Avtosfer.az | Reklam
Sərnişinlər “BakuBus” avtobuslarına belə ziyan vurur - FOTOLAR
Avtosfer Foto 16 Fevral 2018 16:57 Oxunub 3386
Sərnişinlər “BakuBus” avtobuslarına belə ziyan vurur - FOTOLAR
Kamera görüntülərindən istifadə edilərək ziyan vuran sərnişinlər müəyyən olunacaq

“Sərnişindaşıma xidmətinin ən yüksək səviyyədə təşkil olunmasını, inkişafını arzulayır və tələb edirik. Əlbəttə bu hər bir sərnişinin haqqı olmaqla yanaşı daşıyıcı şirkətin də qarşısında duran əsas vəzifədir. Ancaq təəssüf ki, bu xidmət sahəsinin yüksək səviyyədə təşkilinə maneə yaradan arzuolunmaz vərdişlərə, “zərərvericilərə” qarşı mübarizədə bəzən sərnişinlərimiz kifayət qədər fəallıq göstərmir, vətəndaş mövqeyi ortaya qoymaq istəmirlər”. Avtosfer.az xəbər verir ki, bu fikirlər “BakuBus” MMC-nin mətbuat xidmətinin yaydığı məlumatda əks olunub. Bildirilir ki, nümayiş olunan fotoşəkillərdəki qayda pozuntuları və avtobusa vurulan ziyan əslində ictimai maraqlara vurulan ziyandır və təəssüf ki, bu hadisələr bəzən onlarla sərnişinin gözü önündə baş versə də həmin şəxslərə layiqli münasibət bildirilmir, qanunsuz əməllərinə ətrafdakı sərnişinlər göz yumur: “Nəzərə almaq lazımdır ki, İctimai marağa xidmət edən avtobusların təhlükəsizliyi və rahatlığı təkcə onların təzəliyi, texniki sazlığı və ya xarici görünüşü ilə ölçülmür. Eyni zamanda, xidmətin daha kefiyyətli təşkil olunması üçün avtobusların təmizliyi, xüsusən də salonun, oturacaqların, əl tutacaqlarının təmiz, saz vəziyyətdə saxlanılması vacib şərtlərdən hesab olunur. 

Təbii ki, bütün hallarla bağlı araşdırmalar aparılıb və kamera görüntülərindən istifadə edilərək bu cür hərəkətlərə yol verən sərnişinlərin müəyyən olunması və hadisəyə hüquqi qiymətin verilməsi üçün tədbirlər həyata keçirilir. Ancaq bu kimi halların qarşısının əvvəlcədən alınmasında və “köhnə vərdişlərini” tərgidə bilməyən “zərərvericilərə” qarşı digər sərnişinlərin ortaya qoyduğu münasibət və İctimai qınaq xüsusi əhəmiyyət daşıyır. 

Bir daha sərnişinlərimizi ictimai maraqlara xidmət edən nəqliyyat vasitəsinə -avtobusa maddi ziyan vuran, zədələyən və onun normal fəaliyyəti üçün maneə yaradan şəxslərə qarşı ictimai fəal vətəndaş mövqeyi ortaya qoymağa çağırırıq. Unutmaq olmaz ki, salonunda onlarla sərnişinin olduğu hər bir ictimai nəqliyyat vasitəsinin içərisində ictimai mühit var. Burada baş verən hadisə hər bir sərnişini maraqlandırmalı və ən azı öz rahatlığı, təhlükəsizliyi üçün lazım olan münasibəti ortaya qoymalı və ya aidiyyatı qurumlara məlumat verməlidir”.

 

Elmin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh