Banner

Qadın taksi sürücüsü: “Təhlükəsizlik kəməri ilə məni boğub, avtomobili almaq istədilər” - FOTO

Avtosfer Foto 28 Fevral 2017 19:27 Oxunub 3862
Qadın taksi sürücüsü: “Təhlükəsizlik kəməri ilə məni boğub, avtomobili almaq istədilər” - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Yeniyetmə yaşlarımda atamın avtobusunu sürürdüm”

Paytaxtda taksi sürücülüyü ilə məşğul olan qadınların sayının get-gedə artması bu sahədəki xidmətdə də yeniliklərin çoxalmasına səbəb olur. Xanım sürücülər şəhərimizin müxtəlif yerlərində fəaliyyət göstərərək hər gün sərnişinlərə xidmət göstərirlər. Belə xanımlardan biri də maraqlı həyat tarixçəsi olan və artıq bir neçə ildir taksi sürücüsü işləyən 47 yaşlı Zərifə Quliyevadır

Z.Quliyeva "Report"a açıqlamasında bildirib ki, əvvəllər bağçada anası ilə birlikdə aşpaz işləyib: "Valideynim işdən çıxandan sonra mən də bağçadan uzaqlaşdım. Bir müddət ticarət mərkəzlərindən birində satıcı işlədim. Sonra mağazalardan birini icarəyə götürdüm. Ancaq qazancım çox az idi və icarə pulunu çətinliklə ödəyirdim. 1990-cı ildə ailə həyatı qurdum və sonra iki övladım dünyaya gəldi. Lakin həyat yoldaşım dünyasını dəyişdikdən sonra çətinliklərlə üzləşdim, maddi sıxıntılarım yarandı. Ticarət mərkəzindəki işçilərin yeməklərinin, çörəklərinin qalıqlarını yemək üçün onların evə getmələrini gözləyirdim. Bu yolla heç olmasa övladlarıma təzə çörək gətirim. Hər gün ağlaya-ağlaya işə gedirdim”. 

Onun sözlərinə görə, taksi sürücülüyü ilə məşğul olması təsadüfən baş verib: “Bir gün səhər işə gedəndə Allaha "İlahi, məni daim mənə dəstək olan insanla qarşılaşdır" deyə dua etdim. “Məşədi” ləqəbli bir sürücü ilə tanış oldum. Maddi sıxıntı içində olduğumu görüb, "daha işləmə, sənə kömək edərəm" dedi. Sağ olsun, mənə maddi yardım etdi. Mən də torpaq sahəmi satıb onun “Jiquli” avtomobilini aldım. Yeri gəlmişkən, mənə sürücülüyü hələ uşaq yaşlarımdan atam öyrədib. Hər gün küçəmizdə onun sarı rəngli “PAZ” avtobusunu sürürdüm. Yəni 33 illik təcrübəm var idi. Ona görə də Məşədidən aldığım avtomobili sürməkdə çətinlik çəkmədim”. 

"Maşınıma pis niyyətlərlə əyləşən müştərilər çox olub"

Z.Quliyeva Məşədinin ona Kürdəxanı İstintaq Təcridxanası yaxınlığında taksi sürücüsü işləməyi təklif etdiyini söyləyib: “Onun tövsiyəsi ilə təcridxananın yaxınlığında sürücülüklə məşğul olmağa başladım. Artıq 6 ildən çoxdur taksi sürücüsüyəm. Sürücülüyə yenicə başlayanda qohumlarım etiraz etdilər. Onlar irat tutdular ki, camaat bizə nə deyər? Mən də dedim ki, bəyəm həmin adamlar həyat yoldaşım vəfat edəndən sonra mənə övladlarımı dolandırmaq üçün bircə manat da olsa yardım ediblərmi?"

Qardaşı 20 Yanvar hadisəsi zamanı şəhid olan xanım sürücünün fəaliyyəti zamanı üzləşdiyi təhlükəli məqamlar da çox olub: “Bir dəfə müştəri arxadan təhlükəsizlik kəmərini boğazıma dolayaraq məni boğmaq, avtomobili əlimdən almaq istədi. Amma var qüvvəmi toplayıb özümü xilas edə bildim. Maşınıma pis niyyətlərlə əyləşən müştərilər çox olub. Allaha şükürlər olsun ki, özümü qoruya bilmişəm”. 

