəqliyyat vasitələrinə (şəkil 1), iki sıralı II tip – avtonəqliyyat vasitələri və onların qoşqularına (şəkil 2), iki sıralı III tip - I tip nişanların tətbiqi mümkün olmayan avtomobillər, hərəkət sürəti 20 km/saatdan artıq olmayan elektrik mühərrikli avtomobillər, hərəkət sürəti 30 km/saatdan artıq olmayan daxili yanma mühərrikli nəqliyyat vasitələri, traktorlar və onların qoşqularına (şəkil 3), iki sıralı IV tip - motonəqliyyat vasitələrinə (şəkil 4) aid edilir.
Standartda "ağ fon”lu dövlət qeydiyyat nişanları ilə yanaşı, "göy fon”lu nişanlar, avtonəqliyyat vasitələrinə müvəqqəti olaraq verilən "tranzit” nişanları, fəxri konsulların nəqliyyat vasitələrinə verilən "qırmızı fon”lu nişanlar, diplomatik nümayəndəliklər və konsulluqların, diplomatik nümayəndələrik statusuna malik beynəlxalq təşkilatların, habelə onların diplomatik personalının və bu personalın ailə üzvlərinin xidməti və şəxsi nəqliyyat vasitələrinə verilən "qırmızı fon”lu nişanlara olan tələblər də əks olunub.
Standarta əsasən dövlət qeydiyyat nişanında 21x42 mm ölçüdə Azərbaycan Respublikasının üçrəngli bayrağı düzbucaqlı şəkildə həkk olunur.
Dövlət standartının tələbləri məcburidir.
Elmin