 

“Polis benzin almaq üçün 10 manat verdi və bir də qaydaları pozmamağı tapşırdı”

Z.Quliyeva deyib ki, əvvəllər yol hərəkəti qaydalarını pozsa da, yol polisləri ona güzəşt ediblər: “Bir dəfə qoşa xəttin üstündən keçdim və yol polisi məni saxladı. Maşındakı müştəri isə düşüb başqa avtomobilə mindi. Mən də maşında benzinim azdır, 10 manat pul qazanacaqdım, ona da imkan vermədiniz deyərək narazılığımı bildirdim. Polis də cibindən 10 manat çıxarıb verdi və bir də qaydaları pozmamağı tapşırdı. Yanacaqdoldurma məntəqələri də mənə güzəşt edirlər. Həta avtomobilimə benzini nisyə vurduqları vaxtlar da olub. Mən də pul qazanan kimi gətirib borcumu qaytarmışam”.

"Taksi sürücülərinin yazılmamış qayda-qanunları var"

Onun sürücü işləməsi Kürdəxanıdakı kişi həmkarları üçün də faydalı olub: “Bilirsiniz neçə dava-dalaşın qarşısını almışam? Bəzən elə olub ki, başqa sürücülər bizim dayandığımız yerə gəliblər. Sürücü yoldaşlarıma demişəm ki, onlara mən cavab verəcəyəm. Siz cavab versəniz, dava olar, qan düşər. Davaya gələnləri xoş sözlə yola salmışam, çıxıb gediblər. Ümumiyyətlə, taksi sürücülərinin yazılmamış qayda-qanunları var. Əgər kimsə hansısa ərazidə dayanıb müştəri çağırırsa, gərək sən avtomobilini onun maşınının yanında saxlamayasan. Çünki bununla həmin sürücüyə mane olursan. Paytaxtda nə qədər yer var, həmin ərazilərdə gedib pul qazanmaq olar. Hətta bəzən qadın taksi sürücülərinin mənimlə yarışmaq istədikləri də vaxtlar olub. Mən də şərt qoymuşam ki, uduzan avtomobilinin açarlarını qoyub gedəcək. Otuz üç illik təcrübəmin olduğunu biləndə çıxıb gediblər”. 

"Övladlarımdan birini bu avtomobillə pul qazanıb gəlin köçürdüm"

Z.Quliyeva vurğulayıb ki, hər il xeyriyyə aksiyası da keçirir: “İldə bir gün səhərdən axşama qədər Kürdəxanı İstintaq Təcridxanasına pulsuz sərnişin daşıyıram. Bəzən qocalar, cavan qadınlar yaxınlaşaraq pullarının olmadığını deyiblər və onları Kürdəxanıdan “Koroğlu” metro stansiyasının qarşısına pulsuz aparmalarını xahiş ediblər. Mən də razılaşıb aparmışam. Ancaq yolda müştəri əl edib saxlayarsa, onu da götürəcəyimi şərt kimi qoymuşam. Kürdəxanı İstintaq Təcridxanasından azadlığa buraxılan neçə məhkumu evinə aparmışam. Onun yaxınları, ailə üzvləri sevindiklərindən mənə 2-3 dəfə artıq gediş haqqı veriblər. Yeri gəlmişkən, bu maşınla sürücülük edib təkcə öz ailəmi deyil, doğmalarımın da ailələrini dolandırmışam, hətta ehtiyacı olanlara borc pul vermişəm. Bəzən müştərilərimə tapmaca deyirəm. Əgər açmasını tapsalar, onları pulsuz aparıram. Əvvəllər qazancım yaxşı olub. Bəzən gündəlik 40 manat qazanmışam. Əgər yaxşi qazanmasaydım, qohumlarıma maddi kömək edə bilməzdim. Amma indi müştərilərin sayı azalıb. Bu, mənim dördüncü avtomobilimdir. Övladlarımdan birini bu avtomobillə pul qazanıb gəlin köçürdüm. Digər övladım hələ subaydır. Mənə hətta avtobus sürücüsü işləməyi də təklif ediblər, amma imtina etmişəm”.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh